Hamilə qadınlar peyvənd oluna bilərmi?
08.12.2021 22:15

COVID-19 pandemiyasının dünyanı ağuşuna aldığı bir zamanda bəzi mütəxəssislər hamiləlik dövründə qadınların koronavirusa qarşı peyvənd olunmasının əleyhinə, bəziləri isə lehinə fikirlər irəli sürürlər. Bu isə qadınlarda peyvənd olunmaları ilə bağlı tərəddüdlərin yaranmasına səbəb olur.

 

Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Tibb Universitetinin II Mamalıq və ginekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Ellada Sarıyevanın fikirlərini öyrəndik.

 

Onun sözlərinə görə, ümumiyyətlə, hamiləlik vaksinasiya aparılmasına əks-göstəriş deyil: “Hesab olunur ki, əgər infeksiya ana və ya döl üçün risk yaradarsa, o zaman peyvəndin zərərvermə ehtimalı az olur. Hətta hamiləlik dövründə rutin vaksinasiyaların aparılmasına icazə verilir. Məsələn, ABŞ-da mövsümü müddətlərdə, oktyabr ayının axırından may ayınadək hamilələrə influenza (qrip) əleyhinə vaksin vurulur. Xüsusilə də pandemiyalar dövründə ana həyatı üçün təhlükə döldən üstün olduqda, bu məsələ aktuallaşır. Baxmayaraq ki, hamiləlik dövründə ciftin immun qoruyuculuq xüsusiyyətləri mövcuddur, yəni, sitokinlər, hormonlar ifraz edir, antibakterial, virus əleyhinə immunitetə köməklik edir. Lakin bəzən bu, infeksiyalardan, xüsusilə də virus infeksiyalarından qorunmaq üçün kifayət deyil. Araşdırmalar zamanı müəyyən olunub ki, viruslar ciftdən süzülüb keçə bilirlər. Xüsusilə də hamiləliyin 28-32 həftələrində dölün bətndaxili infeksiyalaşmasına, hətta ölümünə səbəb ola bilər”.

 

E.Sarıyeva elmi araşdırmalarda koronavirusun Delta variantının ana və döl orqanizminə toksiki təsiri haqqında məlumatlara rast gəlindiyini də qeyd edib. Hamilə qadınların peyvənd olunması məsələsinə gəlincə isə, bunun Ümumdünya Səhiyyə Təşkilatının və Amerika Mama-Ginekoloqlar Kollecinin tövsiyələrində əksini tapdığını bildirib: “Tövsiyələrdə qeyd olunub ki, pandemiya dövründə hamilə qadınlar koronavirus əleyhinə peyvənd oluna bilər. Vaksinasiyanın hamiləliyin istənilən dövrlərində, xüsusilə də son 3 aylığında (doğuşdan əvvəlki dövrdə) aparılması məsləhət görülür”.

 

O, peyvənd olunma ilə bağlı özünün bəzi tövsiyələrini də əlavə edib. Bildirib ki, peyvənddən öncə hamilə qadınlar müayinə edilməli, onlarda aktiv infeksion proseslər istisna olunmalıdır: “Baxmayaraq ki, koronavirus vaksinasiyası ilə bağlı tədqiqat işləri aparılır, lakin onların sayı kifayət qədər deyil. Hamiləlik müddətində dölün zədələnməsi riskini qəti şəkildə istisna etmək mümkün olmadığından, əgər hamilə qadın xəstəlik və ya ölümlə əlaqəli təbii infeksiyaya məruz qalmayıbsa, riski olmadığı halda, hamiləlik dövründə (xüsusilə hamiləliyin erkən müddətlərində) canlı vaksinlərdən istifadə olunması məsləhət görülmür. Hamilə qadında ciddi autoimmun patologiyalar, xüsusilə residiv mərhələsində olarsa, mütəxəssislərlə konsultasiya etmək lazımdır”.

 

Dosent, eyni zamanda hamilə qadınlarda koronavirusun diaqnostikası və virusa yoluxmuş hamilə qadınların müalicə prinsipləri ilə bağlı məsələyə də toxunub. Bildirib ki, burun-udlaqdan götürülən yaxmalarda Polimeraz Zəncirvari Reaksiyası (PZR) ilə koronavirus testinin pozitiv olması və qadında heç bir klinik əlamətin olmaması onun hospitalizasiyasına göstəriş deyil: “Hamilə qadın ya virusgəzdirici, ya da xəstəliyin erkən mərhələsində ola bilər. Əsas məsələ həmin hamilənin təcrid edilməsi və infeksionist tərəfindən təqib olunmasıdır. Əgər xəstəliyin əlamətləri inkişaf edərsə, yüngül formada ambulator, ağır halda xəstəxanadaxili müalicə aparılmalıdır. Bəzən hamiləlik dövründə ciftdən ifraz olunan iltihab əleyhinə bioloji maddələr, o cümlədə hormonlar xəstəliyin ağır şəkildə inkişafının qarşısını ala bilər. Lakin bu vəziyyət orqanizmin immun statusundan, virusun virulentliyindən, genotipindən, yanaşı fon xəstəliklərdən, hamiləliyin gedişindən və s. asılı olaraq dəyişə bilər. Klinik təcrübədə koronavirus infeksiyası səbəbindən baş verən ana xəstələnmələri, ana ölümləri, perinatal ağırlaşmalar hamiləlikdən öncə infeksiya keçirməmiş, yaxud peyvənd olunmamış pasiyentlərdə vaksinasiyanın aparılmasının vacibliyini ortaya qoymuş olur. Xüsusilə vitamin çatışmazlığı, immundefisiti olan hamilələr risk qrupunu təşkil edirlər. Əgər hamilə qadında koronavirus ağır şəkildə təzahür edərsə, hospitalizə olunmalı, müvafiq müalicə başlanmalıdır. Əlbəttə ki, hamiləliyin kiçik müddətlərində virus əleyhinə preparatlar dölə teratogen effekt verə bilər. Bu zaman inkişafdan qalmış hamiləliklərin özbaşına abort olma ehtimalı yüksəkdir. Ciddi inkişaf qüsurunun olması da hamiləliyin süni pozulmasına göstəriş yarada bilər. Qeyd olunan vəziyyətlər yarandığı təqdirdə, ana həyatının xilası ön plana keçir”.

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
Salyanda göz müayinəsi aksiyası təşkil olunub
ATU-nun əməkdaşları Beynəlxalq Sitopatoloji Konqresdə iştirak ediblər
YAP Xətai rayon təşkilatının Diaqnoz Tibb Mərkəzində yeni ərazi partiya təşkilatı yaradılıb
Psixoloq: Autizm sahəsində peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilməsi mütləqdir - MÜSAHİBƏ
Fizioterapevt və reablitoloqların ilk konfransı təşkil olunub