Dəmrov - növləri, əlamətləri və müalicəsi  
29.04.2021 15:38

Dəmrov – səpgi və qaşınma ilə xarakterizə olunan polietioloji dəri xəstəlikləri qrupudur. Onların etiologiyası, yoluxma yolu və gediş xüsusiyyətləri fərqlidir. Məhz bu səbəbdən dəmrov klinik təzahürlərə (rəngin dəyişməsi, qabıqlanmanın olması və s.)  görə təsnif edilir.  

 

Aztibb.az xəbər verir ki, bu xəstəliyin əsas yaranma səbəbi virus və göbələk mikroflorasıdır. İmmunitetin zəifləməsi, stress, irsi meyllik, infeksion xəstəliklər, fiziki və emosional gərginlik dəmrovun inkişaf ehtimalını artırır.  

Törədicinin növündən, səpgilərin tipindən, lokalizasiyasından, yoluxuculuğundan asılı olaraq, xəstəliyin bir neçə forması ayırd edilir:

 

Sulu dəmrov - ekzema;

Saçqıran dəmrov - mikrosporiya, faqus, trixofitiya; 

Əlvan dəmrov - psoriaz;

Çəyrayı dəmrov – pitiriaz;

Pullu dəmrov;

Kəmərləyici dəmrov.  

 

Xəstəlik kəskinləşmələrlə müşayiət olunan uzunmüddətli gedişə malikdir. Dəmrov pasiyentə fiziki və psixoloji diskomfort törədir. Dəri səpgiləri ikincili infeksiyalaşa bilir.

 

Çəhrayı dəmrov

 

Xəstəlik infeksion-allergik mənşəli olub, bütün yaş qruplarında rast fəlinir. Çəhrayı dəmrov bədəndə, xüsusən kürək nahiyəsində girdə formalı, çəhrayı rəngli, qabıqlanan ləkələrlə xarakterizə olunur. Dəmrovun bu növünun yoluxuculuğu aşağıdır. Ailədaxili yoluxma halları nadirən qeydə alınır. Yoluxma hamam əşyalarının ümumi istifadəsi zamanı baş verir. Zəif immunitet və virus mənşəli respirator infeksiyalar xəstəliyin yaranmasına təkan verir.

 

Çəhrayı dəmrov fəsillə bağlıdır, yaz və payız aylarında əlamətlər daha qabarıq şəkil alır. Qeyri-düzgün müalicə, su ilə tez-tez təmas, həddindən artıq tərləmə dəmrov xəstəliyinin müddətini uzadır. Bu faktorlar olmadıqda çəhrayı dəmrov 1,5-2 aya sağalır. Xəstəlik çox vaxt heç bir terapiya aparılmadan öz-özünə keçib gedir. Pasiyentlərə günəş şüalarından qorunmaq, təbii matrialdan hazırlanan paltarlar geyinmək, su ilə təması azaltmaq məsləhət görülür.

 

Kəmərləyici dəmrov

 

Bu dəmrov Herpes zoster qrupundan olan virusla ikincili kontakt zamanı, yaxud latent herpes infeksiyasının aktivləşməsi nəticəsində yaranır. Kəmərləyici dəmrov zamanı sinir qanqliyaları iltihablaşır, sinir kötükləri boyunca xarakterik səpgilər əmələ gəlir. Xəstəliyə əsasən böyüklər və yaşlı şəxslər tutulur. Onun təkanverici amillərinə stress, infeksiya və immunitetin zəifləməsi aiddir.  

 

Kəmərləyici dəmrov dəyişkən gedişə malikdir. Pasiyentlərin bir qrupunda yüngül forma, digərlərində isə mərkəzi sinir sistemini zədələyən vəziyyətlər qeydə alınır. Səpgilərin formalaşmasından qabaq sinirlər boyunca ağrı meydana çıxır. 3-4 gün keçdikdə dəridə elementlər nəzərə çarpır. Başlanğıcda səpgilərin səthi kiçik vezikulalardan ibarət olur. Bir müddətdən sonra onlar quruyur və qartmaqla örtülür. Xəstələrdə bəzən qabıqlanma müşahidə olunur. 

 

Kəmərləyici dəmrov xəstəliyinin müalicə sxemi əlamətlərin intensivliyindən və pasiyentin vəziyyətindən asılıdır. Demək olar ki, bütün hallarda hospitalizasiya mütləqdir. Müalicə dermatoloq və nevroloqun birgə əməkdaşlığı ilə aparılır. Güclü ağrı sindromunda analgetiklər və sedativ preparatlardan istifadə edilir. Bütün pasiyentlərə virusəleyhinə və immunomodulyatorlar göstərişdir. Yerli müalicə virusəleyhinə məlhəmlərin tətbiqinə əsaslanaraq, bakterial ağırlaşmaların qarşısının alınmasına yönəldilir. Proqnoz xəstəliyin ağırlığından və müalicənin düzgün aparılmasından asılıdır.   

 

Əlvan dəmrov

 

Əlvan dəmrov – göbələk mənşəli dəri xəstəliyi olub, epidermisin buynuz qatını zədələyir. Tərləmə, isti iqlim, dəridə seboreya xəstəliyin risk faktorlarından sayılır. Qadınlarda, o cümlədən cavan şəxslərdə əlvan dəmrova daha çox təsadüf olunur. İnfeksiyalaşma və residiv halları ilin isti aylarında qeydə alınır. Yoluxma kontakt-məişət yolu (daraqdan, hamam vasitələrindən ümumi istifadə, xəstə insanla təmas) ilə baş verir.   

 

Əlvan dəmrov yumru, çəhrayı rəngli, tək sayda ləkə ilə başlayır. Bir müddətdən sonra eyni formalı, lakin kiçik diametrli ləkələrə dəridə və başın tüklü hissəsində rast gəlinir. Əlvan dəmrov zamanı dəri dəyişiklikləri qeyri-iltihabi xarakter daşıyır. Ləkələr adətən sarımtıl-qəhvəyi rəngdə olur. Onları qaşıdıqda az miqdarda qabıqlanma müşahidə edilir. Ləkələr periferik böyüməyə və öz aralarında birləşməyə meylli olur. 

 

Saçqıran dəmrov

 

Saçqıran dəmrov (trixofitiya) – dərinin göbələk xəstəliyidir. Bu zaman dəri, başın tüklü hissəsi, bəzən isə dırnaqlar zədələnir. İnfeksiya mənbəyi xəstə insan və heyvanlardır. Yoluxma kontakt-məişət yolu ilə baş verir. Dəmrovun bu növünə uşaq bağçalarında və ailə daxilində daha çox rast gəlinir.

 

Göbələk mitselisi saçın strukturunu pozaraq, onun tökülməsinə səbəb olur. Saçlar qırılmış forma aldığından xəstəliyin adı da məhz buradan götürülmüşdür. Zədələnmiş dəridə qabıqlanma və göbələk sporlarından ibarət açıq rəngli ərp əmələ gəlir. Qaşınma və digər xoşagəlməz əlamətlər olmur. Xəstəliyin irinləmiş formaları üçün infiltratlar xarakterikdir. Onların üzərindən basdıqda irin çıxır. İnfiltratlar müxtəlif ölcüdə olub, adətən başın tüklü hissəsində, bığ və saqqal hissədə formalaşır.  İnfiltrat ya irinin göbələk hüceyrələrinə məhvedici təsirindən 7-10 gün ərzində öz-özünə aradan qalxır, ya da absesə çevrilir. Müalicə aparılmadıqda mikotik hüceyrələr periferiyada qalaraq, dəmrov xəstəliyinin xroniki, ləng gedişini təmin edirlər.  

 

Saçqıran dəmrovun müalicəsində göbələkəleyhinə məlhəm və tabletlərdən istifadə olunur. Ağırlaşmış formalarda simptomatik terapiya aparılır.

 

Pullu dəmrov

 

Pullu dəmrov və ya psoriaz dərinin xroniki, autoimmun, qaşıntılı, qızartılı və qabıqlı səpkiləriylə özünü göstərən yoluxucu olmayan xəstəliyidir. Bu zaman xəstələrdə patoloji hadisələr epidermis və dermis qatında ortaya çıxır. 

 

Pullu dəmrov diaqnozunu klinik müayinələr və xəstəlik anamnezi vasitəsiylə qoymaq mümkündür. Fəqət dəri biyopsiyası vasitəsiylə pullu dəmrova daha dəqiq diaqnoz qoymaq mümkündür. Dəri biyopsiyası dəri səpkilərindən bir parça toxumanın histopatoloji analiz üçün cərrahi yolla əldə edilməsidir. 

 

Belə xəstələr təbiətən həsas qəlbli olurlar. Bu xüsusiyyət demək olar ki bütün pullu dəmrov xəstələrinə xasdır. Bu səbəblə pullu dəmrov xəstələrində bəsit emosyonal stres faktorundan sonra səpkilərdə artış müşahidə olunur.

 

Sulu dəmrov

 

Sulu dəmrov – allergik mənşəli, xroniki gedişli, iltihabi xəstəlikdir. Onun etiopatogenezi sona qədər öyrənilməmişdir. Yaxın qohumlarda ekzemanın aşkarlanması, amanezdə allergik patologiyaların olması, endogen və ekzogen amillərin təsiri bu xəstəliyin yaranma səbəbləri arasında ön sırada dayanır. Psixovegetativ, neyroendokrin və immunoloji dəyişikliklər də ekzemanın inkişafına təkan verə bilər. Müasir dermatologiyada ekzemanın bir neçə forması ayırd edilir: həqiqi, mikrob mənşəli, seboreyalı, uşaqlarda rast gəlinən və peşə ekzeması. Onların hər birinin özünəməxsus klinik xüsusiyyətləri vardır. 

 

Xəstəlik dərinin açıq sahələrində simmetrik iltihablaşma ocaqları ilə təzahür edir. Həqiqi ekzema zamanı iltihab ocaqları hiperemiyalı və ödemli, səthləri isə yaş olur. Ocaq daxilində seroz möhtəviyyatlı xırda vezikulalar müşahidə edilir. 

ÇOX OXUNANLAR
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb 
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
 Tibb müəssisələri arasında şəhid ailələrinin üzvlərinin işlə təmin olunması sayına görə Sumqayıt Tibb Mərkəzi ilk yerdədir   
Tərtər Rayon Mərkəzi Xəstəxanasının terapevti - Ülviyyə Əkbərova
11 aylıq körpə Mərkəzi Klinikada əməliyyat olunub
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub
2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
Sümük bulyonu arıqlamağa kömək edir
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
 Yevlax Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib