“Şəkərsiz” və “zero” markalı məhsullar rasionda əlavə şəkərin miqdarını azaltmağa kömək edə bilər. Lakin bu ifadələr məhsulun mütləq azkalorili və ya faydalı olduğunu göstərmir.
Aztibb.az "İzvestiya" nəşrinə istinadən yazır ki, endokrinoloq və dietoloq Yekaterina Saxnovanın sözlərinə görə, məhsulun tərkibində şəkərin olmaması onun yağ və kalori miqdarının aşağı olması demək deyil. Məsələn, şəkərsiz şokoladın tərkibində kakao yağı, peçenyedə isə un və yağ qala bilər.
Mütəxəssis məhsul seçərkən yalnız “şəkərsiz” yazısına deyil, kaloriliyinə, porsiya ölçüsünə və tərkibinə də diqqət yetirməyi tövsiyə edir. Tərkibdə siroplar, bal, bəkməz, meyvə şirəsi konsentratı və maltodekstrin kimi karbohidrat mənbələri ola bilər.
Şəkər spirtləri, o cümlədən sorbit, maltit, ksilit və eritrit də diqqət tələb edir. Onların həddindən artıq istifadəsi köp, qaz və digər həzm problemlərinə səbəb ola bilər. Qastroenteroloq Olqa Çistik qeyd edib ki, xüsusilə sorbit və mannit bəzi insanlarda bu əlamətləri daha çox yarada bilər.
“Zero” məhsullar arıqlama prosesində yalnız daha kalorili qidaları həqiqətən əvəz etdikdə faydalı ola bilər. Şəkər əvəzedicilərinin özləri isə arıqlamağa səbəb olmur. Eyni zamanda, bu məhsullar diabet və prediabet zamanı sürətli karbohidratların qəbulunu azaltmağa kömək edə bilər.
Mütəxəssislər bildirirlər ki, şəkər əvəzedicilərinin bağırsaq mikrobiotasına təsiri ilə bağlı elmi məlumatlar hələ tam aydın deyil və fərdi reaksiyalar dəyişə bilər. Gündəlik əsas içki kimi isə suya üstünlük verilməsi tövsiyə olunur.
Şəkərsiz məhsullar qəbul etdikdən sonra mütəmadi olaraq köp, nəcis dəyişiklikləri və ya qarın ağrısı yaranırsa, onların istifadəsini azaltmaq və qastroenteroloqa müraciət etmək məsləhətdir.

