Müasir şərtlər koronavirus pandemiyasının öhdəsindən daha tez gəlməyə imkan yaradır
31.08.2020 09:00

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hələ də geniş miqyasdadır. Xüsusilə Amerika qitəsində, ABŞ, Braziliya və Cənubi Amerikanın digər ölkələrində yüksək həddə yoluxma müşahidə olunur. Hindistanda rekord səviyyədə yoluxma halları qeydə alınıb. Cənubi Afrikadan isə yaxşı xəbərlər var. Burada yoluxma çox olsa da, yeni yoluxanların sayı azalıb. Sakit okeanın qərbində, Avstraliyada, Yeni Zelandiyada da analoji vəziyyətdir. Hər iki ölkədə yeni yoluxma halları azalıb. Avropada isə təəssüf ki, yeni yoluxanların sayının artdığını görürük. Xüsusilə İspaniya və Fransada vəziyyət belədir.

 

Virusun episentri hesab oluna biləcək bölgələr hər yerdədir. Lakin əsas mərkəz ABŞ, Cənubi Amerika və Hindistandır.

 

Aztibb.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının mətbuat katibi Marqaret Harris deyib.

 

Onun sözlərinə görə, yanvarın 30-da təşkilat beynəlxalq ictimaiyyətin sağlamlıqla bağlı narahatlığını nəzərə alaraq fövqəladə vəziyyət elan edib: "Bu, bizim hamımız üçün lazımi bir tədbir idi. Təşkilatın tərkibində fövqəladə hallar üzrə komitə var. Burada müstəqil ekspertlər fəaliyyət göstərirlər. Onlar nümunələr əsasında vəziyyəti təhlil edir və təşkilatın Baş direktoru Tedros Qebreyesusa fövqəladə vəziyyət elan edib-etməmək barədə məsləhət verirlər. İndi də vəziyyəti yenidən dəyərləndirmək üçün görüşlər keçirilir. İyulda da görüş baş tutub. Ümumi rəyə əsasən, fövqəladə vəziyyət davam etməlidir. Nə vaxt ki, bütün ölkələrdə yoluxma və ölüm halları azalacaq, ölkələr arasında yoluxma olmayacaq, o halda fövqəladə vəziyyəti ləğv edəcəyik. Hazırda isə həmin şərtlərdən çox uzağıq".

 

Qurumun mətbuat katibi uşaqların maska taxması məsələsinə toxunaraq deyib: "Ümumdünya Səhiyyə Təşkilatı UNICEF və Beynəlxalq Pediatrik Assosiasiya ilə bir araya gələrək uşaqların maskadan istifadəsi ilə bağlı statistikaya nəzər yetirib. Ümumiyyətlə, biz 5 yaşından aşağı uşaqların maska taxmasına ehtiyac görmürük. Lakin müəyyən şəraitdə onların da maska taxması vacib ola bilər. Beş yaşından yuxarı uşaqlarda isə maskadan necə, harada, nə zaman istifadə olunması və bunun səbəbləri ilə bağlı tövsiyə və təlumatlarımız var".

 

O, plazma müalicəsindən də danışaraq deyib ki, plazmadan istifadə kifayət qədər köhnə konsepsiyadır. İndiyədək bir çox infeksion xəstəliklərin müalicəsində istifadə olunub. Burada əsas fikir odur ki, əgər kimsə virusa yoluxub və sağalıbsa, bu zaman onun orqanizmində müəyyən antitellər formalaşıbsa, həmin antitellər digər şəxslərin də səhhətini qorumağa kömək edə bilər. Müxtəlif viruslara qarşı təcrübədən keçirilən həmin üsul heç də həmişə işə yaramır. Bundan başqa, plazma müalicəsini tətbiq edərkən ehtiyatlı olmaq lazımdır. Bəzi insanların plazmasında digərlərinin orqanizminə mənfi təsir edə biləcək maddələr ola bilər. Ona görə bu müalicə üsulu yüksəkkeyfiyyətli şəraitdə icra olunmalıdır. Elmi baxımından bu cür hallar araşdırılmalıdır. Plazma terapiyasının işə yarayıb-yaramadığını öyrənmək üçün onu təcrübədən keçirmək lazımdır. Keçmişdə bu üsuldan istifadə olunub, indi də tətbiq oluna bilər.

 

"Dünyanın müxtəlif ölkələrindən olan ekspertlərdən təşkil olunmuş çoxlu sayda işçi qrupumuz var. Onlar hər bir nümunə üzərində araşdırma aparırlar. Araşdırma sahələrindən biri COVID-19-un genetik strukturudur. Alimlər bu işdə çox yaxşıdırlar. Mutasiya ilə bağlı vacib məqam budur ki, bəzi viruslar çox tez-tez dəyişir. Bəziləri isə sabit olur. Bu virus da çox sabitdir, çox dəyişikliyə uğramır. Dəyişikliyə uğradıqda isə onun özünü necə apardığına baxmaq lazımdır. Ona görə də, biz təkcə mutasiyanın olub-olmadığına deyil, eyni zamanda, onun yoluxduğu digər insanlarda hansı xarakterə malik olduğunu öyrənirik. Adətən viruslar mutasiyaya uğradıqda daha az təhlükəli olurlar. Çünki onlar mutasiyaya uğramaqla əslində bizimlə birlikdə yaşamağı, sağ qalmağı öyrənməyə çalışırlar. Əgər çox sayda insanları öldürsələr, bu, onlar üçün uğursuzluq olar. Müəyyən funksiya göstərmələri üçün bizim hüceyrəmizdə qalmalıdırlar.

 

Pandemiyanlşın nə vaxt bitəcəyinə dair tez-tez suallar verilir. Təşkilatın baş direktoru da bununla bağlı açıqlama verib. O, qeyd edib ki, 1918-1920-ci illərdə müşahidə olunan İspan qripi pandemiyasının ən pis dövrü iki il olub. İndi isə biz artıq nə etmək lazım olduğunu bilirik. İctimai səhiyyəni təmin etmək üçün əlimizdə alətlər var. Bir tərəfdə növbəti elmi nailiyyətləri, məsələn peyvəndin tapılmasını gözləməkdə ikən, digər tərəfdə əllərimizi yusaq, sosial məsafəni qorusaq, lazım olan yerlərdə maska taxsaq, otağımızın havasını dəyişsək, bütün bu lazımı tədbirləri görsək, yoluxmanı azaldarıq. Onun sözlərinə görə, müasir şərtlər bizə pandemiyanın öhdəsindən daha tez gəlməyə imkan verəcək. Ümumiyyətlə isə, heç kim bu pandemiyaya konkret vaxt qoya bilməz.

 

Vacib məsələ odur ki, yeni yoluxma hallarının harada və necə baş verdiyi öyrənilsin. Məlumdur ki, insanlar birlikdə çox vaxt keçirirlər. Belə hallara yol vermək olmaz. Xüsusilə qapalı məkanlarda insanların bir yerdə toplaşması doğru deyil. Çünki belə olan halda virus asanlıqla insandan-insana yoluxur. Əgər cəmiyyət arasında yoluxma artırsa, həyəcan təbili çalmaq, əhalini lazımi tədbirlər görməyə, ayıq-sayıq olmağa, tövsiyə olunan əməlləri yerinə yetirməyə çağırmaq lazımdır: əllərimizi yuyaq, sosial məsafəni saxlayaq, maska taxaq, otağımızın havasını dəyişək, pəncərələri açıq saxlayaq, bir yerə yığışmamaq şərtilə mümkün qədər çöldə vaxt keçirək. İnsanların bir yerə toplaşması virus üçün ən yaxşı yoluxma şəraiti deməkdir", - deyə Marqaret Harris bildirib.

ÇOX OXUNANLAR
Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
 Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb   
Həyat yoldaşına böyrəyini bağışladı
“Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Şəki şəhər Ailə Sağlamlıq Mərkəzində 70-ə yaxın uşaq peyvənd olunub
Ürək qüsurlarının diaqnostikası və müalicə yolları   
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
 Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - Fərman