Azərbaycan Tibb Universitetində (ATU) Zəfər Günü münasibətilə şəhid ailələrinin üzvü olan tələbələrlə duyğulu görüş keçirilib.
Universitetdən Aztibb.az-a bildirilib ki, şəhidlərin əziz xatirəsinin yad edildiyi, qəhrəmanlıq salnaməsinin xatırlandığı tədbirdə çıxış edən ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov onların bizə əmanət qalan övladları ilə hər görüşün xüsusi mənəvi əhəmiyyət daşıdığını vurğulayıb.
Hər dəfə bu tələbələrlə şəxsən görüşməyi və onların yanında olmağı mənəvi borcu hesab edən prorektor qeyd edib ki, şəhidlərin yoxluğu ailələri və cəmiyyətimiz üçün heç zaman sağalmayan bir yaradır. Bununla belə, onların göstərdiyi qəhrəmanlıq heç vaxt unudulmayacaq, şəhid övladları isə Vətən tarixində əbədi yaşayacaq igidlərin ən qiymətli yadigarlarıdır.
Mahir Səfərov dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışaraq, ATU rəhbərliyinin də bu istiqamətdə ardıcıl dəstək göstərdiyini bildirib. Rektor, professor Gəray Gəraybəylinin rəhbərliyi ilə universitetin şəhid ailələrinin üzvü olan tələbələrin problemlərinə həssas yanaşdığını, onların təhsil və tələbəlik həyatında qarşılaşdıqları çətinliklərin həlli üçün imkanlar daxilində kömək göstərildiyini diqqətə çatdırıb.

