“Alman-Azərbaycan Ginekologiya Günü” adlı tədbir keçirilib - FOTO
14.01.2022 16:38

Milli Onkologiya Mərkəzi (MOM) və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Alman-Azərbaycan Ginekologiya Günü” adlı tədbir keçirilib.

 

Aztibb.az xəbər verir ki, hibrid formatda keçirilən və “Zoom” platforması üzərindən onlayn şəkildə yayımlanan tədbiri giriş sözü ilə açan MOM-nin Onkoginekologiya şöbəsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Şəmistan Alıyev mərkəzin Baş direktoru, akademik Cəmil Əliyevin nitqini iştirakçıların diqqətinə çatdırıb.

 

C.Əliyevin nitqində “Alman-Azərbaycan Ginekologiya Günü"nün qadın xəstəliklərinin profilaktikası və müalicəsi, ümumilikdə qadın sağlamlığının qorunmasına həsr olunduğu bildirilib. Qeyd olunub ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstəliklərin müalicəsi, eləcə də qadınların sağlamlığı prioritet məsələlərdən biri kimi daim dövlətin nəzarətindədir. Akademik C.Əliyev toplantı iştirakçılarını təbrik edib, tədbiri açıq elan edib.

 

Daha sonra Almaniyanın Gothe Universiteti Frankfurt Xəstəxanasının və MOM-nin mütəxəssisləri ginekoloji xəstəliklər zamanı müasir müalicə üsullarını əhatə edən müxtəlif mövzular ətrafında çıxışlar ediblər.

 

Frankfurt Xəstəxanasının professoru Sven Becker “Ginekoloji cərrahiyyə və fertillik. Əhəmiyyətli olan nədir?” adlı məruzəsini təqdim edib. O, ginekologiya, xüsusilə də onkoginekologiya sahəsindəki ən yeni innovasiyalar, endometrioz, poliplər, uşaqlıqdaxili faktorlar, proqressiv müalicə metodları və digər aktual məsələlər barədə məlumat verib.

 

Daha sonra professor Sven Becker “Endometriozun müasir müalicəsi. Cərrahiyyə və konservativ müalicənin inteqrasiyası” mövzusu üzrə çıxış edərək, bu istiqamətdə aparılan son tədqiqatlardan danışıb. Məruzəçi hazırda endometriozun müalicəsi zamanı tətbiq olunan müasir yanaşmalardan bəhs edib. O, bu sahədə 20 illik fəaliyyətinin nəticələrinə əsaslanaraq endometriozun müalicəsi üçün 10 əsas faktoru diqqətə çatdırıb, endometrioz problemlərinə dair nümunələri təqdim edib.

 

Almaniyanın Gothe Universiteti Frankfurt Xəstəxanasının Onkoginekologiya şöbəsinin müdiri Xəyal Qasımlı “Endometrium xərçənginin molekulyar profili. KRAS və PI3K siqnal yolu mutasiyalı endometrium xərçəngində Polo-like Kinase 1 (PLK1)-ın proqnostik və terapevtik əhəmiyyəti” mövzusunda məruzəsini təqdim edib. O, onkologiya sahəsi üzrə geniş yayılmış, cəmiyyətin aktual xəstəliklərinin gedişatı, profilaktikası və müalicəsi barədə ətraflı məlumat verib.

 

“3D laparoskopiyanın ve ICG texnologiyanın endometrial xərçəngin müalicəsində rolu” mövzusu üzrə çıxış edən MOM-nin Onkoginekologiya şöbəsinin rəhbəri, t.ü.f.d. Şəmistan Əliyev dünyada qadınlar arasında piylənmənin artmasına bağlı endometrium xərçənginin də getdikcə artdığını deyib. Məruzəçi müasir dövrdə bu xərçəng növünün müalicəsinə dair strategiyalar, aparılan əhəmiyyətli tədqiqatlar haqqında məlumat verib.

 

Tədbirdə, həmçinin “Konservativ müalicə yoxsa dərhal konizasiya? HSIL və ACIS-ın yaş qruplarına görə və hamiləlikdə terapevtik strategiyası”, eləcə də “HSIL olan orta yaşlı xəstələrdə müalicə taktikası: müşahidə yoxsa konizasiya. CONILA tədqiqatının başlanğıcı” mövzularında məruzələr dinlənilib.

 

Məruzələrə bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Toplantıda çıxış edənlər bu kimi tədbirlərin mütəmadi olaraq keçirilməsinin zəruriliyini qeyd ediblər.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Quba rayonunun Hacı-Hüseyinli kənd sakinləri tibbi müayinədən keçiblər
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər