Səhiyyə Nazirliyi vaksinasiya ilə bağlı səsləndirilən qeyri-peşəkar fikirlərə MÜNASİBƏT bildirib
12.08.2021 09:12

Səhiyyə nazirinin müavini Viktor Qasımov son zamanlar sosial şəbəkələrdə vaksinasiya ilə bağlı səsləndirilən qeyri-peşəkar fikirlərə münasibət bildirib.

 

Aztibb.az xəbər verir ki, V.Qasımov yoluxucu xəstəliklərlə mübarizədə ən effektiv üsulun vaksinasiya olduğunu bildirib:

 

"Bu, bütün dünyada elmi cəhətdən təsdiq olunmuş profilaktika üsuludur və təbabətin ən böyük nailiyyətlərindən biri hesab olunur. COVID-19-la mübarizədə də vaksinasiyanın ən vacib profilaktika üsulu olduğu artıq bütün dünyada sübut olunub və bunun bəzi “ekspertlər” tərəfindən şübhə altına alınması təəccüb doğurur. Bu gün bütün dünya ölkələri vaksin tədarükü ilə məşğuldur ki, əhalinin sağlamlığını təmin edə bilsinlər. Təəssüflə qeyd etmək istərdim ki, hazırda bütün ölkələrin peyvəndlərə əlçatanlığı bərabər deyil və bəzi ölkələr hələ də kifayət qədər vaksinlə təmin olunmayıb".

 

Azərbaycanın regionda vaksinasiya tədbirlərinə ən tez başlayan ölkələrdən olduğunu vurğulayan nazir müavini ölkə başçısı cənab İlham Əliyevin beynəlxalq arenadakı şəxsi nüfuzu sayəsində müxtəlif vaksin istehsalçılarından kifayət qədər vaksin preparatları alınaraq ölkədə vaksin ehtiyatının yaradıldığını qeyd edib.

 

Onun sözlərinə görə, bu günə kimi Azərbaycanda 5,5 milyondan artıq vaksin dozası istifadə olunub. Sosial şəbəkələrdə çıxış edən “ekspertlər” vaksinlərin saxlanma şəraiti ilə bağlı məsələyə toxunur. Həqiqətən, peyvənd istehsalçılarının təlimatına əsasən, peyvəndlərin düzgün qaydada saxlanılması onların keyfiyyətinin itirilməməsi və lazımi effekti əldə etmək baxımından çox vacibdir. Qeyd etməliyik ki, ölkəmizdə irimiqyaslı peyvənd kampaniyasının aparılması məqsədilə qabaqcadan hazırlıq işləri görülüb. Digər vaksinlərin saxlanılması üçün +2-8°C temperatur şəraiti tələb olunduğu halda, “Pfizer” vaksininin saxlanılması üçün bu şərt -70°C-dir. Ölkəmizdə pandemiyadan əvvəlki dövrdə bu kimi şəraitdə saxlanılması tələb olunan vaksinlərdən istifadə edilməyib. Bu səbəbdən “Pfizer” vaksininin ölkəyə gətirilməsindən əvvəl Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi üçün 10 ədəd dərin dondurucu alınaraq quraşdırılıb. Beləliklə, bu gün ölkədə istifadə olunan bütün vaksinlərin (CoronaVac, AstraZeneca, Sputnik V və Pfizer) istehsalçının təlimatına uyğun şəkildə saxlanılması üçün tam şərait yaradılıb.

 

O, həmçinin əlavə edib ki, vaksin preparatları müvafiq şəraitdə saxlanılmasaydı, vaksinasiyadan sonra ağırlaşmalar, fəsadlar baş verməli idi. Lakin kampaniyanın ilk günündən bu günə qədər bir hadisə də olsun, kəskin reaksiya və ya ağırlaşma qeydə alınmayıb. Çox nadir hallarda inyeksiya yerində ağrı və ya vaksinasiyadan sonrakı 1-2 gün ərzində müəyyən halsızlıq kimi yüngül reaksiyalar qeyd edilir ki, bu da istənilən vaksinə qarşı baş verə biləcək təbii haldır və insan orqanizmində vaksinasiyaya qarşı yaranan immun cavabdır.

 

"Hesab edirəm ki, bu gün ölkədə uğurla davam etdirilən peyvənd kampaniyasına qarşı belə qeyri-peşəkar fikirlər səsləndirmək məqsədəuyğun deyil. Fürsətdən istifadə edərək, COVID-19 xəstəliyinə tezliklə qalib gəlmək və vətəndaşlarımızın sağlamlığını qorumaq məqsədilə əhalini peyvənd kampaniyasında daha fəal iştirak etməyə dəvət edirəm" - deyə V.Qasımov bildirib. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib