17 Aprel - Dünya Hemofiliya Gününə həsr olunmuş beynəlxalq KONFRANS keçirilib (FOTO)
17.04.2021 19:57

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Milli Hematologiya və Transfuziologiya Mərkəzi ilə birgə “Dəyişikliyə adaptasiya və yeni dünyada yardımın dayanıqlı təminatı” şüarı altında 17 Aprel - Dünya Hemofiliya Günə həsr olunmuş beynəlxalq konfrans keçirib.

 

Aztibb.az xəbər verir ki, tədbirdə öncə TƏBİB-in Stasionar Tibbi Xidmətin Təşkili şöbəsinin müdiri Kəmalə Ağayeva çıxış edərək hemofiliyanın qanda laxtalanma ilə bağlı amillərin çatışmazlığı ilə əlaqədar yaranan qan xəstəliyi olduğunu və xəstəliyin əlilliyin artmasına, bəzi hallarda isə ölümə səbəb olduğunu bildirib.

 

“Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə dövlət başçısının 2005-ci il tarixli fərmanından sonra ölkəmizdə bu istiqamətdə dövlət proqramlarının hazırlandığını deyən K.Ağayeva bu dövlət proqramlarının məqsədindən bəhs edib. Qeyd edib ki, xəstəliyə düçar olmuş insanlara göstərilən tibbi xidmətlərin həcmi və keyfiyyətinin artırılması, eyni zamanda bu xəstəlikdən əziyyət çəkən şəxslərin həyat keyfiyyətinin yaxşılaşdırılması, eləcə də onların ölüm və əlillik faizinin azaldılmasına şərait yaradılması əsas hədəflərdəndir. Ölkəmizdə hemofiliyalı xəstələrin bütün məlumatlarını özündə cəmləşdirən vahid baza reyestrinin mövcud olduğunu söyləyən şöbə müdiri, bu xəstəlikdən tamamilə sağalmanın mümkün olmadığını bildirib. O, əlavə edib ki, hemofiliyalı xəstələrə tətbiq edilən əvəzedici terapiya qanda çatışmayan laxtalanma amillərinin orqanizmə faktor preparat kimi daxil edilməsi ilə qanaxmaların qarşısının alınmasını nəzərdə tutur.

 

Son illərdə bu sahədə peşəkar kadrların yetişdirilməsinə xüsusi önəm verildiyini deyən K.Ağayeva onların ölkə daxilində və xaricdə beynəlxalq tədbirlərdə iştirakının təmin olunduğunu, eləcə də xəstəliyin müalicəsinin təkmilləşdirilməsi, valideynlər və xəstələrin maarifləndirməsi ilə bağlı işlərin görüldüyünü diqqətə çatdırıb.

 

K.Ağayeva tədbirin bu sahədə mövcud problemlərin müəyyənləşdirilməsi və onların həllinə nail olunması baxımından əhəmiyyətini qeyd edib, konfransın işinə uğurlar arzu edib.

 

Sonra Heydər Əliyev Fondunun department direktoru, Milli Məclisinin Səhiyyə komitəsinin üzvü, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Müşahidə şurasının sədri, millət vəkili Soltan Məmmədov çıxış edərək bildirib ki, bu gün həm həkimlərin, həm müxtəlif dövlət qurumlarının, həm də vətəndaş cəmiyyəti üzvlərinin bir araya gəlməsi xalqımızın həmrəyliyinin bariz nümunəsidir.

 

Son illər səhiyyə sahəsində aparılan islahatlardan bəhs edən S.Məmmədov ölkəmizdə irsi qan xəstəlikləri ilə bağlı dövlət proqramlarına böyük diqqət və qayğı nümayiş etdirildiyini deyib. Səhiyyə komitəsinin səhiyyə sahəsində fəaliyyət göstərən bütün qurumlar tərəfindən qaldırılan problemlərə həssas yanaşdığını, daxil olan təkliflərə xüsusi diqqət yetirildiyini nəzərə çatdırıb.

 

Millət vəkili Heydər Əliyev Fondunun bir çox digər sahələrlə yanaşı, səhiyyə sahəsinə də daim öz qayğısını göstərdiyini, bu sahədə dövlət siyasətini dəstəklədiyini vurğulayıb. O, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin də irsi qan xəstəlikləri ilə bağlı görülən işlərə öz töhfəsini verdiyini qeyd edib.

 

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov ölkəmizdə irsi qan xəstəlikləri arasında hemofiliyanın önəmli bir yerə sahib olduğunu qeyd edərək Mərkəzdə bu problemlərin həlli istiqamətində mühüm işlərin görüldüyünü vurğulayıb.

 

O, ölkəmizdə hemofiliya və talassemiya irsi qan xəstəlikləri ilə bağlı icra olunan dövlət proqramının əhəmiyyətindən bəhs edərək mərkəzdə çalışan fədakar tibbi kollektivi tərəfindən çətin problemlə üzləşmiş hemofiliyalı pasiyentlərə göstərilən dəstəkdən söz açıb, bu xəstələrin müvafiq dərman preparatları ilə təmin olunduğunu deyib. V.Hüseynov bu xəstələrə tətbiq olunan profilaktik müalicənin əlillik dərəcələrinin azalmasında müsbət rolunu qeyd edib, həmçinin dərman preparatlarının dozalarının artırılmasına nail olunmasının əhəmiyyətini nəzərə çatdırıb.

 

İcraçı direktor bu kimi konfransların qeyd olunan problemlərə diqqət yönəltmək baxımından vacibliyini vurğulayıb, konfransın işinə uğurlar arzulayıb.

 

Daha sonra konfrans işini məruzələrlə davam etdirib. Tədbirdə akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hemotologiya şöbəsinin müdiri Nahidə Hüseynzadə “Hemofiliya və digər irsi laxtalanma pozğunluqlarında müasir müalicə prinsipləri”, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Uşaq şöbəsinin müdiri Sevil Cəlilova “Hemostaz Pozğunluqları”, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov “Pasiyentlərin hüquqlarına dair beynəlxalq kriteriyalarla yanaşma”, Almaniyanın Bonn Universiteti Klinikasının Eksperimental Hematologiya və və Transfuziologiya Tibbi İnstitutunun professoru Johannes Oldenburg “Hemofiliya A və inhibitorları - Müalicə üsulları”, Avropa Hemofiliya Konsorsiumunun prezidenti Declan Noone “Evdə müalicə: Avropadakı faydalar və metodlar” və s. mövzularda təqdimatlarla çıxış ediblər.  

 

Qeyd edək ki, Dünya Hemofiliya Federasiyası tərəfindən təsis edilən 17 Aprel - Dünya Hemofiliya Günü dünyanın 120-dən çox ölkəsində vətəndaş cəmiyyəti və dövlət qurumları ilə birgə qeyd olunur.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Pediatr Sevil Orucovanın məqaləsi:
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
Yaşasın Haqverdiyev - Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının nevroloqu
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
 Sumqayıt Tibb Mərkəzini seçən həkimlərin sayı artır