Vəba normal, bəzən hətta aşağı bədən temperaturu ilə müşayiət olunur
23.03.2021 10:21

Vəba qısa zamanda çoxlu əhalinin yoluxmasına və epidemiyanın yaranmasına səbəb olan xüsusi təhlükəli infeksiyadır. Müalicə olunmadıqda 50 faiz ölümlə nəticələndiyinə görə bəzən onu bioloji silah da hesab edirlər. Vərəmin törədicisi vergülə bənzəyən əyri vibriondur və qamçıları ona sürətlə hərəkət etmək imkanı verir.

 

Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti Mədinə Abdullayeva məlumat verib.

 

Onun dediyinə görə, vəba vibrionunun təbabətə məlum olan klassik və Əl-Tor tipləri çox təhlükəlidir. Onlara bir çox su hövzələrinin mikroflorasında rast gəlinir. Lakin vibrionları təhlükə mənbəyinə çevirən onların suyun vahid həcmində olan miqdarıdır: “Xəstəliyə yoluxmaq üçün 1 milyondan 1 trilyona qədər vəba çöpü udulmalıdır. Vibrionun yoluxdurma sayının yüksəkliyi mədə turşusuna qarşı davamsızlığı ilə izah olunur. Mədə turşuluğunun aşağı olması və çox miqdarda maye qəbulu nəticəsində mədə şirəsinin durulaşması xəstəliyə tutulma riskini artırır. Törədici 30-40 dərəcə C temperaturda yaxşı çoxalır və buna görə də, ona Hindistan, Asiya və Afrika kimi isti iqlimi olan qitələrin su hövzələrində daha çox rast gəlinir. Qaynatma zamanı törədicilər dərhal, 50 dərəcə C temperaturda isə 30 dəqiqə ərzində məhv olur. Düz düşən günəş şüaları mikrobu 1 saat ərzində məhv edir. Törədicilər meyvə və tərəvəzlərin üzərində 5 sutkaya qədər yaşaya bilir. İnfeksiya fekal-oral yolla yayılır, onun yeganə mənbəyi xəstə və ya vibriongəzdirəndir”.

 

Xəstəliyin əlamətləri və klinik gedişi barədə həkim-infeksionist deyib: “Əsas əlamətləri külli miqdarda mikrobun mədədən onikibarmaq bağırsağa keçməsi ilə meydana çıxır. Nazik bağırsaqlarda mühitin qələvi olması, nəm və isti şərait vəba vibrionunun sürətlə çoxalması üçün əlverişli mühit yaradır. Xəstəliyin inkubasiya dövrü bir neçə saatdan 2-3 günə qədər davam edir. Törədici öz fəaliyyəti müddətində xolerogen toksini ifraz edir, onun təsiri ilə toxumalardan nazik bağırsaq boşluğuna külli miqdarda maye ifraz olunur və güclü ishal başlayır. Həmin toksinin təsirindən baş verən ümumi intoksikasiya qusmaya səbəb olur. Bütün bunların nəticəsində orqanizm çoxlu su və elektrolit itirir. Vəbanın klinik mənzərəsi və ağırlıq dərəcəsi orqanizmin immun müqavimətindən və bədənə daxil olan mikroorqanizmlərin miqdarından asılıdır. Silinmiş formalar özünü bir dəfə baş verən ishal və zəif intoksikasiya əlamətləri ilə göstərir. Xəstəliyin simptomsuz formasında yoluxan özünü xəstə hiss etməsə də, ətraf mühitə külli miqdarda mikrob ifraz edir.

 

Vəbanın klassik mənzərəsi gün ərzində on dəfə və daha artıq baş verən ishaldır. İtirilən mayenin miqdarı sutkada 20 litrə çata bilər. Böyük həcmdə maye itkisi orqanizmin susuzlaşması və qanın qatılaşmasına səbəb olur, xəstənin vəziyyəti sürətli və kəskin şəkildə pisləşir. Su ilə birlikdə mikroelementlərin itirilməsi nəticəsində əzələlərdə, xüsusən də baldır əzələsində qıcolmalar baş verir. Üz cizgiləri sivriləşir, gözlər çuxura düşür, dodaqlar və qulaq seyvanları göyərir. Vəba nadir infeksiyalardan biridir ki, normal, bəzən hətta aşağı bədən temperaturu ilə müşayiət olunur və buna görə də xəstənin dərisi soyuq olur. Orqanizmin susuzlaşması nəticəsində dərinin elastikliyi azalır, barmaqla alınan çimdikdən sonra dəri çox gec açılır. Əl və ayaqların dərisi o qədər qırışır ki, həmin simptoma “paltaryuyan qadının əlləri” adı verilib. Xəstədə təngnəfəslik inkişaf edir”.

 

“Xəstənin diaqnozu klinik mənzərə, nəcis və qusuntu kütləsinin bakterioloji müayinəsi əsasında qoyulur. Müalicəsi infeksion stasionarlarda aparılır və onun əsasını su-duz mübadiləsinin korreksiyası təşkil edir. Antibiotiklər yardımçı vasitə kimi müalicə sxeminə əlavə olunur. Vəbanın profilaktikasına yeməkdən qabaq, ayaqyoluna gedəndən sonra əlləri sabunla yumaq, qaynadılmış su içmək, meyvə və tərəvəzləri yuduqdan sonra qaynar sudan keçirmək daxildir”,-deyə həkim-infeksionist bildirib.

ÇOX OXUNANLAR
 Rahim Hüseynov TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub
ÜST-nin Azərbaycandakı Ofisində yeni vakansiya!
 Qobustanda 85 yaşlı pasiyent üzərində yüksək riskli cərrahi əməliyyat uğurla icra olunub   
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri”nə sertifikatlar təqdim olunub
 Qusarda qanvermə aksiyası:
 Naxçıvanda orta tibb işçiləri üçün vakansiya elan olunub   
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin 24 könüllüsü üçün ilkin tibbi yardım mövzusunda təlim keçirilib
 Görkəmli alim Ağabəy Sultanovun 90 illiyi qeyd olunub   
Azərbaycan EMT Qrupu yoxlama aparmaq üçün Türkiyəyə gedib
 Sumqayıtda İmmunizasiya Həftəsi çərçivəsində 1263 uşaq peyvənd olunub   
Qobustan RMX-da konfrans: “Nurlu ömrün salnaməsi”
 Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Bioetika Komissiyasının növbəti iclası keçirilib    
Qoşqar Təhməzli: Azərbaycan müasir urbanizasiya çağırışlarına çevik reaksiya verir
 Cəlilabadda xəbərdarlıq toplanış üzrə mülki müdafiə məşqi keçirilib