ATU-nun professoru: "İkinci Qarabağ müharibəsində birincidən qat-qat üstün, keyfiyyətli tibb sistemi qurulmuşdu"
10.10.2021 16:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. 

 

Görüşdə Azərbaycan Tibb Universitetinin (ATU) Ümumi Cərrahiyyə kafedrasının professoru Mübariz Əliyev çıxış edib.

 

Aztibb.az professor Mübariz Əliyevin çıxışını təqdim edir:

 

"Möhtərəm Prezident, Sizə, ilk növbədə, bizim doğulduğumuz diyara gəldiyinizə və daim buranı nəzarətdə saxladığınıza görə bütün kollektiv, bütün Xocavənd əhalisi adından öz dərin minnətdarlığımızı bildiririk. Bu torpaq bizim üçün əzizdir. Bir görün, necə gözəllik var.

 

Mənim xalam qızı, professor Tamilla xanım dedi ki, Cavad bəy Məlik-Yeqanovun qardaşının nəvəsidir. Siz bizim babalarımızın intiqamını aldınız. Tuğ bu Dizaq mahalının mədəni mərkəzi, paytaxtı olub. Hətta 1939-cu ilə qədər Dizaq rayonunun paytaxtı Tuğ və Hadrut olub.

 

Siz düz qeyd etdiniz, burada erməni yaşamayıb. Heç vaxt burada erməni olmayıb. Burada çar pristavı olub, o da Tuğda oturub. Burada sərhəd zastavası olub və sərhəd zastavasında rus imperiyası zamanı Arazın o tayından erməniləri gətirib yığıblar zastavanın ətrafına. Burada Azərbaycan kəndi olan Tuğun əleyhinə belə bir əyalət yaradıblar ki, ona rəqib olsun. Nəhayət Dizaq mahalının paytaxtı olan Tuğu 1939-cu ildə yıxıblar və Hadrut rayonunu - süni yaradılmış erməni məkanını paytaxt ediblər. Amma bu gün bu, erməni məkanı deyil, heç erməni məkanı da olmayıb. Bu, Azərbaycan-türk torpağıdır.

 

Mən orada anadan olmuşam, sonra Sumqayıtda, uzun illər Moskvada yaşamışam. Mən Moskvadan 1989-cu ildə elmlər namizədi kimi göndərişlə gələndə Tuğ kəndinə qeydiyyata düşmüşəm. Tuğ mənim üçün həmişə əziz olub. On bir türk-alban məbədi və ya kilsəmi deyək, amma türk məbədi olub. Bunların hamısını mən tanıyıram. O məbədləri bunlar tarixən erməniləşdiriblər. Mənim yadımdadır, atam tarix müəllimi idi və Tuğ kəndində dərs deyirdi. Anam da ədəbiyyat müəlliməsi idi, hətta bir müddət tədris-hissə müdiri də işləyib. Deyirdilər ki, ermənilər gecə ikən gəlirdilər, orada alban-türk xristian xaçlarını dəyişdirib erməni xaçları ilə əvəz edirdilər. Hətta iyrənc işlər görürdülər: basdırılan müqəddəs insanların qəbirlərini qazıb, onların alban xaçlarını çıxarıb, yerinə erməni xaçları qoyurdular. Biz onların gördüyü iyrənc işlərin hamısının şahidiyik.

 

Siz Tuğ adı çəkəndə biz özümüzdən asılı olmadan əl çaldıq. Tuğ doğrudan da bizim üçün çox əziz bir yerdir. Mən də bu döyüşlərdə iştirak etdim, həm Birinci Qarabağ müharibəsinin, həm də İkinci Qarabağ müharibəsinin iştirakçısıyam. Mənim oğlum Tovuz hadisələri başlayan kimi, könüllü olaraq əsgərliyə getdi. Mən sentyabrın 27-də Ağdama, Sarıcalı hərbi hospitalına getdim. Bilirdim ki, ora ən gərgin yerdir, Hadrutdan, Tərtərdən, Ağdərədən yaralılar ora gətirilirdi. İş çox gözəl təşkil olunmuşdu. Birinci Qarabağ müharibəsində olandan qat-qat üstün, keyfiyyətli bir tibb sistemi qurulmuşdu. Yaralılar Avropa standartları səviyyəsində əməliyyat olunurdu. Orada çoxlu professorlar var idi. Biz gecə-gündüz işləyirdik. O hospitalın ətrafına nə qədər “Qrad” və “Smerç” düşürdü, hər tərəf yanırdı, amma Allah-təala o hospitalı, yaralıları qoruyurdu. Biz bir dəfə də zirzəmiyə düşüb əməliyyat etmədik. Biz bütün bunlara baxmayaraq əməliyyatlarımızı icra edirdik və çox uğurlu əməliyyatlar aparırdıq. Mən görürdüm, yaralılar necə entuziazm, fədakarlıq göstərirdilər, Sizi necə sevirdilər. Hər dəfə Sizin çıxışlarınızı gözləyirdilər ki, möhtərəm Prezident nə deyəcək. Siz deyəndə ki, Hadrut işğaldan azad olunub, hamı məni qucaqlayıb öpdü. Bu xoşbəxtliyi bizə bəxş etdiyinizə görə biz qarabağlılar Sizə “Qarabağ bəylərbəyi” adı verdik. Siz Qarabağ bəylərbəyisiniz. Elman müəllim düz dedi, fatehsiniz, sərkərdəsiniz, amma Siz həm də Qarabağ bəylərbəyisiniz.

 

Mən də kənarda qalmıram, İqtisadiyyat Nazirliyi ilə, böyük bir komanda ilə işləyirik. Doğrudan da İqtisadiyyat Nazirliyi Sizin rəhbərliyinizlə böyük bir proqram işləyib hazırlayıb. Biz də istəyirik ki, Tuğ kəndində bir sanatoriya tikək. Çünki mən xaricdə çox oluram. Xarici ölkələrdə, Amerikanın ştatlarında, Avropanın bütün ölkələrində, konqreslərdə mənim yaxşı dostlarım var, onlar da bu işlə maraqlanırlar. Hər dəfə xarici ölkədən zəng edib məni almanlar, ingilislər, fransızlar, italyanlar da təbrik edirlər. Mən çox sevinirəm. Bu xoşbəxtliyi Siz bizə bəxş etdiniz. Ulu Öndərimizin siyasətini uğurla sona çatdırdınız.

 

Bizim ailəmiz üç nəfərdən ibarətdir - mən, yoldaşım və oğlum. Bizim ailə hər zaman Sizə iki əsgər verməyə hazırdır".

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
YAP Xətai rayon təşkilatının Diaqnoz Tibb Mərkəzində yeni ərazi partiya təşkilatı yaradılıb
ATU-nun əməkdaşları Beynəlxalq Sitopatoloji Konqresdə iştirak ediblər
Salyanda göz müayinəsi aksiyası təşkil olunub
Psixoloq: Autizm sahəsində peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilməsi mütləqdir - MÜSAHİBƏ
Quba RMX-da ağacəkmə aksiyası: 200-ə yaxın müxtəlif növ dekorativ ağaclar əkilib