Azərbaycan Tibb Universitetinin (ATU) “Təbib” Tədris İdman Mərkəzinin idman kompleksində idmançılar üçün ustad dərsi təşkil olunub.
ATU-dan Aztibb.az-a verilən məlumata görə, Avropa və dünya çempionu, üçqat Olimpiya Oyunlarının iştirakçısı və Milli Yığmanın məşqçisi Fəridə Əzizovanın rəhbərliyi ilə baş tutan seminarda yeniyetmə, gənc və böyük yaş qruplarını təmsil edən ümumilikdə 40 idmançı iştirak edib. İştirakçılar sırasında ATU-nun tələbə-karateçiləri də yer alaraq öz ustalıqlarını artırmaq imkanı qazanıblar.
Məşq prosesində F.Əzizova tərəfindən idmançılara döyüş taktikaları, peşəkar fəndlərin düzgün icra qaydaları və yarışlara fiziki-psixoloji hazırlıqla bağlı mühüm tövsiyələr verilib. Tələbə və gənc idmançılar peşəkar idmançı ilə birgə çalışaraq praktiki biliklərini təkmilləşdiriblər.
Tədbir idmançıların peşəkar inkişafına dəstək vermək və təcrübə mübadiləsini təmin etmək məqsədi daşıyıb.

