Professor Eldar Qarayev: "Gənclərin enerji içkilərinə marağı gələcəkdə böyük fəsadlara gətirib çıxara bilər"
07.07.2021 16:25
Tibbin inkişafının nəticəsidir ki, bugünkü pandemiya 50 milyon insanın ölümü ilə nəticələnən "ispanka"dan qat-qat aşağı nəticəli oldu. Bu baxımdan sonrakı pandemiyaların da daha az patoloji təsirə malik olacağı gözlənilir. Hazırda əczaçılıqda "in siliko" adlandırılan kompüter proqramlaşdırması ilə yeni dərman vasitələrinin yaradılması, məlum dərmanların yeni müalicəvi cəhətlərinin müəyyən edilməsi istiqamətində geniş işlər gedir.
Bu barədə ATU-nun Ümumi və toksikoloji kimya kafedrasının müdiri, professor Eldar Qarayev müsahibəsində məlumat verib.
- Eldar müəllim, Azərbaycanda əczaçılığın inkişafı dünyada bu sahədə gedən proseslərlə ayaqlaşırmı?
- Son illər dünyada tibbə və əczaçılığa xüsusi diqqət göstərilir. Artıq bütün sahələrdə olduğu kimi, əczaçılıqda da bəlli istiqamətlər var. Müasir əczaçılığın Azərbaycanda inkişafı dünyada gedən proseslərlə birbaşa əlaqədardır. Əgər əvvəl həkim həm dərmanı hazırlayır, həm təyin edir, həm də xəstəyə verirdisə, indi ancaq dərmanın təyinatı ilə məşğuldur. Dərmanın hazırlanması, tapılması, təbii və sintetik, yarımsintetik törəmələrin alınması və analizi ilə sırf əczaçılar məşğul olur. Müasir əczaçılıqda İbn-Sinadan üzü bəri bütün təcrübələrdən, xalq təbabətindən istifadə olunur. Lakin bu təcrübələrin müasir səviyyədə öyrənilməsi həyata keçirilir.
Dərman vasitələrinin 40 faizini bitki mənşəli təbii birləşmələr təşkil edir. Bitki mənşəli maddələr həm toksikoloji, həm də müalicəvi xüsusiyyətə malik ola bilər. Lakin əhali arasında belə bir fikir formalaşıb ki, təbii birləşmələrin yan təsiri, toksik təsiri yoxdur. Əslində isə belə deyil. Hətta araşdıranda məlum olur ki, qədim zamanlardan tanınan ən güclü zəhərlərin çoxu təbii mənşəlidir. Sintetik mənşəli zəhərlərə isə 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərindən rast gəlinir. Bu da toksikoloji kimyanın inkişafına təkan verdi. Məsələn, alkaloidlər bitki mənşəlidir, yüksək bioloji fəallığa malikdir və sayları 20 mini ötüb. Lakin tibb təcrübəsində cəmi 80-100 alkaloid tərkibli dərman vasitəsi var. Digərləri yüksək bioloji fəallığa malik olsalar da, istifadə etmək üçün toksik testlərdən keçmirlər. Buna baxmayaraq, onların kimyəvi quruluşunda bir qədər dəyişiklik etməklə toksik hissəsini qapatmaq, müalicəvi effektini isə artırmaq olur.
- Universitetimizdə əczaçı kadrların hazırlanması necə həyata keçirilir? Nəticələr sizi qane edirmi?
- Ölkəmizdə əczaçı kadrlar üçün baza təhsilini yalnız Azərbaycan Tibb Universiteti verir. Tədris proqramlarımızın hamısını dünyanın inkişaf etmiş univerisitetlərinin proqramlarına uyğunlaşdırırıq ki, bu da istiqamətləri müəyyənləşdirməyi asanlaşdırır. Təhsilin kompyuterləşdirilməsi də kadr hazırlığına öz müsbət təsirini göstərir. Tələbələr imtahanı test üsulu ilə, insanla birbaşa təmasda olmadan verirlər. Cavablarını da dərhal öyrənirlər. Qapalı testlər var ki, tələbə onları ancaq imtahanda görür və cavabını araşdırmağa çalışır. Keçən ildən test suallarına situasiya məsələlərini də salmışıq. Bu da əczaçılıq sahəsindəki bilikləri tətbiq etmək bacarığı formalaşdırır. Tələbələrdə əzbərçilik deyil, sualları məntiqi cavablandırmaq vərdişi yaranır. Bəzi çətinliklər də var. Əsas çətinlik yüksək texnoloji avadanlıqlarla əlaqədardır. Xarici ölkələrin müəssisələri və yerli müəssisələrlə sıx əməkdaşlıq edirik. AMEA-nın Aşqarlar Kimyası İnstitutu, həmçinin Polimer Materialları İnstitutu ilə də müqavilə bağlamışıq. Müştərək işlər görür, birlikdə elmi məqalələr, doktorantlar hazırlayırıq. Bununla yanaşı, Fransa universitetləri ilə əlaqələrimiz genişlənir. Onlarda təchizat çox yüksəkdir. Bizə Nüvə Maqnit Rezonansı cihazı da daxil olmaqla, ən bahalı avadanlıqlardan istifadə imkanı yaradırlar. Təbii xammallardan alınan maddələri onlara göndəririk. Spektrlərini çəkib yenidən özümüzə qaytarırlar. Ukrayna müəssisələri ilə də müqaviləmiz var. Müştərək işlər daha çox effekt verir. Moskva Dövlət Universitetinin kimya laboratoriyası ilə əlaqələrimiz nəticəsində Azərbaycan florasından olan bitkilərin aminturşu tərkibi tədqiq olunur.
Əczaçılıq sənayesinin inkişafı əczaçı kadrların qarşısında geniş perspektivlər açır. Öz bitkilərimizdən alınan maddələrin, çevirmə məhsullarının tibbə təsir istiqaməti bizdə araşdırılarsa, xaricdə gördüyümüz işləri öz ölkəmizdə həyata keçirə bilərik. İstərdik ki, təchizatımız yaxşı olsun. Əczaçılarımızı yetişdirərkən onların yalnız aptekdə satıcı kimi işləməsini nəzərdə tutmuruq. Əczaçı kadrların qardaş Türkiyədə, ABŞ-da, Almaniyada, Fransada və digər inkişaf etmiş ölkələrdə təcrübə keçməsinə xüsusi önəm veririk. Bu məsələlərdə koordinatorumuz öz yetirməmiz, Fransanın Eks-Marsel Universitetinin müəllimi Elnur Qarayevdir. Keçən il Əczaçılıq kimyası kafedrasının doktorantı Aytəkin xanım iki dəfə Fransada təcrübə keçdi. Digər doktarantımız Adilə Vəliyeva 5 ay Macarıstanda oldu. Macar alimlərlə əməkdaşlıq nəticəsində yeni avadanlıqlar üzərində öyrəndiklərini ölkəmizdə tətbiq edəcək. Töhfə Nəsibova da bir neçə ay Türkiyədə təcrübə keçib və yenə bir neçə aylıq proqram çərçivəsində Macarıstana getməsi planlaşdırılır. İlkin Nəsirlinin bu ilin sentyabr ayından Fransaya 6 aylıq ezamiyyəti nəzərdə tutulur. Doktorantlarımızdan Nərmin Babayeva, Aytən Şükürova, Nigar Paşayeva, Aydan Qədimli, Çingiz Şükürov və başqaları da xaricdə böyük həvəslə təcrübə keçiblər. Hər birinin uğuru bizi sevindirir. Beynəlxalq konfranslarda olarkən, tələbələrimiz haqqında eşitdiyimiz xoş sözlərdən qürur duyuruq.
- Bitkilərdən yeri gəldi-gəlmədi dərman kimi istifadə olunmasına münasibətinizi bilmək maraqlıdır.
- Sosial şəbəkələrin, internet resurslarının genişlənməsi yeni "türkəçarə mütəxəssisləri"nin ortaya çıxmasına səbəb olur. Təəssüf ki, insanlar da onlara inanır, təyin etdikləri "resept"lərdən yararlanırlar. Çünki belə şəxslər özlərini yaxşı reklam etməyi bacarırlar. Bəzən bitkilərin tərkibində elə maddələrə rast gəlinir ki, türkəçarədə istifadəsi təhlükəlidir. Kiçik bir səhv acı nəticələrə gətirib çıxarar. İnsanların o maddələr haqqında bilgiləri zəifdir, düşünürlər ki, bitki tərkibli olduğu üçün əlavə heç bir ziyanı yoxdur. Onu düzgün dəmləmirlər, düzgün dozalandırmırlar. İlk istifadədə nəzərəçarpacaq zəhərlənmə baş verməsə də, fəsadları sonralar özünü göstərir. Dərmanlar arasında fiziki, fizioloji uyuşmazlıqlar var ki, arzuolunmaz halllara gətirib çıxarır. Kifayət qədər maarifləndirmə işi aparılmadığından, adi insanlar bunun fərqinə varmırlar. Laqeydlik öz mənfi rolunu oynayır.
- Son dövrlər ölkəmizdə də populyarlaşan və xüsusilə də gənclərin daha çox istifadə etdiyi enerji içkiləri haqqında nə deyərdiniz?
- Enerji içkisi süni surətdə insanın enerjisini toplamağı təmin edir. Dopinqin bir növüdür. Çox zərərlidir. Niyə biz təbii içkiləri qoyub, enerji içkilərinə üstünlük verməliyik? Təbii meyvə şirələri qəbul etmək daha faydalıdır. Respublikamızın təbiəti gözəldir, torpağı münbitdir. Ərik, şaftalı şirələri əzələləri möhkəmləndirir. Dünyada məşhur olan narımızın təbii şirəsindən, göz yaşı kimi dumduru bulaq sularımızdan içməyi məsləhət görərdim. Enerji içkisinə isə sintetik kofein və başqa maddələr əlavə olunur. Bu içki insan orqanizmini birdən-birə oyandırır, yuxunu qaçırır, müvəqqəti müsbət əhval-ruhiyyə yaradır. Britaniyada məktəbə yaxın yerlərdə belə içkilərin satışı qadağandır. Bu içkilərin Azərbaycanda geniş reklam olunması, satılması, xüsusilə də gənclər tərəfindən qəbul edilməsi gələcəkdə böyük fəsadlara gətirib çıxara bilər. Əlbəttə, istehsalçı şirkət marağındadır ki, məhsulunu daha çox satsın, reklamını böyütsün. Yoxlanılmamış içkilərin necə gəldi satışının əleyhinəyəm.
- Sonda gənc əczaçılara tövsiyələrinizi də eşitmək istərdik.
- Tövsiyəm odur ki, daim öz üzərilərində işləsinlər, inkişaf etsinlər.
Biz hər sahənin inkişafını alqışlayırıq. İşğal altında olan torpaqlarımız Ali Baş Komandanın qətiyyəti, Müdafiə Nazirlyinin müasir silah-sursatı, pilotsuz uçuş aparatları, şəxsi heyətin peşəkarlığı hesabına, əsgərlərimizin canı, qanı bahasına azad edildi. Böyük qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsi həyatımızın bütün sahələrinə təsir göstərdiyi üçün bu müqayisəni aparıram. Demək istəyirəm ki, hər sahədə peşəkarlığa xüsusi diqqət ayrılmalıdır. Bu mənada təmsil etdiyim sahənin gənc kadrlarından da gözləntilərim çoxdur. Qoy xarici dil öyrənsinlər, konfranslarda iştirak etsinlər, diskussiyalara girsinlər, çoxlu ədəbiyyat oxusunlar. Eyni zamanda internetin faydalı tərəflərindən yararlansınlar, təcrübələrini artırsınlar. Gənclərimizin uğurlarına inanıram. Həddindən artıq mobildirlər, məntiqi baxışları güclüdür.
Bu bölməyə aid digər xəbərlər
Gigiyena qaydalarına əməl olunması məktəb və digər kollektivlərdə infeksiyaların yayılmasının qarşısının alınmasında əhəmiyyətlidir
26.10.2026 | 14:14
Müasir revmatologiya revmatoid artritin kompleks mərhələli müalicəsi üçün effektiv üsullar işləyib hazırlayıb
12.10.2026 | 11:35
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
05.10.2026 | 11:31
Kardioloq: "Ürək üçün vacib olan meyvələr kalsium və kaliumla zəngin olmalıdır"
28.09.2026 | 13:33
90 yaşlı alimlə MÜSAHİBƏ
24.09.2026 | 14:05
Sümük iliyi transplantasiyası bir sıra genetik və onkohematoloji xəstəliklərin müalicəsində tətbiq olunur
21.09.2026 | 12:42
Səhiyyə idarəçiliyində verilən qərarlar mümkün qədər məlumatlara, araşdırmalara və sübuta əsaslanmalıdır - MÜSAHİBƏ
17.09.2026 | 10:30
Səhiyyə menecmenti sahəsini seçməkdə məqsədimiz idarəetmə ekosistemini gücləndirməkdir
16.09.2026 | 17:27
Yeniyetmələrdə hormonal və cinsi inkişaf mərhələlər üzrə izlənir və qiymətləndirilir
14.09.2026 | 12:01
İİV-lə bağlı stiqma xəstələrdə diaqnostika və müalicə proseslərinə əhəmiyyətli təsir göstərir - Müsahibə
11.09.2026 | 14:52
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
18.10.2026 | 09:20
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
26.10.2026 | 11:19

