Qida və ya maye udarkən yaranan çətinlik bəzən sadəcə keçici narahatlıq deyil, disfagiya adlanan udma pozğunluğunun əlaməti ola bilər.
Aztibb.az xəbər verir ki, qastroenteroloq-endoskopist Dr. Rəfael Həsənov disfagiyanın əsas əlamətləri, mümkün səbəbləri və vaxtında tibbi müayinənin əhəmiyyəti barədə məlumat verib.
Disfagiya qida və mayelərin udulması zamanı çətinlik yaranması ilə xarakterizə olunur. Bu zaman insan qidanın boğazda və ya döş qəfəsində ilişib qalması hissini yaşaya, udarkən ağrı və çətinliklə qarşılaşa bilər. Su və digər mayeləri qəbul edərkən öskürək və boğulma, səsdə dəyişiklik və ya xırıltı, qidanın geri qayıtması da disfagiyanın əlamətləri sırasındadır. Bəzi hallarda qidanı udmaq üçün daha çox vaxt və səy tələb olunur.
Disfagiyanın yaranma səbəbləri müxtəlifdir. Qida borusunun daralması, qastroezofageal reflüks, iltihabi xəstəliklər, qida borusunun hərəkət pozğunluqları və digər sağlamlıq problemləri udma çətinliyinə səbəb ola bilər.
Udma çətinliyi təkrarlanırsa və ya getdikcə artırsa, səbəbin müəyyənləşdirilməsi üçün həkimə müraciət etmək vacibdir. Xüsusilə qidanın ilişib qalması və udmanın getdikcə çətinləşməsi diqqətdən kənarda qalmamalıdır. Udma zamanı qəfil yaranan ciddi çətinlik və ya nəfəsalma problemi isə təcili tibbi yardım tələb edir.

