Mərkəzi Gömrük Hospitalının mütəxəssisi hamiləlik dövründə D vitamini çatışmazlığının fəsadları barədə danışıb
14.12.2021 11:39

Mərkəzi Gömrük Hospitalının Mama-Ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq, t.ü.f.d., Dr. Təranə Bayramova “Həkim məsləhəti” rubrikasında “Hamiləlikdə D vitamininin rolu” mövzusunda ətraflı məlumat verib.

 

Hazırda dünya əhalisinin 40-80%-ində D vitamini çatışmazlığı qeyd olunur. Orqanizmdə D vitamini sintezi insanların yaşadığı coğrafi zonadan, sosial şəraitdən və geyim tərzindən asılı olaraq dəyişir. D vitamini xolesteroldan sintez olunan və yağda həll olan steroid tərkibli bioloji aktiv maddədir. D vitamininin ən vacib qaynağı onun dəridə sintezi və nazik bağırsaqlardan absorbsiyasıdır.

 

İnsan orqanizmində D vitamini ehtiyacının 90%-i günəş şüalarının təsiri ilə sintez olunmaqla, 10%-i isə qida maddələri ilə təmin olunur. D vitamininin orqanizmdə əsas rolu kalsium, fosfor metabolizmi və sümük mineralizasiyası ilə əlaqəlidir. Bunlardan əlavə hüceyrə proliferasiyası və immun sistemin təşkilində D vitamininin funksionallığı görülməkdədir. D vitamini pankreatik β hüceyrələrə təsir etməklə insulin sekresiyasının tənzimində və insulinə rezistentliyin azalmasında da əhəmiyyətli rol oynayır. Son dövrlərdə aparılan araşdırmalar D vitamini çatışmazlığının və reseptor polimorfizminin raxit, I tip şəkərli diabet, ürək-damar xəstəlikləri, psoriaz, şizofreniya, Kron xəstəliyi, revmatoid artrit, çoxsaylı skleroz və vərəm xəstəliklərinin yaranması üçün risk faktoru olduğunu göstərmişdir.

 

Hamiləlik müddətində D vitamininə ehtiyac daha da artır. Bu səbəblə hamilələr D vitamini çatışmazlığı baxımından risk qrupuna aiddir. Hamiləlik zamanı ana qanında 25-hidroksi D vitamini miqdarının aşağı olması həm ana, həm də döldə bir sıra neqativ hallara gətirib çıxara bilər. Aparılan tədqiqatlar hamilələrdə D vitamini çatışmazlığının preeklampsiya, hestasional diabet, xolestaz, periodontal xəstəliklər, bakterial vaginoz, dölün bətndaxili inkişaf ləngiməsi, vaxtından əvvəl doğuş, cərrahi yolla doğuş riskini artırdığını göstərir. D vitamininin surfaktant sintezində iştirak etdiyi, dölün ağciyərlərinin inkişafında da rol oynadığı sübut edilmişdir. Bununla əlaqəli olaraq vaxtından əvvəl doğulmuş uşaqlarda D vitamini çatışmazlığı ilə respirator distres sindromu arasında əlaqənin olduğunu göstərən araşdırmalar mövcuddur. Qeyd etmək lazımdır ki, D vitamini səviyyəsi aşağı olan analardan doğulan uşaqlar raxit xəstəliyinə daha meylli olur və bu uşaqlarda I tip şəkərli diabet, bronxial astma və allergik rinit kimi immun sistemin disfunksiyası nəticəsində yaranan xəstəliklərə daha çox rast gəlinir.

 

Hamiləlik zamanı D vitamini çatışmazlığı davam edərsə, erkən yaşda sümük əriməsi – osteoporoz yarana bilər. D vitamini yetməzliyinə bağlı hamilələrdə çanaq və bel sümüklərində ağrılar meydana çıxa bilər. D vitamini çatışmazlığı zamanı orqanizmdə kalsium səviyyəsi pozularaq sümüklərdə kalsiumun qana keçməsi baş verir və sümüklərdə yumşalmalar yaranır. Sınıqlar baş verir, əzələ gücü azalmış olur. Nəticədə yerimə, enmə-qalxma hərəkətləri çətinləşir. Yıxılma riski artır, yorğunluq, bədənin bütün hissələrində ağrılar, depressiya, yuxu pozulmaları, yaddaşsızlıq baş verə bilir.

 

Yüksək risk qrupuna daxil olan qadınlara hamiləlik və südvermə zamanı D vitamini təyin olunmalıdır. Həm anada, həm də yenidoğulmuşda D vitamini çatışmazlığının profilaktikası məqsədilə hamiləlik müddətində 12 həftədən sonra günlük 400-1600 İU D vitamini təyin edilə bilər. Qeyd etmək lazımdır ki, düzgün qəbul edilmiş günəş vannası dərman istifadəsindən daha yararlıdır. Gündüz vaxtı 30 dəqiqə günəşlənmə ilə 10000-25000 İU vitamin D sintez olunur. Hamilənin yaşayış və geyim tərzindən, dəri rəngindən, bədən çəkisindən asılı olaraq həftədə ən azı 3 dəfə günəş işığı ilə birbaşa təmas və D vitamini ilə zəngin qidaların (balıq, yumurta, göbələk və süd məhsulları) qəbulu məsləhət görülür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır