Panik atak - Əlamətləri və müalicəsi
04.12.2020 12:56

Panik atak son vaxtlar tez-tez rast gəlinən hallardan biridir. Bu nəfəs darlığı, tərləmə, titrətmə, boğulma kimi əlamətlərlə özünü büruzə verən xəstəlikdir. Davametmə müddəti pasiyentdən asılı olaraq dəyişsə də, adətən 40-45 dəqiqədən uzun çəkmir. Həyəcan və təşvişin səbəb olduğu bu xəstəliklə əlaqədar xüsusilə pandemiya dövründə müraciətlər çoxalıb.

 

Aztibb.az xəbər verir ki, bunu AZƏRTAC-a Bakı Sağlamlıq Mərkəzinin həkim-nevropatoloqu Sevinc Salamova deyib: “COVID-19-da olan nəfəs darlığı, tənəffüs pozğunluğu kimi əlamətlər panik atakda da olur. Elə həmin oxşarlığa görə çox vaxt xəstələr onu ayırd etməkdə çətinlik çəkirlər. Həkimin apardığı müayinə nəticəsində COVID-19 infeksiyasına yoluxma aşkar edildikdən sonra xəstə həkim-nevropatoloqa doğru yönləndirilir”.

 

Onun dediyinə görə, panik atakdan əziyyət çəkənlər belə vəziyyətdə qorxu içində olduqlarına görə onların təşvişi daha da artır və bu, vəziyyətin gərginləşməsinə səbəb olur: “Narahatlıq halları mərhələli şəkildə artır. Xəstə həmin halı öz nəzarəti altında saxlayarsa və həmin fikirdən uzaqlaşarsa, məşqlər vasitəsilə düzgün tənəffüs almağa çalışarsa, bu, panik həmlənin yavaş-yavaş iflasına aparıb çıxaracaq.

 

Ürəyin tez-tez döyünməsi, həyəcanlanma, dodaqların tez-tez quruması halları xəstəliyin əsas əlamətləridir. Xəstələr dəfələrlə belə hallarla üzləşdikləri üçün məlumatlı olmalı və vəziyyəti nəzarətdə saxlamağı bacarmalıdırlar. Xəstənin yaxınları isə həmin vəziyyətdə onun diqqətini yayındırmaqla kömək edə bilərlər”.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərovanın dediyinə görə, panik atakı həm dərmanlar, həm də psixoterapiya ilə aradan qaldırmaq mümkündür: “Elə xəstələr var ki, dərman qəbul etmək istəmir və yaxud bunun əksinə dərman qəbul edərək sağalmaq istəyənlər olur. Təbii ki, dərman təsir göstərərək müəyyən vaxt ərzində rahatlıq yaradır. Xəstənin düşüncələrində, hadisələrə yanaşmasında panik atakın yaranması, onun aradan qaldırılması və nəfəs darlığının aradan qaldırılması üçün istifadə olunan texnikalar psixoterapiyada öyrənilir”.

 

Əvvəllər həmin hal 30 yaşdan yuxarı olanlar arasında müşahidə olunsa da, son zamanlar ona yeniyetmələr arasında da rast gəlinir. Bu, daha çox genetik faktorlar və ailədaxili problemlərdən irəli gələ bilər. Bu xəstəlikdən heç kimin sığortalanmadığını nəzərə alsaq, vaxtında həkimə müraciət edərək problemi aradan qaldırmaq mümkündür.

 

Həkim-fitoterapevt Fizuli Hüseynov isə deyib: “Panik atak tutmaları və depressiya tutmalarını azaldan bir sıra bitkilər var: ballınanə, çobanyastığı, yarpız, pişikotu, maya sarmaşığı, damotu, yunan lavandası və s. Məsələn, belə bir bitki qarışığından istifadə etmək olar: ballınanə və ya damotu bitkilərinin hərəsindən 1 xörək qaşığı olmaqla 3 stəkan qaynamaqda olan suya əlavə edilərək 5 dəqiqə qaynadılır, 30 dəqiqə dəmlənilir. Daha sonra süzülərək gündə üç dəfə yeməkdən yarım saat öncə 1 stəkan içilir. Ancaq həmin müalicələr xəstəlikdə demək olar ki, 30 faiz fayda verir, çünki panik atak xəstəliyi zamanı kompleks müalicə tətbiq olunmalıdır”.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
TƏBİB tərəfindən patronaj xidmətinin keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə təlimçilərin hazırlığı proqramı həyata keçirilib
Kardiologiya ixtisası - milli səhiyyə təhlükəsziliyinin strateji istiqaməti
Həddindən artıq isti hava beyin üçün təhlükə yaradır