Xurmanın faydası - MƏQALƏ
16.05.2021 14:59

Ramazan ayında oruc tutarkən orqanizmin aclığa olan müqavimətinin artırılmasında, bədənin enerji dəyərinin yüksək saxlanılmasında xurmanın əhəmiyyətli rolu var. Buna səbəb onun yüksək qidalılıq dəyərinə malik olmasıdır. Qeyd edək ki, bir ədəd quru xurma 20-28 kalori ehtiva edir. Bu, xurmanın növündən asılı olaraq dəyişir. Xurmanın tərkibində A, K və B qrup vitaminləri, həmçinin natrium, kalium, kalsium, dəmir, mis, maqnezium, manqan, fosfor və sink kimi minerallar və antioksidantlar mövcuddur. Antioksidantlarla zəngin olması hüceyrələrin yenilənməsini, eyni zamanda bədənin zərərli bakteriyalardan və mikroblardan təmizlənməsini təmin edir. Xurmanın tərkibində olan dəmir mineralının miqdarının çoxluğu qanda hemoqlobinin sintezi artırır və qanazlığına səmərəli təsir edir. Tərkibindəki zəngin kalium mineralı sayəsində isə qan təzyiqinə qarşı tənzimləyici təsir göstərir.

 

Aztibb.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Kompleks Tədqiqatlar Laboratoriyasının kimyaçısı Mədinə Cəfərzadənin xurma haqqında hazırladığı maarifləndirici məqalədə məlumat verilir.

 

Xurma yalnız Ramazan ayında deyil, mütəmadi olaraq, ancaq norma daxilində istehlakı tövsiyə edilir. Onun tərkibi meyvə şəkəri, zülal, karbohidrat və lif baxımından da olduqca zəngindir. Lifin çoxluğu nəticəsində toxluq hissi yaranır ki, bu da uzun müddət aclığa qarşı orqanizmin müqavimətini artırır. Ona görə də norma daxilində istehlak edildiyi zaman arıqladıcı təsirə də malikdir. Tərkibindəki zəngin maddələr sayəsində ürək-damar xəstəlikləri riskini azaldır, həzm sistemini tənzimləyir, həmçinin immun sistemin güclənməsində, göz, dəri və sümük sağlamlığının qorunmasında olduqca faydalıdır. Həmin faydalı xüsusiyyətinə görə xurmanın xüsusilə də hamilə və süd verən qadınların da istehlak etməsi tövsiyə olunur. Xurma uşaqlar üçün də ideal qidadır.

 

Karbohidratlarla olduqca zəngin olan xurma qan şəkərini artıra bilər. Ona görə də şəkərli diabetdən və piylənmədən əziyyət çəkənlər həkimin tövsiyəsinə uyğun xurma istehlak edə bilərlər.

 

Xurma alarkən ilk olaraq onun xarici görünüşünə fikir vermək lazımdır. Xurma bütöv olmalı, ziyanvericilərin təsirinə məruz qalmamalıdır. Onun saxlanma şəraiti və temperaturu məhsulun keyfiyyətinə və təhlükəsizliyinə bilavasitə təsir edir. Xurmanın satışı zamanı mövcud ticarət qaydalarına, gigiyenik norma və tələblərə ciddi riayət olunmalıdır. Məhsul açıq şəkildə satılanda toz və kənar hissəcik, hətta mikroorqanizmlərlə asanlıqla sirayətlənə bilər. Qablaşdırılmış məhsul alarkən isə onun etiketindəki məlumatları diqqətlə nəzərdən keçirmək lazımdır. Bəzən xurmanın hazırlanmasında süni şəkər olan qlükozadan və dadlandırmaq üçün bir sıra süni dadlandırıcılardan istifadə edilir. Belə məhsulun alınması tövsiyə olunmur.

 

Qeyd edək ki, qlükozanın xurmada istifadə edilməsinin bir çox səbəbi var. Məhsulun şirinliyini və dadını artırmaq, istehlakçını cəlb etmək məqsədilə parıltı vermək, köhnə xurmanı daha keyfiyyətli göstərmək üçün istifadə edilir. Hazırlanmasında qlükoza istifadə edilmiş xurma daha parlaq görünür, şirəliliyi və yapışqanlığı normadan çox olur. Uyğun şərait yaradıldıqda xurma xarab olmadan uzun müddət saxlanıla bilər. Xurma istiyə və günəş şüasına birbaşa məruz qalmadan, sərin səraitdə saxlanılmalıdır. Ona görə də soyuducuda 0-10° C-də hava keçirməyən və qapaqlı qablarda saxlamaq ən ideal üsuldur. Soyuq temperaturda zaman-zaman sərtləşə bilən xurmanın yumşalması üçün istehlakından 10-20 dəqiqə əvvəl soyuducudan çıxarılması tövsiyə olunur. İstehlakdan əvvəl isə xurma mütləq təmiz yuyulmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev