Bakı Baş Səhiyyə Mərkəzinin (BBSM) Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit şöbəsinin 2026-cı il üçün Tədbirlər Planına uyğun olaraq, “Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi” və “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” mövzularında təlim-toplanış keçirilib.
Aztibb.az xəbər verir ki, təlimdə BBSM-in müvafiq struktur bölmələrinin əməkdaşları və tabeli tibb müəssisələrinin əməyin mühafizəsi üzrə mühəndisləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan SƏTƏM şöbəsinin müdiri Qabil Abdullayev yanğın və digər fövqəladə hallar zamanı işçilərin təhlükəsizliyinin təmin edilməsi, təxliyənin operativ təşkili və əməkdaşların fəaliyyət qaydalarının praktiki yoxlanılması barədə məlumat verib.
TƏBİB-in İnnovasiya və Təchizat Mərkəzinin əməyin mühafizəsi üzrə mütəxəssisi Sənan Həsənov əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi, Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin Təlimlərin təşkili şöbəsinin müdiri Nigar Hüseynova isə istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və qeydiyyata alınması mövzularında çıxış ediblər.
Çıxışlarda əməyin mühafizəsi qaydalarına riayət olunması, iş yerlərində risklərin müəyyənləşdirilməsi və qarşısının alınması, təhlükəsiz əmək şəraitinin yaradılması, eləcə də istehsalat hadisələrinin araşdırılması və sənədləşdirilməsi məsələləri diqqətə çatdırılıb.
Təlimin məqsədi əməkdaşların təhlükəsizlik sahəsində biliklərini artırmaq, istehsalat risklərini minimuma endirmək, bədbəxt hadisələrin qarşısını almaq, işçilərin həyat və sağlamlığının qorunmasını təmin etməkdir.
BBSM-də bu istiqamətdə həyata keçirilən tədbirlər təhlükəsiz əmək mühitinin formalaşdırılmasına və əməkdaşların təhlükəsizlik mədəniyyətinin yüksəldilməsinə xidmət edir.

