Keniyada göbələkəleyhinə preparatların dörd əsas qrupuna qarşı davamlı olan Candidozyma auris göbələyinin son dərəcə nadir ştammı müəyyən edilib. Bu, Afrikada sənədləşdirilmiş ilk, dünyada isə ikinci belə haldır.
Aztibb.az xəbər verir ki, tədqiqatın nəticələri "Scientific Reports" elmi jurnalında dərc olunub.
Təhlükəli mikroorqanizm Nayrobi şəhərindəki xəstəxanalardan birində müalicə alan 28 yaşlı qadında aşkarlanıb. Əməliyyat keçirən pasiyentdə sonradan cərrahi yara infeksiyası inkişaf edib. Laboratoriya müayinələri infeksiyanın törədicisinin dərmanlara qarşı misli görünməmiş dərəcədə yüksək davamlılığa malik olduğunu göstərib.
Müəyyən edilib ki, göbələk flukonazol, mikafungin, amfoterisin B və flusitozin preparatlarına qarşı davamlıdır. Bu preparatlar göbələk infeksiyalarının müalicəsində istifadə olunan dörd əsas dərman qrupunu təmsil edir. Belə davamlılığın eyni vaxtda mövcud olması müalicə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
Candidozyma auris göbələyi xüsusilə xəstəxanada müalicə alan pasiyentlər üçün təhlükə yaradır. Bu patogen tibbi avadanlıqların və digər səthlərin üzərində uzun müddət qala bilir. Bu xüsusiyyət onun xəstəxanadaxili yayılma riskini artırır. İmmuniteti zəif olan və ağır yanaşı xəstəliklərdən əziyyət çəkən insanlar daha yüksək risk altındadır.
Aşkar edilmiş nümunəni öyrənmək üçün alimlər tam genom sekvensləməsi aparıblar. Təhlil nəticəsində göbələkəleyhinə preparatlara davamlılıqla əlaqəli bir neçə mutasiya müəyyən edilib. Bəzi genetik dəyişikliklər 2022-ci ildə Nyu-Yorkda qeydə alınmış ilk analoji ştammdakı dəyişikliklərdən fərqlənib.
Tədqiqatçılar tam dərman davamlılığının müstəqil şəkildə formalaşmış ola biləcəyini ehtimal edirlər. Bununla belə, davamlılığın dəqiq səbəblərini hələlik müəyyən etmək mümkün olmayıb. Mütəxəssislər həmçinin pasiyentin əvvəllər aldığı müalicənin dərmanlara davamlılığın yaranmasına təsir göstərib-göstərmədiyini müəyyən edə bilməyiblər.
Tədqiqatın müəllifləri bu cür infeksiyalara qarşı laboratoriya nəzarətinin gücləndirilməsinə və genetik monitorinqin genişləndirilməsinə çağırıblar. Onların fikrincə, təhlükəli ştammların vaxtında aşkarlanması tibb müəssisələrində yoluxma hallarının və mümkün infeksiya alovlanmalarının qarşısının alınması baxımından xüsusi əhəmiyyət daşıyır.

