Bu ilin 6 ayı ərzində 188 nəfər endoprotezləşdirmə əməliyyatı olunub
29.10.2021 10:53

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) daxil olan hesabatlara əsasən, 2021-ci ilin yanvar-iyun ayları ərzində ölkə üzrə 188 nəfər icbari tibbi sığorta çərçivəsində endoprotezləşdirmə əməliyyatı olunub.

 

Bu barədə Aztibb.az-a Dövlət Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, cərrahi tibbi xidmət olan endoprotezləşdirmə əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlar üçün ödənişsiz icra olunur. Xidmətlər Zərfinə əsasən təqvim ili ərzində icbari tibbi sığorta çərçivəsində təminat verilən endoprotezləşdirmə əməliyyatlarının sayı isə 300 müəyyən edilib. Bu il üzrə bu əməliyyat üçün müraciət etmiş 300 vətəndaşın sorğusuna müraciət tarixinə uyğun olaraq Agentlik tərəfindən artıq müsbət rəy verilib. Qeyd edək ki, təqvim ili üzrə limit həddi tamamlandıqdan sonra daxil olan müraciətlərə növbəti il baxılacaq.

 

Sığorta olunanlara bu tibbi xidmətin göstərilməsinə dair şərtlər Nazirlər Kabinetinin müvafiq Qərarında əks olunub. Endoprotezləşdirmə əməliyyatı bud-çanaq oynağının hissəvi və bütöv dəyişdirilməsi, eyni zamanda diz oynağının bütöv dəyişdirilməsini əhatə edir.

 

Dövlət tibb müəssisələrində icrası mümkün olmayan, xüsusi tibbi təchizat və təminat tələb edən bu əməliyyat Agentliyin müqavilə bağladığı müvafiq tibb müəssisələrində icra olunur. Əməliyyat tibbi göstərişlərə əsasən həyat və sağlamlığı üçün təhlükəlilik dərəcəsi ən yüksək olan pasiyentin həyat və sağlamlığı üçün təhlükəlilik səviyyəsi ən aşağı olan pasiyentlə növbələşmə prinsipinə əsasən göstərilə bilər.

 

Məlumat üçün bildirək ki, endoprotez dedikdə orqanizmin daxilinə yerləşdirilən protez - funksiyasını itirmiş və ya xəstə orqanın əvəzedicisi nəzərdə tutulur. Endoprotezləşdirmə əməliyyatı zamanı sıradan çıxmış oynaq süni oynaqla əvəz olunur. Qeyd edək ki, 18 yaşdan aşağı şəxslər üçün endoprotezləşdirmə əməliyyatı sümüklərin qığırdaq hissəsi - böyümə zonaları hələ tam bağlanmadığına görə gələcəkdə onların fiziki inkişafına mənfi təsir etməmək üçün icra olunmur. Həmçinin bədəninin hər hansı bir nahiyəsində aktiv infeksiyası olan şəxslərə də bu əməliyyat tövsiyə olunmur.

 

Xidmətlər Zərfi çərçivəsində sözügedən tibbi xidmətlə yanaşı, vətəndaş əməliyyat öncəsi müayinə və həkim konsultasiyası, anesteziya, reanimasiya və stasionarda yatış, yatış müddətində təyin edilmiş laborator və instrumental müayinələr, habelə endoprotez kimi tibbi ləvazimat üçün heç bir ödəniş etmir. Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, həmçinin həkim təqibi də tibbi xidmətin tarifinə daxildir.

 

Bununla yanaşı, ehtiyac yarandığı təqdirdə bəzi xəstələrə əməliyyatdan əvvəl və sonra müəyyən vətərlərdə və əzələlərdə yaranan zəiflik və gərginliyin aradan qaldırılması ilə bağlı fizioterapiya xidməti göstərilir. Bu zaman əzələ gücləndirici, stimulyasiya edici və oynaq hərəkət açıqlığını təmin edən fiziki müalicə prosedurları aparılır. Vətəndaş bu xidməti icbari tibbi sığorta çərçivəsində əldə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrinə müraciət edə bilər. Xidmətlər Zərfinə əsasən hər bir fizioterapevtik xidmət üzrə 10 prosedur nəzərdə tutulub və bu xəstənin narahatlığını aradan qaldırmaq üçün yetərli hesab edilir.

 

Əlavə edək ki, oynaqların funksiyasının pozulmasının səbəblərinə revmatizmal xəstəliklər, oynağın anadangəlmə patologiyaları, oynaq daxili sınıqlar və ya zədələnmələr, metabolik pozuntular və artıq çəki problemini nümunə gətirmək olar.

 

Əməliyyatdan sonra pasiyent 4-6 həftə yerimək üçün köməkçi vasitədən istifadə edərək, 3 aydan sonra normal həyat tərzinə qayıdır. Bu müddət ərzində süni oynaq yerinə oturur, xəstənin ağrıları keçir və o, fiziki aktivliyini bərpa etmiş olur. Beləliklə, əməliyyat sayəsində insan nəinki iş qabiliyyətini bərpa edir, həm də əlil olmaqdan xilas olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır