Hüseyn Qabulov: Bir çox qadın hamiləlik dövründə peyvənd olunub və sağlam körpə dünyaya gətirib
24.06.2021 11:54

Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin professoru, Milli İmmunlaşdırma Ekspert Məsləhət Komissiyasının sədri Hüseyn Qabulov koronavirus əleyhinə peyvəndlənmə ilə bağlı müsahibə verib.

 

Aztibb.az müsahibəni təqdim edir:

 

- Ən çox rast gəlinən mif odur ki, COVID-19-a qarşı peyvəndlər qısa müddətdə istehsal olunduğu üçün təhlükəlidir.

 

- Bu fikir doğru deyil. COVID-19-a qarşı peyvəndlərin nisbətən qısa müddətdə hazırlanmasına baxmayaraq, onların istehsalı beynəlxalq elmi əməkdaşlıq, nəhəng maliyyə və insan resurslarının nəticəsidir. İş ondadır ki, bu cür peyvəndlərin istehsal texnologiyası on illərdir mövcuddur. Eyni zamanda, COVID-19-a qarşı peyvəndlərin istehsalında, ümumi qəbul edilmiş qaydalara, standartlara və etik meyarlara uyğun olaraq, on minlərlə könüllü də daxil olmaqla, bütün lazımi laboratoriya və klinik sınaqlar aparıldı. Ümumbəşəriyyət üçün gözlənilən təhlükə qarşısında bu peyvəndlər aidiyyatı orqanlar tərəfindən sürətlə təsdiqləndi.

 

- Bəzi insanlar peyvəndin COVID-19-dan qorumadığını düşünürlər. Bu fikirə münasibətiniz öyrənmək istərdik.

 

- Məlum məsələdir ki, 100 faiz təsirli bir peyvənd yaratmaq, demək olar ki, mümkün deyil. Bunun səbəbi virusların yeni mutasiyalarıın üzə çıxması və hər bir orqanizmin fərdi keyfiyyətlərə malik olmasıdır. Peyvəndlərin təsir mexanizminə gəldikdə, vaksinlər həm infeksiyanın inkişafının qarşısını almaq, həm də xəstəliyin şiddətini azaltmaq üçün çox vacibdir. Məsələn, peyvəndlənmiş şəxs də xəstəliyə yoluxa bilər, lakin o, xəstəliyi çox yüngül keçirəcəkdir. Bir peyvəndin 90 faiz təsirli olduğu təsdiq edilirsə, bu, peyvəndlənmiş insanın peyvənd edilməmiş insana nisbətən xəstəliyin simptomlarına 90 faiz daha az məruz qalacağı deməkdir.

 

- Bəzən COVID-19-a qarşı vaksinin insanın DNT-sini dəyişdirə biləcəyini eşidirik. Bu haqda nə deyə bilərsiniz?

 

- Bu, tez-tez məlumat RNT-si (mRNT) olan peyvəndlər haqqında deyilir. Bu elm sahəsində çalışan mütəxəssislər peyvəndlərdən alınan RNT-nin fiziki olaraq DNT-nin (deoksiribonuklein turşusu) olduğu hüceyrə nüvəsinə nüfuz edə bilmədiyini bilirlər. DNT genlərimizi və irsi materiallarımızı daşıyır. RNT-peyvəndlər hüceyrənin sitoplazmasına daxil olur, amma DNT-yə daxil olmur. Başqa sözlə desək, vaksinasiya zamanı DNT-hüceyrələrin hər hansı bir təhlükə ilə qarşılaşması mümkün deyil.

 

- COVID-19 peyvəndinin sonsuzluğa səbəb olduğuna dair fikirləri də var. Bu iddialara yanaşmanız necədir?

 

- Bu ifadə əsassızdır. Hazırda koronavirus peyvəndi alan qadınların müvəffəqiyyətlə hamilə qaldıqlarına dair bir çox nümunə var. Həmçinin hamilə qalmağı planlaşdıran qadın könüllülər arasında da tədqiqat işləri aparılıb. Bu tədqiqatlar da öz növbəsində COVID-19 peyvəndinin qadınların reproduktiv sağlamlığına mənfi təsiri barədə iddiaların yalan olduğunu təsdiqlədi.

 

- Həqiqətən insanların bu mövzuda düşüncələri həddindən artıq çoxdur. Hətta hamiləlik dövründə peyvəndlənən qadınların hamiləliyinin sonlanmasına gətirib çıxardığını iddia edirlər.

 

- Dünya təcrübəsinə baxsaq, bir çox qadın hamiləlik dövründə peyvənd olunub və sağlam körpələr dünyaya gətirib. Bunlara klinik sınaqlara qatılan və vaksinasiyadan sonra hamilə qalan qadınlar, həmçinin hamiləlik dövründə peyvənd olunmuş qadınlar daxildir.

 

- COVID-19 xəstliyini keçirən insan vaksin oluna bilərmi?

 

- Əlbəttə, elə xəstəliklər var ki, onlardan sonra kifayət qədər uzunmüddətli və ya ömürlük immunitet yaranır və bu infeksiyaya məruz qalan insan artıq xəstələnmir. Lakin praktikada immuniteti uzun müddət davam edə bilməyəcək bir çox xəstəliklər var. Birincisi, xəstəliyin törədicisi mutasiya edə bilər (quruluşunu və ya xüsusiyyətlərini dəyişdirir) və insanın immun sistemi onu tanıya bilmir. İkincisi, müəyyən bir mikroorqanizm haqqında bir orqanizmin immunoloji "yaddaşı" qısa müddətli ola bilər. Koronavirusa gəldikdə isə onun qeyri-adi bir patogen olduğu ortaya çıxdı. Qısa müddət ərzində bu virus dəfələrlə mutasiya etdi. Bundan əlavə, bu infeksiyaya yoluxmuş bir çox insan sağaldıqdan sonra bədəndə koronavirusa qarşı anticisimlərin tədricən azaldığının və ümumiyyətlə tamamilə yox olduğunun şahidi olduq. Bir nüansı nəzərə almaq lazımdır ki, bir virusa yoluxma yalnız müəyyən bir patogenə qarşı immuniteti təmin edərkən, bir peyvənd müxtəlif növ dəyişdirilmiş viruslardan yoluxma riskini azalda bilər.

 

- COVID-19 peyvəndinin ciddi yan təsirləri varmı?

 

- Bildiyiniz kimi, vaksin olunmuş insanlarda inyeksiya yerində ağrı, baş ağrısı, üşütmə, yorğunluq, yuxululuq, əzələ ağrısı, bədən hərarətinin qalxması müşahidə oluna bilir və belə halların baş verməsi bütün peyvəndlər üçün keçərlidir. Bir qayda olaraq, bu reaksiyalar qısa müddətli olur. Hazırda ciddi yan təsirlə bağlı hər hansı hal müşahidə edilməyib.

 

- Nə üçün bəzi yoluxucu xəstəliklərə qarşı təkrar peyvəndləmə lazımdır?

 

- Etibarlı immun cavab formalaşdırmaq üçün təkrar peyvəndləmə vacibdir. Nümunə olaraq, uşaqların poliomielit, hepatit B, difteriya, göy öskürək və s. xəstəliklər əleyhinə təkrar peyvəndləməsini göstərə bilərik. Mütəxəssislər bunu yaxşı bilirlər. Hər bir spesifik infeksiyaya qarşı immunitetin formalaşması və qorunması üçün zəruri olan vaksinasiyaların və revaksinasiyaların tezliyi çoxsaylı elmi və klinik tədqiqatlarla müəyyən edilib.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Qazaxda ana və körpənin həyatı xilas edilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb