5 Oktyabr – Beynəlxalq Həkimlər Günüdür.
Aztibb.az xəbər verir ki, hər il oktyabr ayının ilk bazar ertəsi dünyanın bir çox ölkəsində Beynəlxalq Həkimlər Günü qeyd olunur. Bu gün dünya həkimlərinin həmrəylik və aktiv fəaliyyətlər günü hesab edilir. Bu günün təşəbbüskarları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və “Sərhədsiz həkimlər” beynəlxalq tibbi-humanitar təşkilatıdır.
Dövlət Statistika Komitəsindən bildirilib ki, Azərbaycanda bütün ixtisasdan olan həkimlərin sayı 2026-cı ilin əvvəlinə 34,8 min nəfər, orta tibb işçilərinin sayı isə ilin əvvəlinə 55, 3 min nəfər təşkil edir.
Ölkəmizin tibb işçiləri yeni növ koronavirus (COVID-19) pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə vəzifə borclarını ləyaqətlə yerinə yetirərək həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq nümunəsi göstəriblər. Azərbaycan tibb işçiləri hər iki sınaqdan uğurla çıxıblar. COVID-19 pandemiyası Azərbaycanın səhiyyə sahəsində fövqəladə vəziyyətlərə yüksək hazırlıq səviyyəsini göstərdi. Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı olmaqla, ümumilikdə 44 tibb işçisi qəhrəmancasına şəhid olub.

