Yaxın aylarda daha 4 reabilitasiya və sosial xidmət müəssisəsi açılacaq - Nazir müavini
18.01.2021 11:23

Yaxın aylarda daha 4 müasir reabilitasiya və sosial xidmət müəssisəsi açılacaq.


Aztibb.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.

 

Nazir müavini postmüharibə dövründə artıq 11 mindən çox şəhid ailəsi üzvünün, qazinin, müharibədən zərər çəkən şəxsin bu dəstəklə əhatə olunduğunu qeyd edib. O cümlədən 2650 şəhidin 6500 ailə üzvünə sosial ödənişlərin təyin edildiyini, eləcə də qeyd edilən kateqoriyalardan olan şəxslərin aktiv məşğuluq proqramlarına cəlb olunduğunu, onlara sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərildiyini diqqətə çatdırıb.

 

O, son bir ildə daha 1500 şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxsin mənzil və fərdi evlə, 400 müharibə əlilinin avtomobillə təmin edildiyini deyib. İndiyədək bu kateqoriyalardan olanlara 9100-dən çox mənzil və fərdi evin, 7200-dən çox avtomobilin verildiyini qeyd edib. Keçmiş köçkünlər üçün tikilmiş mənzillərin Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələrinə verilməsi üçün həmin mənzillərin Nazirliyin balansına verilməsi prosesinin bitməkdə olduğunu bildirib. Bu yeni mühüm proqramın şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin evlə təminatında növbəti ciddi irəliləyişə imkan verəcəyini deyib.

 

A.Kərimov diqqətə çatdırıb ki, son iki ildə 10-dan çox bölgədə, o cümlədən 2020-ci ildə 6 bölgədə (Lənkəran, Xaçmaz, Şirvan, Şəki, Sumqayıt, Göygöl) müasir reabilitasiya və sosial xidmət müəssisələri açılıb. Yaxın aylarda 4 müasir reabilitasiya və sosial xidmət müəssisəsi də açılacaq. Ümumilikdə son illər qurulan müasir reabilitasiya sistemi yaralanmış qazilərimizin səmərəli tibbi-sosial reabilitasiya xidmətləri ilə əhatə olunmasına şərait yaradıb. Eyni zamanda, yaralanmış qazilərimiz reabilitasiya vasitələri, xüsusilə də müasir, yüksək texnologiyalı protezlərlə təminatı istiqamətində ardıcıl işlər aparılır. Son bir ayda onlara 530 reabilitasiya vasitəsi verilib, həmçinin 6 qazi yüksək texnologiyalı 8 protezlə təmin olunub, hazırda da bu sahədə işlər davam edir.

 

Nazir müavini vurğulayıb ki, dövlət başçısının sosial sahəyə xüsusi qayğısı sosial təminatın ildən-ilə güclənməsinə imkan verib. 2020-ci ildə də sosial təminat növləri üzrə ödənişlərə əvvəlki ilə nisbətən 20% və ya 1 milyard manat çox olmaqla 5 milyard 743 milyon manat, o cümlədən pensiya üzrə 20%, Prezidentin təqaüdü və müavinət üzrə 18%, ünvanlı sosial yardım üzrə 41% çox vəsait yönəldilib.

 

A.Kərimov dövlət başçısının Fərmanları ilə şəhid ailələri və müharibə iştirakçılarına növbəti dəstək kimi, cari ilin əvvəlindən onlara yönələn təqaüdlərin əhəmiyyətli dərəcədə artırıldığını, yeni təqaüd növlərinin təsis edildiyini, 100 minədək insanın bu fərmanlarla əhatə olunduğunu qeyd edib. O, ötən il sosial ödənişlərin davamlılığının təmin olunduğunu, ünvanlı sosial yardım proqramının genişləndiyini, bu proqrama əlçatanlığın artırıldığını və proqramın şərtlərinin yumşaldıldığını bildirib.

 

Nazir müavini bildirib ki, 2021-ci ildə qarşıda duran sosial hədəflər sırasına postmüharibə dövrü üzrə sosial dəstək tədbirlərinin daha da genişləndirilməsi, sosial ödənişlərinin davamlılığının təmin edilməsi, işğaldan azad edilmiş ərazilərdə sosial infrastrukturun qurulmasınabaşlanması, sosial proqramların, o cümlədən mənzil və avtomobillə təminat, özünüməşğulluq və s. proqramların daha da genişləndirilməsi, yeni DOST, reabilitasiya və sosial xidmət mərkəzlərinin yaradılması, Nazirlik üzrə e-xidmətlərin sayının 61-dən 100-ə çatdırılması və s. daxildir.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma