ATU-da Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş idman yarışlarının qalibləri mükafatlandırılıb
05.11.2026 15:28

8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Tibb Universitetinin (ATU) İdman Kompleksində tələbələr arasında badminton, stolüstü tennis və kamandan oxatma üzrə idman yarışları keçirilib.

 

Universitetdən Aztibb.az-a verilən məlumata görə,  ATU-nun “Təbib” Tədris İdman Mərkəzinin (TTİM) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, “Vector” Oxatma Klubunun dəstəyi ilə reallaşdırılan tədbirlər tələbələr arasında idmana marağı artırmaq, fiziki hazırlığı və sağlam həyat tərzini təşviq etmək, milli bayramlarımızı gənclər arasında yüksək vətənpərvərlik ruhunda qeyd etmək məqsədi daşıyıb.

 

Stolüstü tennis üzrə yarışlar TTİM-in məşqçi-müəllimi Yaroslava Ağaməliyevanın rəhbərliyi ilə keçirilib. Ümumilikdə 26 tələbənin (16 oğlan və 10 qız) iştirak etdiyi yarışlarda qızlar arasında Demirtaş Tuğce I, Alena Abraham II, Rəna Mahmudova III yeri tutub. Oğlanların mübarizəsində Barış Kaplan qızıl medal qazanıb. Seyedali Mirhaşemi II, Eren Şahin isə III olub.

 

Badminton yarışları TTİM-in məşqçi-müəllimi Nərgiz Mehdiyevanın nəzarəti və baş hakimliyi ilə Olimpiya sistemi üzrə təşkil olunub. 32 tələbənin (16 oğlan və 16 qız) qatıldığı yarışda qızlar arasında Ülkər Məmmədova I, Söhmer Bərivan II, Alena Abraham III yeri tutub. Oğlanların yarışında Riçard Marven qalib olub. Vəfa Emin II, Mövlam Baxışlı isə III yeri qazanıb.

 

Stolüstü tennis və badminton yarışlarının ardından İdman Kompleksinin atletika manejində kamandan oxatma üzrə mübarizə keçirilib. ATU-nun Hərbi tibb fakültəsinin I kurs feldşer kursantları arasında Vector Oxatma Klubunun təşkilatçılığı ilə keçirilən yarışda 88 kursant (70 oğlan və 18 qız) iştirak edib. Qızlar arasında Milana Həbibullayeva I, Firəngiz Əsədova II, Ayşən Abışova III yeri tutub. Oğlanların mübarizəsində Nihad Abbaszadə I, Səid Bayramlı II, Vaqif Abbasov isə III olub.

 

Yarışların tibbi təminatı da diqqətdə saxlanılıb. Tələbələr könüllü həkim qismində iştirak edərək, yarışlar zamanı ilkin tibbi yardımın göstərilməsini təmin ediblər. Bu, gələcək tibb mütəxəssislərinin peşə biliklərini praktik şəraitdə tətbiq etmələri və ictimai məsuliyyət bacarıqlarını nümayiş etdirmələri baxımından əhəmiyyətli olub.

Yarışların başa çatmasından sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Mərasimi giriş sözü ilə «Təbib» Tədris İdman Mərkəzinin müdiri, dosent Qələndər Aslanov açaraq iştirakçıları Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. Daha sonra tədbir iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini birlikdə ifa ediblər.

 

Rəsmi hissədə Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Rəhimə İsmayılova, ATU-nun Hərbi tibb fakültəsinin rəisi, polkovnik Məharət Rzayev, İctimai Səhiyyə fakültəsinin həmkarlar təşkilatının sədri Səidə Hacıyeva və “Vector” Oxatma Klubunun baş məşqçisi Vüsal Kazımov çıxış ediblər. Çıxışlarda universitetdə idmanın inkişafı və tələbələrin idman fəaliyyətinə cəlb edilməsinin əhəmiyyəti vurğulanıb, təşkilatçıların birgə fəaliyyətinin təqdirəlayiq olduğu bildirilib.

 

Daha sonra qaliblər mükafatlar təqdim olunub. Yarışların tibbi təminatında könüllü həkim kimi iştirak edən İlhamə Namazova, Səfiyyə Qazilova və Aysel Məmmədova isə fəallıqlarına, məsuliyyətlərinə və göstərdikləri tibbi dəstəyə görə təşəkkürnamələrlə təltif ediliblər.

 

Tədbir Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) bir sıra istiqamətləri ilə uzlaşır. Belə ki, DİM 3 – Yaxşı səhiyyə və rifah tələbələr arasında sağlam həyat tərzinin təşviqini və fiziki sağlamlığın dəstəklənməsini, DİM 4 – Keyfiyyətli təhsil onların hərtərəfli inkişafını və praktik bacarıqlarının formalaşdırılmasını, DİM 5 – Gender bərabərliyi qız və oğlan tələbələrin idman fəaliyyətində bərabər iştirak imkanlarının təşviqini, DİM 17 – Məqsədlər üçün tərəfdaşlıq isə universitet, dövlət qurumu və idman təşkilatı arasında əməkdaşlığın inkişafını əhatə edir.

ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
 Ağdərə rayonunun Həsənriz kəndində sakinlər üçün səyyar tibbi xidmət təşkil olunub