Vüqar Cavadzadə: Qida toksikoinfeksiyalarında əsasən infeksiya mənbəyi insandır
25.06.2021 12:22

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə qida toksikoinfeksiyalarının səbəbləri, mənbələri, simptomları və epidemioloji xüsusiyyətləri barədə müsahibə verib.

 

Aztibb.az müsahibəni təqdim edir:

 

- Qida toksikoinfeksiyaları nədir?

 

- Qida toksikoinfeksiyaları (zəhərlənmələri) çox sayda bakteriyaların və onların ifraz etdikləri toksinlər tərəfindən törədilən, mədə-bağırsaq pozğunluğu ilə gedən kəskin gedişli xəstəliklərdir. Adətən qida toksikoinfeksiyaları yüngül intoksikasiya əlamətlərlə gedir və sağalma ilə yekunlaşır.

 

- Qida toksikoinfeksiyalarının törədiciləri hansılardır?

 

- Qida toksikoinfeksiyaları şərti-patogen, patogen, aerob və anaerob mikroorqanizmlər tərəfindən törədilir. Ümumi olaraq bunlara Staphylococcus aureus, Proteus mirabilis, Proteus vulgaris, Klebsella pneumoniae, Bacilus cereus, Enterobakter cloacae, Citrobakter, Pseudomonas və s. kimi mikroorqanizmlər aiddir. Bu mikroorqanizmlərin bəziləri ekzotoksin, bəziləri isə endotoksin ifraz edirlər.

 

- Qida toksikoinfeksiyalarının epidemioloji xüsusiyyətləri hansılardır? 

 

- Qida toksikoinfeksiyalarında əsasən infeksiya mənbəyi insanlardır. Qeyd etdiyim bakteriyalar insanlarda irinli iltihabi proseslər – panaritsi, piodermiya, angina, rinofaringir və s kimi xəstəliklər törədirlər. Qida toksikoinfeksiyaları bakteriyalar və onların toksinləri ilə çirklənmiş kremli qənnadı məhsullar, ət, balıq, süd və ərzaq məhsullarını yedikdə baş verir. Sadaladığımız yeyinti məhsulları hazırlanarkən düzgün şəraitdə saxlanılmazsa, soyuducuya qoyulmazsa və açıq qabda saxlanılarsa o zaman bakteriyalarla çirklənər.

 

Bəzən heyvanlar da infeksiya daşıyıcısı olur. Mastiti olan heyvanların südü bakterioloji olaraq çirklənir. Bu da insanların süd məhsullarını istifadə etdikdə yoluxmaları ilə nəticələnir.

 

- Qida toksikoinfeksiyalarının simptomları hansılardır?

 

- Qida toksikoinfeksiyalarının klinik əlamətləri qida qəbulundan 30 dəqiqədən 24 saata qədər davam edən gizli dövrdən sonra özünü biruzə verir.

 

İlkin olaraq xəstələrdə ürəkbulanma, qusma və mədədə kəskin ağrılar baş verir. Bəzi hallarda isə, bir neçə dəfə ishal müşahidə edilir. Xəstələrdə qızdırma dərhal yüksəlsə də, qısa müddətdən sonra normaya enir. Bəzən qusma, öyümə ilə müşahidə olunaraq, inadlı xarakter daşıyır. Adətən qusuntunun tərkibində həzm olunmamış qida qalıqları olur. Qusuntu kütləsi pis iyli olur.

 

Əksər xəstələrdə intoksikasiya simptomları müşahidə edilir. Belə ki, xəstələrdə ümumi zəiflik, halsızlıq, baş ağrısı və başgicəllənmə olur. Xəstələrdə üzün və bədənin dərisi solğunlaşır, dili ağ ərplə örtülür, təziq düşür-arterial hipotoniya və ürək döyüntüsünün sayının artması müşahidə edilir.

 

Qarın boşluğunun palpasiyası zamanı mədə və göbəkətrafı nahiyyədə ağrılar olur.

Əksər hallarda qida toksikoinfeksiyaları yüngül gedir. Bu zaman xəstələrdə əsasən qusma olur, digər əlamətlər çox vaxt olmur.

 

Ağır gediş zamanı xəstələrdə çox saylı qusma, bəzən selikli qanlı nəcis ifrazı, su-duz və turşu-qələvi müvazinətinin pozulması, bəzən isə qaraciyər və dalağın böyüməsi rast gəlinir.

 

Ağır xəstələrdə su-duz mübadiləsinin pozulması nəticəsində əzələlərdə qıcolmalar baş verir. Ümumiyyətlə, qida toksikoinfeksiyaları sağalma ilə qurtarır.

 

Qida toksikoinfeksiya zamanı hansı ağırlaşmalar yarana bilər?

 

- Ağır hallarda xəstələrdə dehidratasion şok kimi ağırlaşmalar müşahidə edilir. Bəzi xəstələrdə ikincili infeksiyaların qoşulması nəticəsində bakterial ağırlaşmalar da baş verə bilir.

 

- Qida toksikoinfeksiyalarının diaqnozu necə qoyulur?

 

- Əsas diaqnoz klinik-epidemioloji məlumatlara əsasən qoyulur. Klinik olaraq xəstələrdə qısa inkubasion dövrün olması, xəstəliyin eyni ərzaq məhsulları qəbul etmiş şəxslər arasında qəflətən baş verməsi, xəstələnənlərdə eyni klinik əlamətlərin olması, ilkin yardım-mədənin yuyulması, təmizləyici imalədən sonra vəziyyətinin qısa müddət ərzində yaxşılaşması diaqnozu qoymağa imkan verir.

 

Epidemioloji olaraq ərzaq məhsulunun xarakterinə, onların saxlanılma şəraitinə, hazırlanma qaydasına, yemək hazırlayanların sağlamlıq vəziyətinə və onların irinli zədələnmələrinə diqqət yetrilməlidir.

 

Etioloji diaqnoz isə qusuntu kütləsindən, mədə yuyuntusundan, ərzaq məhsullarının qalığından və bağırsaq möhtəviyyatından mikrob kulturasının tapılması nəticəsində qoyulur.

 

- Qida toksikoinfeksiyalarının qarşısını necə almaq olar?

 

- Qida toksikoinfeksiyalarının profilaktikasında müasir standartlara cavab verən müəssisələrin yaradılması və məhsulların saxlanılmasının təkmilləşdirilməsi əsas yer tutur.

 

Dərinin irinli xəstəlikləri, angina, rinofaringit və s. kimi bakterial etiologiyalı xəstəlikləri olan şəxslər işdən kənarlaşdırılmalı, tam müalicə olunmalı və müalicədən sonra bakterioloji müayinənin mənfi nəticəsindən sonra işə buraxılmalıdırlar.

 

Baytarlıq işçiləri xəstə heyvanları vaxtında aşkar etməli, ət və süd məhsullarının istehsalına ciddi nəzarət etməlidirlər.

 

- Vətandaşlarımıza qida toksikoinfeksiyaları barədə tövsiyələriniz nədir?

 

- Tövsiyələrim ondan ibarətdir ki, isti aylarda küçədə günəş şüaları altında satılan kremli qənnadı məhsulları, ət, balıq və süd məhsullarını almasınlar.

Bu qida məhsullarını mütləq soyuducuda saxlanılan dükanlardan əldə etsinlər.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub
 ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub   
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub