Alimlər orta yaşda verilən sağlamlıqla bağlı qərarların beyin sağlamlığına ciddi təsir göstərə biləcəyini müəyyən ediblər.
Aztibb.az "Sciencefocus" nəşrinı istinadən yazır ki, beynəlxalq araşdırma orta yaş dövründə həyat tərzi və sağlamlıqla bağlı vərdişlərin sonrakı yaşlarda beyin sağlamlığına uzunmüddətli təsirini ortaya qoyub. Nyu-York Universitetinin (NYU) tədqiqatçıları 55 yaşında demensiya əlamətləri olmayan 12 mindən çox insanı təxminən 25 il ərzində izləyiblər.
Bunlara diqqət
Araşdırmada yüksək qan təzyiqi, diabet və tütün istifadəsi kimi dəyişdirilə bilən risk amillərinin demensiyanın inkişafına təsiri araşdırılıb. 45–65 yaş arasında bu üç risk amilinin heç birinə malik olmayan insanların həmin riskləri daşıyanlarla müqayisədə orta hesabla 13 il daha uzun müddət demensiyasız yaşadığı müəyyən edilib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 57 milyondan çox insan demensiya ilə yaşayır. Hər il təxminən 10 milyon yeni demensiya hadisəsi qeydə alınır.
Araşdırmada demensiya riskinin 55 yaşdan sonra sürətlə artdığına diqqət çəkilib. Mütəxəssislər balanslaşdırılmış qidalanmanın və müntəzəm fiziki aktivliyin orta yaşdan etibarən həyat tərzinin bir hissəsinə çevrilməsinin vacibliyini vurğulayıblar.

