Elm adamları uzun müddətdir bağırsaqla beyin arasındakı əlaqəni, yəni “bağırsaq-beyin oxu”nu araşdırırlar. Bu əlaqədə mühüm rol oynayan vagus siniri həzm sistemi ilə beyin arasında siqnalların ötürülməsini təmin edir.
Aztibb.az xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmada yaşlı siçanların bağırsaq mikrobiotası gənc siçanlara köçürülüb. Nəticədə gənc heyvanlarda yaddaş göstəricilərinin yaşlı siçanlara bənzədiyi müşahidə olunub. Tədqiqatçılar bağırsaq bakteriyalarını antibiotiklərlə aradan qaldırdıqda isə gənc siçanların koqnitiv göstəriciləri yenidən yaxşılaşıb.
Araşdırmaya görə, bağırsaq mikrobiotasında yaşla bağlı dəyişikliklər müəyyən maddələrin, o cümlədən orta zəncirli yağ turşularının artmasına səbəb olur. Bu proses bağırsaqda iltihabı gücləndirərək vagus siniri vasitəsilə ötürülən siqnalları zəiflədə bilər. Nəticədə bağırsaqla beynin yaddaş mərkəzi olan hipokamp arasındakı əlaqə pozulur və yeni məlumatların yadda saxlanması çətinləşir.
Tədqiqatın diqqətçəkən nəticələrindən biri bu prosesin siçanlarda geri çevrilə bilməsidir. Vagus sinirinin stimullaşdırılması və ya GLP-1 reseptor agonistləri adlanan preparatların tətbiqi yaşlı siçanlarda yaddaş göstəricilərini yaxşılaşdırıb.
Alimlər vurğulayırlar ki, nəticələr hələ insanlar üçün müalicə tövsiyəsi demək deyil. Xüsusilə hər hansı probiotik, qida əlavəsi və ya “bağırsaq təmizlənməsi” üsulunun yaddaş itkisini önlədiyinə dair sübut yoxdur.
Bununla belə, araşdırma yaşla bağlı koqnitiv zəifləməyə yeni yanaşma ortaya qoyur. Gələcək müalicələr yalnız beyinə deyil, bağırsaq mikrobiotasının tənzimlənməsinə, iltihabın azaldılmasına və bağırsaq-beyin əlaqəsinin gücləndirilməsinə də yönələ bilər.

