Geniş yayılmış PFOS kimyəvi maddəsi immun sisteminin viruslara qarşı müdafiəsində mühüm rol oynayan IRF3 zülalının fəaliyyətini pozur.
Aztibb.az "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunan tədqiqatın nəticələrinə diqqət çəkib.
Araşdırmaya görə, bu təsir qrip və digər virusların daha sürətlə çoxalmasına, infeksiyanın isə daha ağır keçməsinə səbəb ola bilər.
Perflüoroktansulfonat (PFOS) minlərlə süni kimyəvi birləşməni əhatə edən PFAS qrupuna daxildir. Təbiətdə və orqanizmdə çox gec parçalandığı üçün bu maddələr “daimi kimyəvi maddələr” adlandırılır. Yağ və suyu itələmək, yüksək temperatura davam gətirmək xüsusiyyətlərinə görə uzun müddət sənaye və məişət məhsullarında istifadə olunub.
Çin Elmlər Akademiyasının tədqiqatçıları müəyyən ediblər ki, PFOS immun sisteminin viruslara qarşı müdafiəsini başladan IRF3 zülalına birbaşa bağlanaraq onun fəaliyyətini pozur. Nəticədə hüceyrələr viruslara qarşı müdafiədə mühüm əhəmiyyət daşıyan interferon zülallarını daha az istehsal edir.
Siçanlar üzərində aparılan təcrübələrdə PFOS-a məruz qalan heyvanlarda qrip infeksiyası daha ağır keçib, çəki itkisi və ölüm halları artıb, ağciyərlərdə zədələnmələr güclənib. Tədqiqatçılar həmçinin PFOS-un hepatit B virusunun miqdarını artırdığını müşahidə ediblər. İnsan ağciyər hüceyrələri üzərindəki sınaqlarda isə bu maddə qrip, herpes, quduzluq və HİV daxil olmaqla müxtəlif viruslara qarşı müdafiə reaksiyasını zəiflədib.
İnsanlar üzərində aparılan müşahidələr də PFOS-un qanda yüksək səviyyəsi ilə bəzi viruslara qarşı immun göstəricilərinin aşağı olması arasında əlaqə olduğunu göstərib. ABŞ-da 1179 nəfərin məlumatlarının təhlili zamanı qanda PFOS səviyyəsi yüksək olan şəxslərdə qızılca və məxmərəyə qarşı anticisimlərin səviyyəsi daha aşağı olub. Sağlam könüllülər və virus infeksiyaları səbəbindən xəstəxanaya yerləşdirilmiş xəstələr arasında aparılan müşahidələrdə də oxşar əlaqələr aşkarlanıb.
Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, insanlarda əldə olunan nəticələr PFOS-un birbaşa səbəbkar olduğunu sübut etmir. Bu maddənin virus infeksiyalarına yoluxma ehtimalına və xəstəliyin ağırlığına təsirini dəqiq müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.
Alimlər PFOS çirklənməsinə nəzarətin gücləndirilməsinin vacibliyini bildirir, xüsusilə uşaqların və yaşlıların sağlamlığının qorunmasına diqqət yetirilməsini tövsiyə edirlər.

