Səhiyyə Nazirliyinin baş cərrahı: "Böyük həcmli rekonstruktiv bərpa əməliyyatlarının özəl xəstəxanalarda icrası məqsədəuyğun deyil"
02.09.2021 12:24

Ölkəmizin cərrahiyyə sahəsindəki vəziyyəti necə dəyərləndirilir? Cərrahiyyə sahəsində hazırda əsas problemi nədədir? Mürəkkəb rekonstruktiv cərrahi əməliyyatlar necə təşkil olunmalıdır?

 

Bu və digər sualları Azərbaycan Tibb Universitetinin (ATU) Ümumi cərrahiyyə kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, Səhiyyə Nazirliyinin baş cərrahı, professor Elçin Ağayev cavablandırıb.

 

- Ölkəmizin cərrahiyyə sahəsindəki vəziyyəti necə dəyərləndirilir?

 

- Ümumi cərrahiyyə sahəsindəki əsas uğurlarımıza endoskopik, xüsusən də laparoskopik və torakoskopik əməliyyatların icrasını qeyd edə bilərik. Orqan nəqli, xüsusən qaraciyər və böyrəklərin transplantasiya sahəsində böyük nailiyyətlərə imza atmışıq. Bir daha qeyd etmək istəyirəm ki, cərrahlığın müxtəlif sahəsində əldə etdiyimiz uğurların əsas səbəblərindən biri də son 30 ildə qardaş Türkiyədə təhsil alan və uzmanlıq dərəcəsinə yiyələnən kadrlarımızdır, onların bu işlərdə böyük payı var.

 

- Cərrahiyyə sahəsində hazırda əsas problemi nədə görürsünüz?

 

- Qeyd olunan sahələrdə əldə olunan uğurlar xaricə xəstə axınının ciddi şəkildə azalmasına səbəb olub. Təəssüf hissi ilə demək istərdim ki, böyük uğurlarımızın olmasına baxmayaraq, səhiyyəmizin bəzi sahələrində, xüsusən də özəl sektorda bir sıra qüsurlar mövcuddur. Belə ki, bəzi özəl cərrahi klinikaların fəaliyyətində olan nöqsanların əsas səbəbləri kimi aşağıdakıları göstərmək istərdim. Bəzən bu klinikaların həkimlərində mövcud olan “müstəqillik” xəstələrin səhhətində yaranan ağırlaşmalara, həmçinin ağırlaşmalarla bağlı verilən sərbəst qərarlar zamanı ölkəmizin aparıcı mütəxəssislərinin zəngin təcrübəsindən yararlanmamaq çox ciddi fəsadların meydana gəlməsinə səbəb olur. Biz dəfələrlə şahidi olmuşuq ki, özəl xəstəxanalarda mürəkkəb rekonstrukiv əməliyyatlar böyük təcrübəyə malik olmayan qeyri-peşəkar cərrahlar tərəfindən icra olunur. Hətta bu əməliyyatlardan sonra başlayan ağırlaşmalara görə icra olunan təkrari əməliyyatlara təcrübəli mütəxəssislər dəvət olunmur və həkimlərin özləri tərəfindən həyata keçirilir. Bu, çox ciddi qüsur və nöqsandır, çünki dəfələrlə tövsiyə olunub ki, təkrari əməliyyatlara mütləq təcrübəli mütəxəssislər dəvət edilməlidir və birinci əməliyyatı icra edən həkim tərəfindən aparılmamalıdır. Burada həm psixoloji amillər həkimin fəaliyyətinə mənfi təsir göstərə bilər, həm də təkrar əməliyyat mürəkkəb olduğuna görə burada zəngin kliniki təcrübəyə və elmi biliklərə malik olan həkimlərin iştirakı olduqca vacibdir. Bunu da özəl klinikalarda fəaliyyət göstərən bizim gənc həkimlərimiz mütləq bilməli və əməl etməlidir.

 

- Mürəkkəb rekonstruktiv cərrahi əməliyyatlar necə təşkil olunmalıdır?

 

- Əslində mürəkkəb rekonstruktiv cərrahi əməliyyatlardan əvvəl konsiliumlar keçirilməli, ciddi məsləhəhtləşmələr aparılmalı, əməlliyatı aparan həkimin kompetensiyası müəyyən edilməli, ehtiyac olduqda isə əməlliyata təcrübəli mütəxəssislər cəlb olunmalıdır. Əgər bir təcrübəsiz həkimin məsuliyyətsizliyi səbəbindən baş verən ağırlaşmalar təkrarlanarsa, o zaman həmin həkimin fəaliyyətinə mütləq məhdudiyyət qoyulmalıdır. Ümumiyyətlə, böyük həcmli rekonstruktiv bərpa əməliyyatlarının məhdud fəaliyyət dairəsinə malik olan özəl xəstəxanalarda icrası məqsədəuyğun deyil.

Digər bir problem, bəzi həkimlərimiz tərəfindən xəstələrin sanki özəlləşdirilməsidir. Bu tipli həkimlərimiz xəstəsini ətrafında olan həkimlərlə məsləhətləşməkdən çəkinir. Əslində belə həkimlər dərk etməlidirlər ki, məsləhətləşmələr, hətta kənardan mütəxəssislərin dəvət olunması onların özləri üçün faydalıdır. Sevindirici haldır ki, ölkəmizdə çox böyük elmi potensiala və kliniki təcrübəyə malik olan dosentlərimiz və professorlarımız vardır. Gənc, eyni zamanda kliniki təcrübəsi az olan həkimlərimiz bilsinlər ki, biz hər an onların çağırışlarına yardımçı olmağa hazırıq.

 

- Əgər bir vətəndaş keçirdiyi uğursuz cərrahi əməliyyatdan narazıdırsa nə etməlidir?

 

- Belə müraciətlərimiz var. Bu kimi vəziyyətlərdə Səhiyyə Nazirliyinə rəsmi qaydada müraciət edilməlidir. Əmin ola bilərsiniz ki, daxil olan hər müraciət həssaslıqla araşdırılaraq, lazımi tədbirlər görülür. Düşünürəm ki, qeyd olunan problemlərin aradan qaldırılması mümkündür və Səhiyyə Nazirliyinin cərrahiyyə üzrə baş mütəxəssisi kimi bu problemlərin həlli istiqamətində əlimdən gələni etməyə hazıram.