Bəşəriyyətin yeni gündəmi - Biotexnologiyalar / MÜSAHİBƏ
16.07.2021 11:43

Alimlərin fikrincə XXI əsr biotexnologiyanın “qızıl dövrü” sayılır. Bu gün fiziki texnologiya qədər biotexnologiya da həyatımızın bir hissəsinə çevrilməkdədir və getddikcə daha da güclənən bir sektor halına gəlir.

 

Aztibb.az sözügedən mövzuda biofizika sahəsində tanınmış alim, AMEA Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımovla müsahibəni təqdim edir.

 

- Oktay müəllim bildiyimiz kimi biotexnologiyaların əsas vəzifələrindən biri ətraf mühit və sağlamlığın qorunmasıdır. Müasir dövr xəstəliklərinin müayinəsində və müalicəsində biotexnologiyaların tətbiqinin əhəmiyyətindən danışardınız.

 

-Ətraf mühitin il-ildən daha da çirklənməsi, ekologiyanın korlanması, qlobal iqlimin dəyişməsi və s. hallar artıq danılmazdır və demək olar ki, bütün dövlətlər tərəfindən qəbul olunub. Lakin bu da faktdır ki, bunlarla yanaşı bütün dünyada, o cümlədən Azərbaycanda da insanların ömrü uzanır. Bu isə artıq tibb və biotexnologiyaların hesabınadır. İl-ildən yeni texnologiyalar yaranır və uzun müddət sağalmaz sayılan xəstəliklərin müalicəsi tapılır. İnsanların ömrünün uzanması hər bir dövlət qarşısında yeni problemlər  və qayğılar yaradacaq və buna indidən hazırlaşmaq lazımdır. Belə ki, insanların ömrünün uzanması yaşla əlaqəli neyrodegenerativ və xərçəng xəstəliklərinin sayını artıracaq, bu da iqtisadiyyata öz təsirini göstərəcək. Çox yaşamaqla bərabər insanların sağlam və mənalı yaşamalarını, onların fiziki və əqli cəhətdən sağlam olmalarını təmin etməklə cəmiyyətdə yaşlı nəslin mühüm rolunu saxlamaq lazımdır. Əsas məsələlərdən biri də odur ki, yaşlı nəslin nümayəndələri özünü ailə və cəmiyyətə yük yox, əksinə öz təcrübəsi ilə fayda verən kimi hiss etsinlər. Bu isə birbaşa getdikcə artmaqda olan neyrodegenerativ xəstəliklərin müalicəsi ilə bağlıdır.

 

 

 

- Ölkəmizdə qeyd etdiyiniz xəstəliklərin müalicəsi istiqamətində yeni terapiya metodları tətbiq edilirmi və alimlərimiz hansı nəticələri əldə edib.

 

- Qeyd edim ki, 2016-cı ildə yaradılan Biofizika İnstitutunun əsas istiqaməti bütün dünyada geniş yayılmış xəstəliklərdən olan onkoloji və neyrodegenerativ xəstəliklər üzrə biofiziki kompleks işlərin aparılmasıdır.

 

Onkologiya istiqamətində institutumuz artıq iki ildən çoxdur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəz (MOM) ilə birgə işləyir. Elmi tədqiqat işlərində mərkəzin baş direktoru akademik Cəmil Əliyev şəxsən iştirak edir. Apardığımız birgə işlərə çox mühüm dəstək verməklə yanaşı, hər bir işin müzakirəsində yaxından iştirak edir və gələcək istiqamətlər üzrə fikir mübadiləsi aparır.  MOM bizim regionda həm kliniki elm, həm də müasir metod və təchizat sahəsində ən qabaqcıl tibb müəssisəsidir. MOM-un gənc alimləri xərçəng xəstəliklərinin müalicəsində ən müasir metodları tətbiq etməklə yanaşı özləri də bu metodları inkişaf etdirirlər. Bu baxımdan fundamental və kliniki elmin birgə əlaqəli inkişafının çox mühüm əhəmiyyəti var. Adətən uzun müddət və daha çox vəsait tələb edən tədqiqatlar fundamental elmin, akademiyanın üzərinə düşür. Bunları birləşdirmək isə dayanıqlı inkişafa gətirə bilər. Biofizika İnstitutunun onkologiya sahəsində apardığı işlərin ən mühüm cəhəti bizim birbaşa insan toxuması və ya insanın bədən mayesi ilə işləməyimizdir. Bunun özü bizim üzərimizə mühüm məsuliyyət qoyur. Belə ki, insan toxumasından istifadə etməzdən əvvəl xəstəyə görüləcək işin məğzi izah edilir, onun razılığı alınır. Xəstə də hiss edir ki, o da bu tədqiqatın mühüm hissəsi olmaqla bərabər gələcək nəslə kömək edir. Biz isə işlədiyimiz insan toxumalarına çox qayğı ilə yanaşıb ondan maksimum informasiya almağa çalışırıq. Onu da əlavə edim ki, xərçəng xəstəlikləri üzrə institutumuz MOM ilə birlikdə qeyri-invaziv diagnostika və birbaşa yeni terapiya metodlarının yaradılması  istiqamətlərində iş aparır.

 

Diaqnostika üzrə aldığımız nəticələr elmi cəmiyyətdə geniş müzakirə olunub və yüksək qiymətləndirilib. Apardığımız işlər ağciyər xərçəngi/karsinoması üzrədir. Ağciyər xərçəngi dünyada ən geniş yayılmış xərçəng növüdür. Hal-hazırda hətta inkişaf etmiş ölkələrdə belə ağciyər xərçənginin skrininq metodu yoxdur.  Lakin biz bu istiqamətdə mühüm nəticə əldə etmişik. Aparılan eksperimental tədqiqatların nəticəsində və süni intellektin köməyi ilə insanın sağlam qan nümunələrini 80%, ağciyər karsinoması nümunələrini isə 90% dəqiqliklə təyin edə bilirik. Süni itellektdə maşın öyrədilir, ona hansı prinsiplər asasında klassifikasiya etmək tapşırığı verilir. Doğru-səhv cavablarını biz təyin edirik. Bundan başqa, institutumuz AMEA-nın İnformasiya Texnologiyaları İnstitunun köməyi ilə daha mükəmməl və çətin riyazi aparat olan “Dərin Öyrənmə” (Deep Learning) sistemindən də istifadə etməyi nəzərdə tutumuşuq. 

 

Bundan əlavə, insan ağciyər xərçəngi/karsinoması üzrə hüceyrə səviyyəsində də mühüm nəticələr əldə etmişik. İnsanın ağciyər toxumasının sağlam və karsinoma hüceyrələrini fərqləndirən prinsipial faktorların təyini və xarakterizə edilməsi sahəsində işlər, xüsusən də xərçəng hüceyrələrinin ətrafında baş verən proseslər və onların hüceyrə sisteminə təsiri tədqiq edilir. İnsanın ağciyərinin sağlam və  karsinoma hüçeyrə membranlarının axıcılıq qabliyyəti müqaisəli analiz olunaraq qiymətlədirilib. Həmçinin spin zondlardan istifadə etməklə molekulların sağlam və karsinoma hüceyrə membranlarına inkorparasiya olma (yəni daxilolma) xüsusiyyətləri qiymətləndirilib və bu prosesin aktivasiya enerjiləri təyin edilib.

 

Son vaxtlar apardığımız tədqiqatlar müxtəlif dərman preparatlarının sağlam və xərçəng hüceyrələrinə təsirini qiymətdirməyə, hər bir xəstə üçün fərdi farmokinetikanı qiymətləndirə bilən metod işlənilmişdir.

 

-Dünya əhalisinin sayının artdığı, cəmiyyətin sürətli inkişaf etdiyi bir şəraitdə yeni xəstəliklərlə yanaşı ərzaq, enerji və s. ilə bağlı problemlər də ortaya çıxır. Biotexnologiyalar insanların sağlamlıq və qida xərclərinə necə təsir edir?

 

- Bu gün tibbdə yaranan yeni texnologiyalar fərdi təbabət istiqamətində inkişaf edir. Eyni xəstəlik fərdlərdə müxtəlif molekulyar təbiətli proseslərin nəticəsində yarana bilər. Ona görə də hər hansı bir xəstəlik üçün yaradılan dərman vasitələri heç də bütün fərdlərdə eyni dərəcədə effektiv olmur və ya fərdlərin orqanizmi həmin dərmana qarşı fərqli reaksiyalar verir. Bunun üçün fərdlərdə olan xəstəliyin molekulyar mənşəyini təyin etmək və ona uyğun fərd-spesifik dərman seçmək və ya yaratmaq lazımdır. Bu işlər biofiziki və biotibbi tədqiqatları aparmadan, xəstəliklərlə bağlı olan zülallarda, xüsusilə də tənzimləyici funksiyanı yerinə yetirən zülallarda  baş verən struktur və dinamik dəyişiklikləri öyrənmədən həyata keçirilə bilməz. Bu texnologiyaların tətbiqi müalicə xərclərini kəskin artırır və kütləvi tətbiq üçün çox böyük çətinliklər yaradır. Ona görə də biz Azərbaycanda da bu texnologiyaların yaradılmasında iştirak etməliyik. Təəssüflər olsun ki, biz bu sahədə çox geridəyik.

 

 

Bunu nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti ötən il keçirilən iclaslarından birində MOM və Biofizika İnstitutunun birgə təqdimatı əsasında Biofizika İnstitutunda “hüceyrə texnologiyalarının yaradılması” haqqında qərar qəbul edib. Bu qərarının yerinə yetirilməsi Azərbaycanda tibbi texnologiyaların yaradılmasına böyük təkan verəcəkdir. Bu gün artıq Biofizika İnstitutunda MOM ilə “Molekulyar və Hüceyrə Onkologiyası” birgə laboratoriyası fəaliyyət göstərir. İnanıram ki, bizim birgə səylərimiz bu sahənin inkişafını təmin edəcək və biz ictimaiyyətə gördüyümüz işlər barəsində hesabat verə biləcəyik. 

 

70 ildən çox tarixi olan Beynəlxalaq “RAND” korporasiyası dünyanın inkişaf istiqamətlərini proqnozlaşdırır, dünyanın 20-30 il sonra hansı problemlərlə üzləşəcəyi haqqında elmi axtarışlar aparır. Onların araşdırması göstərir ki, 30 il bundan sonra da neyrodegenerativ və xərçəng xəstəlikləri global problem olaraq qalacaq. Azərbaycanda tibb sahəsinə qulluq edən biotexnologiyaların yaradılması müalicə xərclərini kəskin azalda bilər. Biofizika İnstitutunun MOM-la birlikdə fəaliyyəti bu istiqamətə xidmət edir.

 

- Təxminən yarım əsirdir ki, biotexnologiya həyatımızdadır. Biotexnologiya sahəsində söz sahibi bir ölkə olmaq üçün yol xəritəsi nədən başlayır?

 

- Biz bu sahədə çox geri qalmışıq. Azərbaycan üçün bu istiqamətdə yol xəritəsi yuxarıda qeyd etdiyim AMEA Rəyasət Heyətinin Biofizika İnstitutunda hüceyrə texnologiyalarının yaradılması qərarından başlayır. Həyata keçiriləcək bu proqram çox mühüm dönüş nöqtəsi ola bilər. Yuxarıda sadalanan texnologiyalar indiyə qədər Azərbaycanda yaradılmayıb və müasir səviyyədə istər biofiziki istərsə də tibbi tədqiqatlar üçün zəruridir. Hüceyrə texnologiyalarının yaradılması biofiziki tədqiqatları molekulyar, hüceyrə, toxuma və heyvan modelləri səviyyəsində yerinə yetirməyə imkan verəcəkdir.

 

- Biotexnologiya sahəsində uğurlu karyeranın başlanğıcı nədir? Gənc alimlərimiz üçün tövsiyyələrinizi bilmək istərdik.

 

- Hər sahədə olduğu kimi bu sahədə də uğurlu karyeranın başlanğıcı savadlı olmaqdır. Gənclərimiz gərək tələbəlik illərində elmi tədqiqat işlərinə cəlb olunsun. Biofizika İnstitutunda bizi həm AMEA həm də BDU üçün magistrlər hazırlayırıq. Talantlı, elmə can atan tələbələri Biofizika İnstitutunda işə cəlb edirik. AMEA-nın bir sıra inkişaf etmiş xarici dövlətlərlə əlaqələri var. Hazırda bizim əməkdaşımız AMEA və Fransanın Monpelye Universiteti arasında müştərək doktorantura proqramı çərçivəsində Fransada tədqiqatlar aparır. Biofizika İnstitutu İtaliyanın elmi mərkəzləri ilə də yaxşı əlaqə qurub və AMEA-CNR çərçivəsində birgə tədqiqatlar aparılır. Biz bu işə doktorant hazırlığını da cəlb etmişik. Talantlı gənclərimizə əlimizdən gələn bütün köməyi göstərməyə hazırıq. Bütün gördüyümüz işlər onlar üçündür, gənclərimizi bu işlərə cəlb etmədən gələcək inkişafdan söhbət gedə bilməz.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Pediatr Sevil Orucovanın məqaləsi:
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
Elmi-Tədqiqat Pediatriya İnstitutunda akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib
Gözlərə nur bəxş edən fədakar həkim
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib