İcbari tibbi sığortanın Xidmətlər Zərfi üzrə elektron axtarış sistemi istifadəyə verilib
29.12.2021 14:32

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində Xidmətlər Zərfi üzrə elektron axtarış sistemi istifadəyə verilib.

 

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, yeni elektron xidmət icbari tibbi sığortanın Xidmətlər Zərfindəki tibbi xidmətlərin axtarış prosesinin sürətləndirilməsi və asanlaşdırılması məqsədilə yaradılıb.

 

Tələb olunan tibbi xidmətin Xidmətlər Zərfində mövcudluğunu yoxlamaq üçün agentliyin rəsmi internet səhifəsinə (its.gov.az) daxil olmaq lazımdır. Daha sonra əsas səhifədən Xidmətlər Zərfi bölməsinə keçid edib, tələb olunan tibbi xidməti 8 kateqoriya (“İlkin tibbi sanitariya yardımı”, “Təcili və təxirəsalınmaz tibbi yardım”, “Ambulator tibbi xidmət”, “Fizioterapiya xidməti”, “Laboratoriya xidməti”, “İnvaziv radioloji xidmətlər”, “Cərrahi tibbi xidmətlər” və “Stasionar terapevtik tibbi xidmətlər”) üzrə axtarmaq mümkündür. Bunun üçün xidmətin aid olduğu kateqoriya seçilərək axtarış yerində tibbi xidmətə uyğun açar söz daxil edilməlidir.

 

Söz axtarış xanasına daxil edildikdə həmin sözün olduğu bütün tibbi xidmətlərin siyahısı aşağıda avtomatik olaraq görsənir. Burada tibbi xidmətlərin adı ilə yanaşı xidmət müqabilində agentlik tərəfindən tibb müəssisəsinə ödənilən məbləğ haqqında məlumat da vətəndaşa təqdim olunur.

 

Axtarılan tibbi xidmətin hansı kateqoriyaya aid olduğuna əmin olmadıqda isə ümumi axtarış xanasında açar sözü daxil etmək kifayətdir. Axtarışın dəqiq yerinə yetirilməsi üçün sorğunu söz birləşmələri üzrə deyil, açar söz üzrə səhvsiz vermək başlıca şərtdir. Bildirilir ki, açar sözdə hərf sayı 2-dən az olduqda axtarışın aparılması mümkün olmur.

 

Nəzərə alınmalıdır ki, təminata alınan tibbi xidmətlər müəyyən xəstəliklərin müalicəsi ilə əlaqəli olsa belə onların adında axtarılan sözə rast gəlinməyə bilər. Məsələn, ürək-damar sistemi xəstəlikərinin müalicəsi üzrə çox sayda tibbi xidmətlər mövcuddur, lakin onların adlarında “ürək” sözü yoxdur: tək koronar arteriyanın (aorto) koronar şuntlama əməliyyatı, mədəcikarası çəpərin qüsuru, fallo tetradası və s. Digər misal kimi isə böyrək xəstəlikləri ilə bağlı cərrahi əməliyyatları göstərmək olar. Xidmətlər Zərfində “perkutan nefrolitotomiya”, “ekstrakorporal şokdalğalı litotripsiya” adlanan tibbi xidmətlər böyrək daşlarının çıxarılması və ya parçalanmasını özündə ehtiva edir. Bu səbəbdən sistemdə tibbi xidmətin axtarışı xəstəliyin, diaqnozun, müayinənin və s. adındakı sözlər üzrə aparılmalıdır. Tibbi xidmət tapılmadıqda isə vətəndaşlar diaqnozun dəqiq adını öyrənmək üçün yaşayış yeri üzrə tibb müəssisəsinə və ya müalicə həkimlərinə müraciət edə bilərlər.

 

Axtarış sistemindən istifadəyə dair ətraflı məlumat video təlimatda təqdim olunur.

 

Qeyd edək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Müqaviləli tibb müəssisələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür.

 

Eyni zamanda, dövlət proqramları çərçivəsində müalicə və müayinəsi qarşılanan xəstəliklərlə bağlı tibbi xidmətlər, kosmetik prosedurlar və plastik cərrahiyyə üzrə tibbi xidmətlər, habelə orqan transplantasiyası, süni mayalanma və stomatoloji xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır