Gecə yuxusunun vacibliyi və smartfon işığının yuxuya göstərdiyi mənfi təsirlər
19.03.2021 23:36

Pandemiya ilə əlaqədar karantin və özünütəcrid dövründə smartfondan daha intensiv, demək olar ki, gecə-gündüz istifadə edənlər var. Bəzi hallarda bilərəkdən özlərini yuxudan məhrum edənlər olur.

 

Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının nevropatoloqu Lalə İbrahimova AZƏRTAC-a müsahibəsində həmin hallın təhlükəsi və fəsadları barədə danışıb: “Təəssüf ki, gecə vaxtı yuxu saatlarını belə məşğuliyyətlərə sərf edənlər həmin halın yuxunun keyfiyyəti və beynin sağlamlığına necə təsir etdiyindən xəbərsizdirlər. Zahirən sadə görünən həmin vərdişlər insan sağlamlığına çox mənfi təsir göstərir. Özünü yuxudan məhrum edənlər əslində bununla qətiyyən vaxt qazanmırlar, əksinə, ömrü qısaltmış olurlar. Alimlərin 6 il ərzində 400 min nəfər üzərində yuxu ilə əlaqədar apardıqları tədqiqat zamanı aşkar edilib ki, az yuxu yatanlarda ürək-damar sistemi pozuntusu, depressiya, həyəcan, diabet, piylənmə xəstəlikləri və hətta ölüm riski 10 faiz daha çox olub. Bunun səbəbi isə yuxu və gümrahlıq göstəricisi olan sirkad ritmlərinin pozulmasındadır”.

 

Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur və həmin dövr sirkad ritmi adlandırılır. Həkim-nevropatoloqun dediyinə görə, sirkad ritmləri melatonin hormonu vasitəsilə tənzimlənir: “Melatonin baş-beyində yerləşən epifiz vəzisində sintez edilir. Melatonin hormonu orqanizmdə şiş əleyhinə və antioksidant təsir edir, endokrin sistemi ilə əlaqədar insulinə qarşı həssaslığı artırır, çəkinin tənzimlənməsinə kömək edir, yaşla əlaqədar testosteron səviyyəsinin aşağı düşməsinin qarşısını alır, ürək-damar və immun sisteminin davamlılığının təmin olunmasında iştirak edir. Araşdırmalar sübut edib ki, melatonin hormonunun normal səviyyədə sintez edilməsi insan ömrünü 20 faiz artırır.

Gur işıq melatonin sintezini iki dəfə aşağı salır. Bu barədə heç də hamı bilmir və ya bu barədə düşünmək istəmir. Smartfonun verdiyi işıq spektrində adi gözlə görülməyən göy işıq melatonin sintezini kəskin sürətdə aşağı salır. Belə ki, gecələr planşet və ya telefonla informasiya mübadiləsi edəndə yuxu hissi gec yaranır, melatonin pik həddinə çox gec çatır və nəticədə dərin yuxu fazası azalır. Beləliklə, iş həftəsi ərzində lazımi qədər yuxu yatmayanlar olur, yuxu keyfiyyətsiz olur, istirahət günlərində isə çox yatmaqla yorğunluqlarını aradan qaldırmağa çalışırlar. Əslində bu, həftə ərzində toplanmış stres və yuxusuzluğun birdən-birə yox olmasına səbəb olmur. Bu, daha çox ağrıkəsici dərman preparatının qəbul edilməsinə bənzəyir, əsl səbəb isə həll olunmamış qalır”.

 

Bundan başqa insanlar üzərində yuxu ilə əlaqədar 3 həftə ərzində digər tədqiqat da aparılıb. Tədqiqatda iştirak edənlərə gec və 6 saat müddətində yatmaq, yəni sirkad ritminə laqeyd yanaşmaq tapşırılıb. Araşdırma nəticəsində iştirakçıların prediabet vəziyyətinə gəldiyi məlum olub.

 

Problemin həlli çox sadədir. Alimlərın digər bir araşdırmasında iştirakçılar yuxu gigiyenası qaydalarını gözlədiklərindən özlərini gümrah hiss edib, onların əzələ gücü artıb, reaksiyaları sürətlənib, stres və depressiya səviyyəsi aşağı düşüb. Həkim-nevropatoloqun dediyinə görə, həmin araşdırma iştirakçılarının nail olduğu uğurları qazanmaq üçün bir sıra sadə qaydalara əməl etmək lazımdır: “Hər kəs özünə uyğun olan yatmaq və oyanmaq vaxtını müəyyən etməlidir, həmin qrafiki əldə edənə qədər isə hər dəfə yuxuya getmə və oyanma vaxtından bir saat əvvəl yatmaq və oyanmaq lazımdır. Yatmazdan 1 və ya 2 saat əvvəl smartfonlar söndürülməli, bu mümkün olmadıqda, monitoru göz üçün təhlükəsiz edən f.lux proqramını yükləyərək kompüterdə və telefonda işıq spektrinin göy işığının şüalanması azaldılmalı və ya kompüter üçün nəzərdə tutulmuş qəhvəyi və sarı rəngli eynəklərdən istifadə edilməlidir. Yatarkən yan otaqlardan və ya pəncərədən işıq düşməsinin qarşısını almaq lazımdır, çünki bu, yuxunun keyfiyyətinə təsir edir və melatonin sintezini azaldır. Bunun üçün yuxu maskalarından da istifadə etmək olar. Yaşlılar yatan zaman kənar işıqlar yeniyetmələrdən fərqli olaraq onların yuxusunun keyfiyyətini daha çox pozur. Bu, göz büllurunda baş verən dəyişikliklər səbəbindən yaşlılarda işıq spektrinin göy şüalarının daha çox qəbul edilməsi ilə əlaqədardır. Səhər yuxudan oyanan zaman otağı gur işıqlandırmaq lazımdır. Əgər yuxu gigiyenasına düzgün riayət edilməsinə baxmayaraq, bir ay ərzində yuxusuzluqla bağlı şikayətlər davam edərsə, həkimə müraciət etmək məsləhətdir”.

ÇOX OXUNANLAR
Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib  
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
 Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb   
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı təcili yardım həkimi - Füzuli Abışov
Həyat yoldaşına böyrəyini bağışladı
Azərbaycan-Türkiyə Pediatriya Günləri - Azərbaycan-Türkiyə səhiyyə əlaqələri daim yüksələn xətt üzrə inkişaf edir
“Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Şəki şəhər Ailə Sağlamlıq Mərkəzində 70-ə yaxın uşaq peyvənd olunub
Musa Abbasov: “Yenidən transplantasiya əməliyyatlarına başlayacağıq”