Dişlərin qəfildən sınmasının SƏBƏBLƏRİ - Həkim-stomatoloq
15.02.2021 14:11

Bəzən insanlar dişlərinin qəfildən sınması ilə üzləşirlər. Belə hallara həm qapaqla örtülmüş, həm də qapaqla örtülməmiş dişlərdə rast gəlinir. Əslində dişlərin “durduğu yerdə” sınmasına qədər orqanizmdə belə sınmaların səbəbləri yaranır.

 

Bu barədə məlumatı həkim-stomatoloq Rəsul Tağıyev verib.

 

O bildirib ki, dişlərin qəfildən sınmasının əsas səbəbləri aşağıdakılardır:

 

- Gizli kariyes.

Bu zaman dişin adi halda gözlə görünməyən nahiyəsində kariyes inkişaf edərək dişin sərt toxumalarının daxilində boşluqların əmələ gəlməsinə səbəb olur. Nəticədə dişlər adi çeynəmə təzyiqinə davam gətirməyərək sınır.

 

Gizli kariyes ocaqlarını həkim-stomatoloq xüsusi alətlərin, yaxud rentgen müayinəsinin köməyi ilə aşkar edə bilir.

 

- Müalicə olunmuş bəzi dişlər.

Əgər plomblanmış boşluğun divarları nazikdirsə, çeynəmə təzyiqinin təsirindən bu divarlarda yaranan çatlar sınmaya səbəb olur.

 

- Yüklənmə.

Çənənin yalnız bir tərəfi ilə çeynəmə vərdişi, bruksizm (dişqıcama) və ya diş cərgəsində bir qrup dişlərin yoxluğu bir sıra dişlərin normadan çox yüklənməsinə gətirib çıxarır ki, nəticədə dişlərin mina qatında yaranan çatlar gec-tez sınma ilə əvəz olunur.

 

- Mübadilə pozğunluqları.

Bir sıra hallarda orqanizmdə mineral maddələrin mübadiləsinin pozulması nəticəsində (müxtəlif xəstəliklər, habelə qadınlarda hamiləlik, laktasiya, klimaks zamanı) mineral maddələrin itkisi ilə üzləşən dişlər sınmaya məruz qala bilər.

 

“Göründüyü kimi heç bir sağlam diş səbəbsiz olaraq “durduğu yerdə” sına bilməz. Buna görə də müntəzəm olaraq profilaktik baxış üçün stomatoloqun müayinəsindən keçmək tövsiyə olunur”, - deyə həkim əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama