Hər il sentyabrın 26-da qeyd olunan Ümumdünya Kontrasepsiya Günü reproduktiv sağlamlıq, ailə planlaşdırılması və məlumatlı seçimlərin əhəmiyyətinə diqqət çəkir.
Kontrasepsiyanın əhəmiyyəti yalnız arzuolunmaz hamiləliyin qarşısının alınması ilə məhdudlaşmır. Düzgün seçilmiş üsul qadın və kişinin reproduktiv sağlamlığının qorunmasına, hamiləliklər arasında uyğun zaman intervalının saxlanılmasına və ailənin gələcək planlarının daha düşünülmüş şəkildə müəyyənləşdirilməsinə imkan yaradır.
Aztibb.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Xanım Adıgözəlova-Mirzəyeva deyib. Qeyd edib ki, bununla yanaşı, kontrasepsiya üçün seçilən üsul ömürboyu dəyişməz qərar kimi qəbul edilməməlidir. İnsanın sağlamlıq durumu, həyat tərzi və ailə vəziyyəti dəyişdikcə, istifadə olunan kontrasepsiya üsulunun yenidən qiymətləndirilməsi də zəruri ola bilər.
Həkimin sözlərinə görə, kontraseptiv üsuldan ilk dəfə istifadə etməzdən əvvəl mütəxəssisə müraciət etmək, tətbiq olunan üsulla bağlı narahatedici yan təsirlər yarandıqda, həmçinin şikayət olmasa belə, illik profilaktik müayinələrdən keçmək vacibdir. Şəxsin həyat şəraitində baş verən dəyişikliklər də kontrasepsiya seçiminin yenidən nəzərdən keçirilməsini tələb edə bilər.
“İlk ginekoloji müayinədən çəkinməyə ehtiyac yoxdur. Müasir tibbi yanaşmalara əsasən, kontraseptiv üsulun müəyyənləşdirilməsi üçün əksər hallarda invaziv pelvik müayinə aparılması vacib deyil. Bu məqam xüsusilə gənc və ya ilk dəfə ginekoloqa müraciət edən pasiyentlərin narahatlığının azalmasına kömək edə bilər.
Hamiləlik planlaşdıran cütlüklərin də əvvəlcədən həkimlə məsləhətləşməsi məqsədəuyğundur. Belə görüş zamanı istifadə olunan kontrasepsiya üsulunun nə vaxt dayandırılmalı olduğu müəyyənləşdirilir və ümumi sağlamlıq vəziyyəti qiymətləndirilir. Doğuşdan sonra isə kontrasepsiyaya yenidən başlanma vaxtı, xüsusilə ana südü ilə qidalanma nəzərə alınmaqla, fərdi şəkildə müəyyən edilməlidir. Bu baxımdan həkim məsləhəti mühüm əhəmiyyət daşıyır”.

