Həkim-fizioterapevt: "Ayaqlarda ağrılar insanın yerişini və normal hərəkətini məhdudlaşdırır"
03.05.2021 13:01

İnsanın ayaqları bədənin 70% çəkisini öz üzərində daşıyır. Yeriyən zaman vaxtın 80%-i yalnız bir ayaq yerdə olur və həmin yükü öz üzərinə götürür. Ayaqlarda ağrılar insanın yerişini və normal hərəkətini məhdudlaşdırır. Diz oynağında ağrılara tez-tez rast gəlinir. Bu zaman normada adi kimi görünən hərəkətlər, yeriş, pilləkənlə qalxıb düşmə ağrı ilə müşayiət oluna və ya tamamilə məhdudlaşa bilər.

 

Aztibb.az-ın xəbərinə görə, Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi, Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimovanın diz ağrılarının səbəbləri ilə bağlı məqaləsində bu barədə məlumat verilib. 

 

Həmin məqaləni təqdim edirik:

 

Diz oynağında ağrılar müxtəlif səbəblərə görə yaranır. Hansısa zədələnmədən və ya idman travmasından sonra ağrı yumşaq toxumalarda əzilmə və dartılmalara görə əmələ gələ bilər. Diz qapağının vətərlərində tendenit yarana bilər. İdmanla məşğul olan yeniyetmələrdə diz qapağından aşağı ödem və ağrı müşahidə edilə bilər. Bu, Osgood-Schlatter xəstəliyi adlanır.

 

Bəzi fiziki aktiv və qaçışla məşğul olan insanlarda xondromalasiya yarana bilər, bu zaman diz qapağının altında olan qığırdaq sürtülür və ağrılar əmələ gəlir. Bu, adətən, diz oynağı və diz qapağını fiksasiya edən vətər və əzələlərin disbalansı və zəifliyi nəticəsində baş verir. Ani ya da xroniki zədələnmə ilə bağlı başqa bir vəziyyət – prepatellar bursit də yarana bilər. Bu patologiya diz qapağının önündə yerləşən bursanın (xüsusi sinovial boşluq) iltihabıdır. Bu xəstəlik ani travmadan sonra, ya da dizi üstə uzunmüddətli iş görənlərdə daha çox əmələ gəlir. Uşaqlarda da travma nəticəsində prepatellar bursit yarana bilər.

 

Bəzi hallarda diz oynağının strukturları zədələnir – menisk cırığı və yırtığı, bağlarda hissəvi və tam qopmalar müşahidə olunur. Menisk qığırdaq tipli bir strukturdur. Oynaqda iki sümük arasında yerləşib, amortizasiya funksiyasını yerinə yetirir. Meniskin zədələnməsi zamanı ağrı və dizin açılıb-bükülməsində məhdudiyyət yarana bilər. Zədələnmə olmadan da dizdə ağrılar yarana bilər.

 

Osteoartrit (artroz) daha çox yaşlı insanlarda və çox vaxt hər iki ayaqda müşahidə olunur. Osteoartrit zamanı ağrı yaranır və hərəkət məhdudlaşır. Osteoartrit zamanı oynaqda qığırdaq dağılmağa və yeyilməyə başlayır, sümüklər arasındakı oynaq məsafəsi daralır. Dizdə iltihabı sişkinlik, qızartı və yerli temperaturun qalxması müxtəlif mənşəli artritlərfə müşahidə oluna bilər.

 

Artritlər revmatik xəstəliklər, podaqra və digər xəstəliklər zamanı yarana bilər. Revmatik xəstəliklərdə bursitlər də yaranır. Gördüyünüz kimi diz ağrılarının səbəbləri çoxdur. Hər bir xəstəlikdə özünəməxsus müalicə və reabilitasiya taktikası var. Növbəti rubrikamızda biz bu xəstəliklər və onların müalicəsi haqqında daha ətraflı danışacağıq.

ÇOX OXUNANLAR
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
 Azərbaycanda transplantasiyanın tarixi   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib