Kompüter və telefondan istifadə zamanı gözləri tez-tez qırpmaq göz quruluğunun qarşısını alır Oftalmoloq / MÜSAHİBƏ
14.10.2021 12:23

Göz ən mühüm funksiyanı yerinə yetirən orqanlardan biridir. İnsanları sağlamlıqla bağlı narahat edən problemlər sırasında göz xəstəlikləri xüsusi yer tutur. Bəzi göz problemləri hər hansı şikayət vermədən də inkişaf edə bilir. Bəs gözlərimizin sağlamlığını qorumaq üçün nə etməliyik? Mərkəzi Gömrük Hospitalının oftalmoloq həkimi, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyeva 14 oktyabr – Dünya Görmə Günündə görmə problemləri və göz sağlamlığını qorumaqla bağlı fikir və tövsiyələrini Aztibb.az-a açıqlayıb.

 

Aynurə həkim, gözlərin zəifləməsi və xroniki korluğun əsas səbəbləri nədir?

 

Gözlərin zəifləməsi pasiyentin yaşından, həyat tərzindən, yanaşı xəstəliklərinin olub-olmamasından asılı olaraq dəyişir. Uşaqlarda vaxtında aşkarlanmamış refraksiya qüsurları, vaxtında təyin olunmamış, yaxud düzgün istifadə edilməmiş eynək, çəplik, anadangəlmə patologiyalar, uzun müddətli məhdudiyyətsiz istifadə olunan rəqəmsal cihazlar görmə zəifləməsinə səbəb ola bilər. Yaşlılarda görmə zəifləməsi katarakta, qlaukoma, yaşa bağlı makuladistrofiya, şəkərli diabet, hipertoniya və s. kimi yanaşı xəstəliklərin ağırlaşmasından baş verə bilər. Xroniki korluğun səbəbi görmə siniri atrofiyası və göz dibində yerləşən görmə mərkəzi sayılan Makulanın müxtəlif səbəblərdən zədələnməsi ilə bağlıdır.

 

Şəkərli diabet xəstəliyi korluğun yaranmasında nə kimi rol oynayır?

 

Şəkərli diabet fonunda toxumalarda baş verən işemiya (qidalanma, oksigenlə təmin olunmanın pozulması) gözə də təsirsiz ötüşmür. Adətən şəkərli diabet aşkarlandığı müddətdən 10-12 il sonra  göz dibində ağırlaşma baş verir. Göz dibindəki qanaxmalar, degenerativ dəyişikliklər vaxtında aşkarlanıb müalicə olunmazsa korluqla nəticələ bilər. Bundan başqa, katarakta, gözdaxili təzyiqin yüksəlməsi-qlaukoma ilə də ağırlaşma hallarına rast gəlinə bilər. Belə patologiyalar görməni pisləşdirir.

 

Pandemiya, özünütəcrid rejimi uşaqların göz sağlamlığına necə təsir etdi? Distant təhsil zamanı uşaqlarda quru göz sindromunun yaranmasının qarşısını almaq üçün hansı profilaktik tədbirlər görülə bilər?

 

Pandemiya müddətində asudə vaxt, distant təhsil, evdən iş zamanı rəqəmsal cihazlardan geniş istifadə insanlar arasında göz gərginliyinin artmasına səbəb oldu. Bu isə öz növbəsində, insanlarda "kompüter monitor sindromu"nu yaratdı. Bu zaman gözdə quruluq, yorğunluq, diskomfort, ağrı, qızartı, qapaqlarda ağırlıq, yuxusuzluq hissi, refraksiya qüsurları olanlarda, xüsusilə uşaqlarda baş ağrısı, ürəkbulanma, qusma baş verə bilər. Aparılan elmi araşdırmalar isə miyop uşaqlarda eynək nömrələrinin artması hallarını aşkarladı. Bu isə görmənin daha da zəifləməsi anlamına gəlir. Sadalanan halların qarşısını almaq üçün ağıllı cihazlardan fasilələrlə istifadə etmək tələb olunur. Kompüter arxasında iş zamanı hər 40 dəqiqədən bir 5 dəqiqə fasilə vermək, gözləri yummaq yaxud uzağa baxmaq, istək olarsa göz gimnastikası etmək məsləhət görülür. Rəqəmsal cihazlardan istifadə zamanı gözləri tez-tez qırpmaq isə göz quruluğunun qarşısını alır. Artıq qazanılmış quruluq varsa süni göz yaşı damlaları istifadə etmək olar.

 

 

Kompüter qarşısında çox vaxt keçirən şəxslər göz problemlərindən uzaq durmaq üçün hansı vacib qaydalara riayət etməlidir?

 

Sutka ərzində monitorlu texnikadan 4 saat istifadə məsləhət görülür. İş zamanı fasilələr mütləqdir. Qızıl 20-lik adlandırılan qaydaya riayət etmək vacibdir. Belə ki, işə başlanılan andan hər 20 dəqiqədən bir 20 saniyə ərzində 20 mil uzağa baxmaq lazımdır. Qeyd olunanlara əməl olunarsa, kompüterin gözlərə mənfi təsirini azaltmaq mümkündür.

 

Gözün torlu qişasının damarlarını möhkəmlədən qida vasitələrindən istifadə etməklə normal görmə qabiliyyətini qoruyub saxlamaq mümkündürmü?

 

Profilaktika məqsədilə qida rasionuna qırmızı, narıncı, sarı rəngli meyvə-tərəvəz, giləmeyvələr, həftədə 2 dəfə olmaqla balıq, enli və tünd yarpağı olan yeyilən ot-göyərtiləri əlavə etməklə görməni qorumaq olar.

 

İnsanlara şikayətləri olmasa belə, nə qədər müddətdən bir göz müayinəsindən keçməyi tövsiyə edərdiniz?

 

Həyatın ilk 6 ayında, 3 yaşında, məktəbdən öncəki dövrdə, 18 yaşında müayinə mütləqdir. 40 yaşından sonra ildə 1 dəfə, göz patologiyası olanlar hər 6 aydan bir, hamilələr isə ilk və sonuncu trimestrdə mütləq oftalmoloji müayinədən keçməlidirlər.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Pediatr Sevil Orucovanın məqaləsi:
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
Elmi-Tədqiqat Pediatriya İnstitutunda akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib
Gözlərə nur bəxş edən fədakar həkim
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib