Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum evinə 32 həftəlik hamiləlik diaqnozu ilə ağır vəziyyətdə gətirilən pasiyentə dərhal təxirəsalınmaz tibbi yardım göstərilib.
Aztibb.az xəbər verir ki, müayinələr zamanı pasiyentdə ağır preeklampsiya, HELLP sindromu və ciftin vaxtından əvvəl tam ayrılması kimi həyati təhlükə yaradan fəsadlar aşkarlanıb. Həm ananın, həm də dölün kritik durumu nəzərə alınaraq tibbi heyət tərəfindən təcili keysəriyyə əməliyyatı həyata keçirilib.
Müvəffəqiyyətlə başa çatan əməliyyat nəticəsində çəkisi 1850 qram, boyu 39 sm olan qız uşağı dünyaya gəlib. Yenidoğulmuş körpəyə ilkin zəruri tibbi yardım göstərildikdən sonra ixtisaslaşmış müalicənin davam etdirilməsi məqsədilə operativ şəkildə Bakı şəhərində fəaliyyət göstərən Pediatriya Mərkəzinə təxliyə edilib.
Doğum evində aparılan intensiv reanimasion tədbirlər və kompleks müalicə sayəsində ananın da vəziyyəti tam stabilləşib. Sağlamlığına qovuşan qadın qənaətbəxş vəziyyətdə evə yazılıb.
Bu uğurlu nəticə təcili tibbi yardım, mama-ginekoloq, anestezioloq-reanimatoloq və digər tibb personalının yüksək peşəkarlığı və koordinasiyalı fəaliyyəti sayəsində mümkün olub. Bərdə Rayon Mərkəzi Xəstəxanası pasiyentin həyatının xilası naminə fədakarlıq göstərən bütün tibb əməkdaşlarına təşəkkürünü bildirir.

