İnsan sağlamlığının qorunması üçün ən effektiv tədbir profilaktikadır  
29.04.2021 09:47
Mövsimü dəyişiklərin insan orqanizminə təsiri, koronavirusla yanaşı digər yoluxucu xəstəliklər və koronavirusa qarşı peyvəndlə bağlı suallarımızı Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti Ələsgər Vəliyev cavablandırıb.
 
- Mövsümü dəyişikliklərin insan orqanizminə təsirini necə xarekterizə etmək olar?
 
 - İnsan ömrü boyu təbiətlə sıx təmasda yaşayır, onun nemətlərindən yararlanır, yaşam şəraitini və sağlamlığını onun hesabına təmin edir. Canlılara xas bioloji ritm insanda daha mükəmməldir. Havanın temperaturu, nəmliliyi, atmosfer təzyiqi insanın əhvalına, əmək qabiliyyətinə güclü təsir göstərir. Biz bu faktorlardan düzgün faydalanaraq qidamızda, geyimimizdə, iş və istirahət rejimlərimizdə uyğun dəyişikliklər etməklə gündəlik fəaliyyətimizdə, təhsilimizdə, həm də infeksion xəstəliklərlə mübarizədə böyük uğurlar qazana bilərik.
 
- Yazın gəlişi ilə hansı xəstəliklər daha da intensivləşir və ilk profilaktik tədbir kimi nələr vacibdir?
 
- Yaz fəsli insan orqanizmi üçün ən həssas dövrdür. Qışda günəşin zəif təsiri, qidalarda vitaminlərin çatışmamazlığı, nəmişlik, soyuq və s. orqanizmin müqavimət qüvvələrini bir qədər tükəndirir, onun xarici mühitin yeni təsirlərinə uyğunlaşmasını çətinləşdirir. İlk növbədə yaz fəsli üçün ənənəvi olan allergik xəstəliklər, allergik rinit, ot qızdırması, övrə, bronxial astmaya daha çox rast gəlinir. Bu zaman burun seliyinin, göz yaşının artması, bəzən qızdırma və dəri səpkiləri bəzi infeksion xəstəliklərə görə şübhə yarada bilər. Bununla yanaşı, yazda yuxarı tənəffüs yollarının müxtəlif mikroblar tərəfindən törədilən kəskin iltihab xəstəlikləri – rinit, faringit, angina, xroniki iltihab ocaqlarının aktivləşməsi, habelə virus və bakterial mənşəli xəstəliklər – qrip və ona oxşar xəstəliklər, meninqokokk infeksiyası və s. ilə xəstələnmə də çoxalır.
 
Təəssüf ki, hələ bu infeksiyalara qarşı xüsusi mübarizə vasitəsi – effektiv peyvənd olmadığı üçün biz “suda boğulanın xilası onun öz əlindədir” prinsipinə uyğun davranmalı oluruq. Yəni bədəni möhkəmləndirmək - keyfiyyətli qidalanmaq, açıq havada olmaq, idman, bədənin təmizliyi, belə xəstəliklərdən uzaq durmaq, başqalarını yoluxdurmamaq üçün xəstələndikdə təcrid olunmaq və s. kimi ümumi tədbirlərə əməl etmək məcburiyyətində qalırıq.
 
- İndi koronavirusla yanaşı hansı yoluxucu xəstəliklərin yoluxma ehtimalı daha çoxdur?
 
- Koronavirus infeksiyası əsasən respirator xəstəliklərə aid edilsə də, virus xarici mühütdə, xüsusilə soyuq şəraitdə nisbətən çox “yaşadığı” üçün təmas və məişət əşyaları ilə yoluxması da ehtimal edilir. Məlum olduğu kimi, bu yolla bir çox kəskin bağırsaq infeksiyaları da yayılır.
 
- Hazırkı epidemioloji duruma nəzər salanda belə təsəvvür yaranır ki, COVID-19 sanki digər virusları “öldürüb”. Siz necə düşünürsüz?
 
- Doğurdan da koronavirus pandemiyası başlayandan bəri digər kəskin infeksion xəstəliklər, xüsusilə aydın kliniki mənzərəyə malik olan respirator virus infeksiyalarına çox az rast gəlinir. Bu açıq-aşkar fakt olsa da, elmi cəhətdən çətin izah olunan bir haldır. Qədimdən belə bir deyim olub ki, “Taun pandemiyası zamanı hamı taunla xəstələnir”. Keçən əsrin 70-ci illərində respublikamızın bir rayonunda vəba yayılmışdı. Bu zaman yay-payız mövsümü üçün ənənəvi olan digər kəskin bağırsaq infeksiyaları ilə xəstələnmə yox dərəcəsində idi. Baxmayaraq ki, vəba kimi şigelloz, qarın yatalağı, amöbiaz da su ilə asan yayılır. Mikroblar arasındakı bu rəqabətlər, avtoritizm və ya liderlik xüsusiyyəti elmi axtarışlar üçün də bir mövzu ola bilər.
 
- Klassik yoluxucu xəstəliklərə qarşı oturuşmuş peyvəndlər var və effekti mübahisə doğurmur. Amma koronavirusa qarşı peyvəndlə bağlı fikirlər birmənalı deyil. Tərəddüd edənlərə bir mütəxəssis kimi nə məsləhət görərdiniz?
 
- Koronavirus infeksiyasından qorunmaq üçün təklif olunan tədbirlər çox effektli ola bilərdi. Lakin əvvəllər bu xəstəliyin əhali tərəfindən qeyri-ciddi qəbul olunmasının şahidiyik. Xəstəliyin getdikcə geniş yayılması, yüksək ölüm təhlükəsinin hər bir şəxsə daha çox yaxınlaşması vəziyyətin hec də sadə olmadığını göstərir. Bununla belə yenə də fərdi mühafizə tədbirləri bəzi insanlar üçün “fərdi” olaraq qaldı. Yaxşı ki, tibbin böyük ciddi-cəhdləri nəticəsində xəstəliyin yayılmasına qarşı etibarlı nəzarət üsulu, yəni peyvəndlənmə işi özünü yetirdi. Ancaq bilməliyik ki, hec bir peyvənd yoluxmanın qarşısını tamamilə ala bilməz.
 
COVID-19 infeksiyasına qarşı peyvənd müasir təbabətin ən böyük uğurudur və hər bir şəxs bu tədbirdən yararlanmalıdır. Artıq bu danınmaz faktdır ki, koronavirus infeksiyasına qarşı peyvənd xəstələnmə ehtimalını yüksək dərəcədə aşağı salır, xəstələnənlər isə onu xeyli yüngül keçirir. Peyvəndlə birlikdə fərdi qorunma tədbirləri bu infeksiya ilə xəstələnmə ehtimalını demək olar ki, heçə endirir. Ona görə də də peyvəndlənməni mübahisə mövzusuna çevirməyin heç bir elmi əsası yoxdur.
 
İnsan sağlamlığının qorunması üçün ən ucuz başa gələn, ən effektiv tədbir profilaktikadır. Məhz planlı profilaktikanın əvəz olunmaz xidmətidir ki, respublikamızda difteriya, vərəm, poliomielit, göy öskürək, tetanus kimi qorxulu xəstəliklərlə mübarizədə böyük uğurlar qazanılmışdır. Heç şübhəsiz ki, belə uğurlu nəticəni biz alternativsiz mübarizə vasitəsi olan peyvəndlənmə ilə koronavirus infeksiyasında da əldə edəcəyik.
ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
Yaşasın Haqverdiyev - Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının nevroloqu
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
 Sumqayıt Tibb Mərkəzini seçən həkimlərin sayı artır   
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib