Fındıqda aflatoksin təhlükəsi
15.03.2021 22:40

Qida məhsullarının tərkibində yaranan toksiki elementlər insan sağlamlığı üçün ciddi təhlükə törədir. Aflatoksin də qidanın təhlükəsizliyinə və dəyərliliyinə mənfi təsir göstərən zəhərli maddələrdəndir. Bu toksinin miqdarı normadan yüksək olduqda insan sağlamlığı üçün xüsusi təhlükə mənbəyinə çevrilir.

 

Aztibb.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikasında məlumat verilib.

 

Qeyd edilib ki, qida məhsullarında, yemlərdə və müxtəlif quru meyvələrdə temperaturun və rütubətin artması ilə əlaqədar olaraq xüsusi kif göbələkləri yaranır. Kiflənməni törədən göbələklər “aflatoksin” deyilən zəhərli maddə əmələ gətirir.

 

Fındıqda aflatoksin məhsulun düzgün şəkildə qurudulmaması, uzun müddət torpağın üzərində qalması, qurudulduqdan sonra torpaq, yarpaq, ot kimi yad cisimlərdən təmizlənməməsi, kisələrə qaydalara uyğun yığılmaması və saxlanılmaması zamanı yaranır.

 

Keyfiyyətli məhsul əldə etmək üçün ilk növbədə fındıq bağları əlverişli sahədə salınmalıdır. Fındığın növü və çeşidinə uyğun olaraq becərilməsi, vaxtında yığımı və qurudulması həyata keçirilməlidir. Həmçinin məhsulun saxlanma qaydalarına xüsusi diqqət yetirilməlidir. Məhsul sərin, quru və təmiz şəraitdə saxlanmalı, birbaşa günəş işığından qorunmalıdır. Belə ki, fındığın saxlandığı anbarın döşəməsi su axınlarına qarşı yerdən yüksək olmalı, tavanı və dam örtüyü su sızıntılarının qarşısını almalıdır. Anbarın içərisi rütubətli olmamalıdır. Həmçinin temperatur dəyişikliklərinə qarşı termoizolyasiyalı olmalıdır. Kanalizasiya boruları keçən yerlər anbar kimi istifadə edilə bilməz. Fındığın saxlandığı anbarda havanın nisbi rütubəti 70 faizdən çox olmamalı, uzunmüddətli saxlama zamanı temperatur həddi 0-10℃ arasında dəyişməlidir. Qapı-pəncərələri çirklənmə və zərərli orqanizmlərin qarşısını alacaq şəkildə quraşdırılmalıdır. Anbarın döşəməsinin qurulmasına xüsusi diqqət yetirilməlidir.

 

Mütəxəssislər fındığı növ və yığım illərinə uyğun olaraq ayırıb, kətan və ya brezent kisələrdə saxlamağı tövsiyə edirlər. Saxlama zamanı kisələri bir-birinin üstünə qalaq şəklində yığmaq olmaz. Kisələr anbarın divarından 10 sm aralı yerləşdirilməlidir. Həmçinin kisələr arasında boşluq saxlanmalıdır. Havasızlıq nəticəsində kif göbələkləri müşahidə oluna bilər. Kiflənmənin baş verməməsi üçün məhsulun nəmliyinə, anbarın temperaturuna mütəmadi nəzarət edilməlidir. Uzun müddət saxlanılacaq məhsulda ayda azı 1 dəfə nəmliyin, ümumi kif göbələklərinin və aflatoksinin təhlilləri aparılmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub