Suraxanı Tibb Mərkəzində “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda kiçik tibb heyətinə təlim keçirilib.
Mərkəzdən Aztibb.az-a bildirilib ki, təlimi mərkəzin İnzibati işlər üzrə direktor müavini Ceyhun Talıbov, həkim-statistiki Yeganə Camalova və əməyin mühafizəsi üzrə mütəxəssis Yaşar Xələfov keçiriblər.
Əməkdaşların peşəkar inkişafının və iş fəaliyyətində etik prinsiplərə riayət olunmasının dəstəklənməsi məqsədilə keçirilən təlimdə tibb işçilərinin pasiyentlərlə düzgün və etik ünsiyyəti, pasiyent hüquqlarına hörmət, tibbi məlumatların məxfiliyinin qorunması, peşəkar davranış prinsipləri və komanda daxilində effektiv kommunikasiya kimi mühüm məsələlər müzakirə olunub.
İnteraktiv formatda təşkil olunan görüşdə real iş situasiyaları ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb və müxtəlif yanaşmalar müzakirə edilib.

