Akademik Rəfiqə Əliyevanın anadan olmasından 89 il ötür
20.09.2021 10:48

Ömrünü kimya elminin inkişafına və kimyaçıların yeni nəslinin yetişməsinə həsr etmiş akademik Rəfiqə Əliyevanın anadan olmasından 89 il ötür.

 

Tanınmış kimyaçı alimi, Əməkdar elm xadimi, akademik 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1951–1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsində alıb. Əmək fəaliyyətinə 1956–1960-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) kiçik elmi işçi vəzifəsində başlayıb. 1960-cı ildə ADU-nun Analitik kimya kafedrasında "Analitik kimya" ixtisası üzrə aspiranturaya qəbul olub. 1964-cü ildən ömrünün sonuna qədər universitetin Analitik kimya kafedrasında işləyib və assistent, baş müəllim, dosent, professor vəzifəsinə qədər yüksəlib.

 

O, 1970-ci ildə “Germaniumun bəzi üzvi reagentlərlə əmələ gətirdiyi birləşmələrin spektrofotometrik tədqiqi və onun fotometrik metodla təyini” mövzusunda namizədlik, 1999-cu ildə isə “d-, f- elementləri və germaniumun tərkibində N-, S-, O- olan liqandlarla müxtəlifliqandlı kompleksləri və onların analitik tətbiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1999-cu ildə "Analitik kimya" ixtisası üzrə professor elmi adını alıb və Analitik kimya kafedrasının professoru vəzifəsində çalışıb. 2001-ci ildən ömrünün sonunadək BDU-da onun təşəbbüsü ilə yaradılmış “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasının müdiri vəzifəsində işləyib. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. Rəfiqə Əliyeva Azərbaycanda analitik kimya ixtisası üzrə ilk qadın akademikdir.

 

O, bütün ömrünü, bilik və bacarığını kimya elminin inkişafına və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasına həsr etmiş görkəmli alimdir. Yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan alimin yetirmələri Azərbaycanda, həmçinin dünyanın bir çox ölkələrində fəaliyyət göstərərək əldə etdikləri bilikləri bəşəriyyətin tərəqqisinə sərf ediblər. Rəfiqə Əliyevanın araşdırmaları kimyanın vacib istiqamətlərindən olan analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyən edilməsinə həsr olunub. Rəfiqə xanımın ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlı olan bir sıra tədqiqatları, eyni zamanda, üzvi reaktivlərin köməyi ilə metalların təyini və onların ayrılması metodikasının işlənib hazırlanmasına yönəlmişdi. Bu tədqiqatları inkişaf etdirmək üçün universitetdə böyük əzmkarlıqla və gərgin zəhmət hesabına yeni və müasir bir elm mərkəzi - Ekoloji kimya və ətraf mühitin mühafizəsi Elmi-tədqiqat laboratoriyasını yaradıb.

 

450-dən çox elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olan akademik Rəfiqə Əliyeva bir sıra nüfuzlu elmi qurumların və cəmiyyətlərin üzvü idi. Onun rəhbərliyi altında 20-dən çox fəlsəfə doktoru və elmlər doktoru yetişib.

 

Alimin rəhbərliyi ilə Moskva Dövlət Universitetinin Analitik kimya kafedrasının əməkdaşları tərəfindən nəşr olunmuş “Analitik kimyanın əsasları” (iki cilddə) və “Analitik kimyadan məsələ və suallar” kitabları Azərbaycan dilinə tərcümə edilib. Bu kitablar Azərbaycanın ali təhsil müəssisələrinin müəllim, elmi işçi və doktorantların inkişafında mühüm rol oynayıb.

 

Akademik Rəfiqə Əliyeva böyük bir nəslin ən parlaq nümayəndələrindən biri idi. Həmin nəsil Azərbaycan tarixində dövlətçiliyimizin təməlini qoymuş, onu dünyanın müasir dövlətləri sırasına çıxarmışdır. Bu nəslin qurub-yaratmaq, xeyirxahlıq etmək kimi ən gözəl keyfiyyətlərini özündə birləşdirən, daxilən təvazökar, zəngin mənəvi keyfiyyətlərə malik olan Rəfiqə Əliyeva tələbələrin böyük himayədarı idi.

 

Görkəmli alimin elmi-pedaqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən də layiqincə qiymətləndirilib. Azərbaycan Prezidentinin sərəncamı ilə o, 2000-ci ildə “Əməkdar elm xadimi” fəxri adı, 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilib. O, akademik Y.Məmmədəliyev adına mükafatın laureatıdır. 2000-ci ildə akademik Rəfiqə Əliyeva Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, 2001-ci ildə Amerika Biblioqrafiya İnstitutu tərəfindən “2001-ci ilin adamı” və “2001-ci ilin işgüzar qadını” seçilib, 2003-2004-cü tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunub. 2005-ci ildə Bakı Dövlət Universitetinin təsis etdiyi “İlin alimi” fəxri adına, “Ekologiya” və “Ümumi ekologiya” adlı dərs vəsaitləri isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi Həsən Əliyev adına mükafata layiq görülüb, “Sevil” qadınlar cəmiyyətinin fəxri sədri olub.

 

Həyatının mənasını elmə, vətənə xidmət etməkdə görən, kimyaçıların yeni nəslinin yetişməsində əvəzsiz rolu olan Rəfiqə Əliyevanın əziz xatirəsi həmkarlarının və tələbələrinin qəlbində həmişə yaşayacaqdır.