Muxtar Respublikada tibb müəssisələrinin akkreditasiyası Qaydası təsdiqlənib
16.12.2020 18:24

“Naxçıvan Muxtar Respublikasında tibb müəssisələrinin akkreditasiyası Qaydası” təsdiq edilib.

 

Bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərar verib. 

 

Qərarda bildirilir ki, bu Qayda mülkiyyətindən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin akkreditasiyasının keçirilməsi qaydasını müəyyən edir.

 

Tibb müəssisələrinin akkreditasiyası əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb müəssisələrinin fəaliyyətinin normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi və əhalinin yüksəkkeyfiyyətli tibbi xidmət göstərən tibb müəssisəsi tərəfindən müayinə və müalicə olunması üçün seçim hüququnun təmin edilməsi məqsədilə aparılacaq. Akkreditasiya Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yaratdığı Naxçıvan Muxtar Respublikası Tibb Müəssisələrinin Akkreditasiyası Komissiyası tərəfindən həyata keçiriləcək. Komissiyanın tərkibi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin rəhbəri tərəfindən təsdiq ediləcək.

 

Tibb müəssisələrinin akkreditasiyası hər 5 ildən bir həyata keçiriləcək. Dövlət tibb müəssisələri və özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyası olan və həmin lisenziya üzrə ən azı 1 il fəaliyyət göstərən tibb müəssisələri akkreditasiyaya cəlb olunacaqlar.

 

Akkreditasiya zamanı tibb müəssisəsinin ümumi idarə edilməsi, o cümlədən maddi-texniki bazasının və kadr potensialının formalaşdırılması, tibbi statistikanın aparılması; təhlükəsizliyin təmin edilməsi (binanın təhlükəsizliyi, sanitariya-gigiyena və mühəndis-texniki vəziyyəti, infeksion nəzarət, tibbi tullantıların idarə edilməsi, tibbi avadanlıqlara nəzarət və farmakonəzarət və s.); müalicə və pasiyentlərə xidmət (pasiyentin təhlükəsizliyinin və hüquqlarının təmin olunması, müayinə və müalicə tədbirləri, qidalanma və s.) istiqamətlər üzrə tibb müəssisələrinin fəaliyyətinin müvafiq normativ hüquqi aktlara uyğunluğu qiymətləndiriləcək. 

 

Tibb müəssisəsi akkreditasiyanın keçirilməsi üçün ərizə ilə Komissiyaya müraciət edəcək. Siyahıda göstərilən bütün sənədlər təqdim edilmədikdə və ya təqdim edilmiş sənədlərdə qeyri-dəqiq və ya natamam məlumatlar aşkarlandıqda, Komissiya 3 iş günü müddətində çatışmazlıqlar göstərilməklə müşayiət məktubu ilə təqdim olunan sənədləri tibb müəssisəsinə geri qaytaracaq.  Tibb müəssisəsinin sənədlərdəki çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən müraciət etmək hüququ var.

 

Qaydaya uyğun olaraq tibb müəssisəsinin akkreditasiyası üzrə qiymətləndirmə Komissiyanın sədri tərəfindən yaradılmış işçi qrup tərəfindən aparılacaq. İşçi qrup aparılmış qiymətləndirmənin nəticəsi barədə hesabat hazırlayaraq Komissiyaya təqdim edəcək. Komissiya işçi qrupun hesabatı əsasında bu Qaydaya uyğun olaraq sənədlərin qəbul olunmasından sonra 30 iş günü müddətində tibb müəssisəsinin akkreditasiyadan keçib-keçməməsi barədə qərar verəcək. Komissiya akkreditasiyadan keçmə barədə qərar verdikdən sonra 3 iş günü müddətində tibb müəssisəsinə “Tibb müəssisəsinin akkreditasiyası haqqında Şəhadətnamə” verəcək.

 

Şəhadətnamə almış tibb müəssisəsi, habelə şəhadətnamənin qüvvədəolma müddəti barədə məlumat Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin saytında yerləşdiriləcək.

 

Akkreditasiyadan keçməmiş tibb müəssisəsinə Komissiyanın əsaslandırılmış qərarı qəbul olunduğu gündən 3 iş günü müddətində göndəriləcək. Akkreditasiyadan keçə bilməyən tibb müəssisəsi Komissiyanın qərarında göstərilən uyğunsuzluqları və nöqsanları aradan qaldırdıqdan sonra akkreditasiya üçün təkrar müraciət edə biləcək.

 

Akkreditasiyadan keçmiş tibb müəssisələrinin fəaliyyətinin mövcud normativ hüquqi aktlara uyğunluğunu nəzarətdə saxlamaq məqsədilə Komissiya tərəfindən ildə bir dəfədən az olmamaqla monitorinq həyata keçiriləcək.

 

Tibb müəssisəsinin akkreditasiya müddəti başa çatdıqda; tibb müəssisəsi yenidən təşkil olunduqda; tibb müəssisəsi ləğv edildikdə; tibb müəssisəsinin müvafiq müraciəti olduqda; tibb müəssisəsinin lisenziyası ləğv edildikdə (özəl tibb müəssisələri üçün); monitorinq nəticəsində tibb müəssisəsinin fəaliyyətində insanların həyat və sağlamlığına mühüm təhlükə yaradan hallar aşkar edildikdə Şəhadətnamə ləğv ediləcək.