Zərdabın səhiyyəmizə bəxş etdiyi unudulmaz cərrah
10.05.2021 23:32

Yaşadığımız həyatda əbədi olmayan ömrümüzün özünəməxsus qanunları ilə təəssüf ki, bəzən barışmağa məcburuq. Son illər tüğyan edən xəstəlik və buna rəğmən adiləşən ölümlər növbəti gəlişi ilə Həsən bəy yurdunda tanınan və peşəkarlığı ilə seçilən Allahverən həkimdən də yan keçmədi. Deyirlər, dəyərlərin itkisi insna üçün ağır olur, çünki bizlərə həyatı sevdirən, zaman-zaman yaşamaq eşqi verən bu dəyərlərdir. Bəşəriyyətin zinəti olan insanı qoruyan yuxarıda Allah, aşağıda onlara xidmət edən həkimlərimizdır. Allahverən həkim də məhz belə ziyalılarımızdan idi.      

 

Böyük filosof Əbu Turxan yazırdı: "İnsanın mənəvi varlığı yalnız gözəllik duyğusu sayəsində bütövləşir". Bu duyğular isə bəşəri düşüncə sahiblərinə məxsusdur. Sənətindən asılı olmayan dəyərlər insani keyfiyyətləri ilə tanınır, sevilir və əbədiləşir. Böyük arzuların həqiqətə çevrildiyi gün gənclik illərindən özünəməxsusluğu ilə seçilir. Bu özünəməxsusluq onun da dünyasına elə gəncliyindən hakim kəsilmişdi.

 

Allahverən Əmirxan oğlu Misirov 1943-cü ildə yurdunun qanlı-qadalı günlərində Zərdab şəhərində dünyaya göz açmışdır. Müharibədən sonrakı illərin çətin dövründə doğma rayonun orta məktəbində oxumuş və 1967-ci ildən 1973-cü ilədək Azərbaycan Tibb  İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə işi fakültəsində ali təhsilini başa vurmuşdur. Bu elm ocağında yetərincə təhsil alan gənc cəmi bir il 5 nömrəli Şəhər Klinik Xəstəxanasında işləmiş, lakin yurd sevgisi onu şəhərdə yaşamağa və işləməyə qoymamışdır. Gəlişi ilə arzu dünyasına yeni rəng vermiş və  heç zaman görmədiyi sevincli anlarını yaşamışdır. Odur ki, gəncin bu gəlişi, elə bağlılığı həyatının mənasına çevrilmiş, ömür yolu olmuşdur.

 

15 il tək canı ilə yurdunun yeganə cərrahı kimi fəaliyyət göstərmiş və bu torpağın istisinə, soyuğuna, acısına-şirininə dözmüşdür. Peşəsinin işi vaxtla ölçülmürdü. Çünki insan səhhətinin ağrıları zamana söykənmir. Hippokrat andı içmiş Allahverən Misirov həyatı boyu bu xidməti qoruyub, yaşada bilmişdir. Ən ağır cərrahi əməliyyatlardan belə yorulub usanmamışdır. Əksinə, hər uğurlu əməliyyatdan sonra bütün yorğunluqları arxada qoymuşdur. Onun zəhməti az-çox qiymətləndirilmiş, ikinci dərəcəli həkim-cərrah olmuşdur.

 

O, “Səhiyyə əlaçısı” fəxri adına layıq görülmüşdür. Ən böyük mükafatı isə elindən almış, xəstələrinin alqışı və duası ilə yaşamış, insanların sevimlisinə çevrilmişdir. Ömür yolunu Füruzə adlı gənc həkim qızla bağlayan A.Misirov xəstəxana binasına insanların sağlamlığı naminə uzun illər həyat yoldaşı ilə birgə addımlamışdır.

 

Belə bir gəlişin bir də gedişi olur deyirlər. Bu yazılmamış qanundur. Qanunlara hörmət hamının borcudur. Qanunları dərk etmək hər kəsin!

 

P.S. Bir neçə ay əvvəl doğma yurduma, Zərdaba getmişdim. Həmin vaxt Allahverən həkimlə görüşdüm. Onunla sonuncu dəfə görüşümüzdə işlətdiyi aforizm sanki ömür yolunun sonluğunu hazırlayırdı. Əvvəlki tək zarafatından qalmadı, lakin bu cümləsi aramızda uçulmaz polad bir körpü yaratdı: ”İstəyirsən öl, yaşamaq üçün! İstəyirsənsə yaşa, ölmək üçün!”

 

Əbədi ayrılığımızdan sonra anladım ki, o, bu ölümə hazırlaşırmış, əbədi qəlbimizdə yaşamaq üçün.

 

 Ölüm var ki, həyat qədər dəyərli,

 Həyat var ki, ölümdən də zəhərli. (Hüseyn Cavid)

 

Sərvan Kərimov

“Elm və həyat” jurnalının məsul katibi

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub