Tədris Cərrahiyyə Klinikasında unikal əməliyyat həyata keçirilib - FOTO
21.10.2021 10:52
ATU-nun Tədris Cərrahiyyə Klinikasının Mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışova 15 yaşlı yeniyetməni kəskin ağrılardan xilas edib.
 
Aztibb.az xəbər verir ki, pasiyent yetkinlik yaşına çatmasına baxmayaraq, bir ildir ki, menstrual qanaxma və hər ay güclü ağrılardan əziyyət çəkirdi. Müalicələrə baxmayaraq 15 yaşlı qızın ağrıları azalmamışdı. Həkimlər bu problemin daxili orqanlardan qaynaqlandığını və cərrahi yolla aradan qaldırıla biləcəyini demişdilər.
 
Turab həkim əməliyyat barədə bunları deyib: “Aparılan ətraflı müayinələrdən sonra xəstəyə çox nadir hallarda, milyon adamda bir rast gəlinən “Müllerian anomaliyaları”ndan olan aplastik uşaqlıq diaqnozu qoyulub. Uşaqlıq və boruların qüsurları “Müllerian anomaliyaları” qrupunda toplanaraq, bütün dünyada qadınların təxminən 0.2 faizində rast gəlinir. Qüsurların ağırlıq dərəcəsinə görə əməliyyata ehtiyac olan və olmayan növləri var.
 
Əməliyyata ehtiyac olmayan qüsurlar reproduktiv fəaliyyətə mane olmur, əməliyyata ehtiyacı olanların 90 faizində isə korreksiyadan sonra reproduktiv fəaliyyət bərpa olur. Lakin xəstəmizə qoyulan diaqnoza Müllerian qüsurları içərisində dünyada tək-tük rast gəlinir. Belə ki, uşaqlıq yolu və yumurtalıqlar tam inkişaf edib. Uşaqlıq isə sağdan və soldan gələn Müllerian kanalların birləşməsi ilə vahid üçbucaqlı tək boşluqlu bir orqanı əmələ gətirib və aşağıdan inkişaf edən uşaqlıq yoluna birləşmək əvəzinə, soldan gələn Müllerian kanal çanağın sol yan divarında uşaqlıq yoluna çatmadan bir endometrial boşluq yaradaraq tək sol boru ilə inkişafını yarımçıq tamamlayır. Sağ Müllerian kanal isə tək borusu ilə endometrial boşluq yaratmadan çanağın sağ yan divarında sağ boru ilə inkişafını yarımcıq tamamlayır. Nəticədə, sol yarımcıq inkişaf etmiş uşaqlıqda hormonların inkişafı ilə bərabər menstrual qan əmələ gəlir. Lakin uşaqlıq yoluna çıxış olmadığı üçün qan bayıra deyil, tək uşaqlıq borusu vasitəsi ilə qarın boşluğuna axırmış. Kəskin ağrılar da bu səbəbdən yaranırmış”.
 
T.Canbaxışov aparılan əməliyyat planı haqqında da məlumat verib: “Xəstəyə qoyulan diaqnoz tərəfimizdən ailəyə ətraflı izah edildi və mütləq əməliyyat olumasını məsləhət gördük. Və yarımçıq əmələ gələn uşaqlıqların çıxarılmasına deyil, onların düzgün korreksiya edilərək uşaqlıq yolu ilə birləşdirilməsinə qərar verildi. Həm də gənc qızın qarnının ön divarını kəsməklə yox, endoskopik üsula müdaxilə etmək uyğun görüldü.
 
Planlaşdırmaya əsasən, uşaqlıq yolunun histereskopiyası, həmçinin inkişaf etməmiş fibroz toxumaların, selikli qişası olmayan yarım-uşaqlığın və inkişaf etməmiş uşaqlıq boruları qalıqlarının çıxarılması nəzərdə tutuldu. O cümlədən inkişaf etməmiş, lakin selikli qişası olan yarım-uşaqlıq boşluğunun və tam inkişaf etmiş, lakin ucu kor olan uşaqlıq yolunun açılması, eyni zamanda yarım-uşaqlıqla uşaqlıq yolunun birləşdirilməsi məsləhət bilindi.
 
Əməliyyat endoskopik üsulla 2,5 saata yaxın davam etdi və sonda uğurla nəticələndi. Üç gün xəstəxanada qaldıqdan sonra pasiyentimiz heç bir ağrısı və şikayəti olmadan evə yazıldı”.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır