Tibb işçilərini bu terrordan xilas edin - İlham Əliyev və xanımına açıq məktub
14.07.2020 16:20

İnvaziv kardioloq, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Kardiologiya Cəmiyyətinin İnvaziv işçi qrupunun rəhbəri Ülvi Mirzoyev həmkarları adından Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, xanım Mehriban Əliyeva açıq məktubla müraciət edib.

 

Aztibb.az müraciəti təqdim edir:

"Hörmətli Cənab Prezident, Hörmətli Mehriban Xanım,

Sizə müraciət etməmin səbəbi son zamanlar ölkəmizin səhiyyə işçiləri, əsasən də həkimlərimizin, müxtəlif növ mənəvi terrora məruz qalmasıdır. Şəxsən mən özüm də, bir çox başqa həmkarım kimi, bu cür terrorun qurbanı olmuşam.

Həkimlik peşəsi müqəddəsdir, bu peşə təsadüfi seçilmir, tibb təhsilini tamamlayıb, o ağ xalatı geyinən kimi bam başqa bir mənəviyyata bürünürsən, bütün həyatının mənası insanlığa, insanlara, onların sağlamlığına xidmət etmək olur. O andan sonrakı həyatında hər şeydən öncə xəstələrimizin maraqlarını prioritet halında tutmaq həyat fəlsəfəmizə çevrilir. Bir peşəkar həkim asan yetişmir. Həm dövlətimiz, həm də mütəxəssisin özü bu iş üçün illərini verir.

Mən ölkəmizin ən sürətlə inkişaf edən sahələrindən biri olan səhiyyə sistemimizin yüz minlərcə əsgərindən biriyəm. Mən, mənim kimi minlərcə həmkarım, Sizlərin başçılığı ilə Vətənimizin insanının sağlamlığının qorunması və artırılması üçün daim xidmət etməyə davam edəcəyik. Pandemiya dövründə hamı görür ki, necə bəzən həyatları bahasına səhiyyə işçiləri öz xidmətlərini aparırlar.

Heç bir ölkədə Azərbaycanda olduğu qədər ölkə rəhbərliyinin bu qədər hər bir səhiyyə işçisinin qayğısına qalındığının şahidi olmamışam. Hər zaman olduğu kimi, COVID-19 pandemiyası dövründə də Prezidentimiz və Birinci Vitse-Prezidentimiz tərəfindən həm əhalimizin, həm də tibb işçilərimizin həyatı və sağlamlığı üçün nə cür diqqət və qayğı göstərildiyi göz qabağındadır. Hansı başqa ölkədə bir həkimin müalicəsi bir dövlət rəhbəri tərəfindən şəxsən nəzarət edilir? Mən belə bir şey eşitməmişəm. Hər bir insanın, hər bir tibb işçisinin həyatına nə qədər yüksək qiymət verdiyinizi hamımız görürük və bu səbəblə Sizə dərin minnətdarlığımızı bildiririk.

 

Bir mövzuda da Sizdən kömək istəyirəm. Hər nə qədər hər bir xəstəmizin həyatı və sağlamlığı üçün sonuna qədər savaşsaq da, hər zaman hədəflədiyimiz nəticə alına bilməyə bilər. Bütün dünyada olduğu kimi, bəzən xəstəlirimiz sağalmaz və yaxud da pilsəşər, hətta vəfat edə bilər. Bu həyatın bir parçasıdır, xəstəliklərin gedişatı, ağırlıq dərəcəsi, pasientlərin əlavə demoqrafik və kliniki xüsusiyyətlərindən asılıdır. Hər bir həkim xəstəsini itirə də bilər. Bu çox vaxt bizim nəzarətimizin xaricindədir. Burada mütləq hər zaman həkim gunahkar deyildir. Amma bəzən heç bir araşdırma aparmadan, vəziyyəti tam anlamadan, cəmiyyətimizin bəzi üzvləri həkimləri məhkəməsiz mühakimə edirlər, illərcə qazanılmış şərəf və ləyaqətlərinə, işguzar imiclərinə xələl gətirilər. Bəzən xəstə yaxınları araşdırıb-soruşdurmadan bunu edirlər, bunu yenə də anlamaq mümkündür, insanın bir itkisi olanda bir günahkar axtarmağa meyilldir, amma də bu durumdan sensasiya marağında olan bəzi ikinci sinif kütləvi informasiya vasitələri istifadə edib, heç bir araşdırma, müstəqil jurnalist təhqiqatı aparmadan, rəsmi məlumatlara istinad etmədən, heç bir ictimai etika ilə uyqun olmayan böhtan xarakteri daşıyan məlumatlar dərc edirlər. Səhiyyə işçilərimiz mənəvi terror, bəzən də reketin qurbanı halına çevirilirlər. Bu cür hallara müdaxilə edilməsə, mənəvi terror, bəzi qonşu ölkələrdə olduğu kimi, fiziki terrorla da müşahidə olunacaq. "Defensive Medicine" adlandırılan bir vəziyyətin yaranma təhlükəsi olacaq, həkimlər ağır xəstələri qəbul etməkdən çəkinəcək, özlərini qorumaq üçün ağır əməliyyatlar və müalicələr aparmaqdan imtina edəcək, həkim olmaq istəyən gənclərimizin sayı azalacaq, bunu edənlər isə nisbətən yüngül, riski az olan sahələri seçməyə üstünlük verəcəklər, xaricdə yaşayan minlərcə yüksək ixtisalı həkim həmvətandaşlarımız ölkəmizə qayıtmaqdan yayınacaq və bütün bunlar səhiyyəmizin və insanlarımızın sağlamlığına mənfi təsir edəcək.

Sizdən xahişim, tibb işçilərinə qarşı mənəvi şiddətin azaldılması üçün lazım olan tədbirləri şəxsi nəzarətiniz altına götürün. Milli məclisə həkim haqlarını qoruyan əlavə qanun layihələri ilə müraciət edin, bu qədər dəyər verdiyiniz, qayğı göstərdiyiniz səhiyyəmizin və səhiyyə çalışanlarımızın haqqlarının hansısa insanlar tərəfindən taptalanmasının qarşısını alın. Bizim səhiyyəmizin Sizlərin rəhbərliyi ilə görəcək hələ çox işi var. Tibbi xidmət keyfiyyətinin, xəstə təhlükəsizliyinin, xəstə mərkəzliliyinin, sübüt əsaslı effektiv tibbi yardımın təşkili, əhalinin sağlamlıq dərəcəsinin artırılması üçün hələ çox çalışıb, vuruşmalıyıq. Hər zaman qayğılarınızı əsirgəmədiyiniz və rəhbərlik etdiyiniz tibb işçilərini bu terrordan xilas edin.

Bu terrora məruz qalmış yüzlərcə həmkarım adından Dr. Ülvi Mirzoyev, TÜFD, kardioloq

Bakı şəhəri. 10 İyul 2020 ci il".

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub