Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında anadangəlmə oma-büzdüm nahiyəsinin teratoması diaqnozu ilə qəbul edilən yeni doğulmuş körpə üzərində uğurlu əməliyyat aparılıb.
Bu barədə Aztibb.az-a məlumat verən ATU-nun Tədris Cərrahiyyə Klinikasının Neonatal İntensiv Terapiya Şöbəsinin müdiri Sərxan Elbəyiyevin sözlərinə görə, xəstə klinikaya qəbul edildikdən sonra əməliyyata hazırlıq mərhələsində zəruri müayinələr aparılıb və antibiotik müalicəsinə başlanılıb. Hazırlıqlar tamamlandıqdan sonra körpə əməliyyata göndərilib.
Əməliyyatdan sonra uşağın müvafiq dərman müalicəsi və tibbi müşahidəsi Neonatal intensiv terapiya şöbəsində davam etdirilib. Hazırda körpənin vəziyyəti stabildir. O, süni tənəffüs aparatından ayrılıb, qidalanmasına başlanılıb və tam enteral bəslənməyə keçirilib. Xəstə əməliyyatdan sonrakı dördüncü gün evə yazılıb.
Uşaq Cərrahlığı kafedrasının müdiri, ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahı, professor Ramiz Poluxov bildirib ki, xəstə klinikaya doğum evindən oma-büzdüm nahiyəsinin teratoması diaqnozu ilə daxil olub.
Onun sözlərinə görə, körpədə II tip teratoma aşkarlanıb. Bu tip teratomada törəmənin həm xaricdə görünən hissəsi, həm də oma-büzdüm nahiyəsinin arxasında, çanaq daxilinə doğru yerləşən komponenti olur.
“Neonatal hazırlıqdan sonra xəstəni əməliyyata aldıq. Təqribən 450 qram çəkisində olan teratoma xaric edildi. Hazırda xəstənin vəziyyəti stabildir”, - deyə professor qeyd edib.
Ramiz Poluxovun sözlərinə görə, teratomalar anadangəlmə germ hüceyrəli törəmələrdir və bəzi hallarda bədxassəli dəyişiklik riski daşıya bilər. Buna görə belə xəstələrin erkən diaqnostikası və cərrahi müalicəsi xüsusi əhəmiyyət kəsb edir.
Professor bildirib ki, praktikalarında bu xəstəliklə bağlı çoxsaylı hallarla qarşılaşıblar. Onun sözlərinə görə, bəzi xəstələr doğulduqdan cəmi bir neçə saat sonra əməliyyat olunub və sonrakı müşahidələrdə müsbət nəticələr əldə edilib. Klinikada bu xəstəlik səbəbilə əməliyyat olunan və hazırda uzunmüddətli müşahidədə olan uşaqlar da var.

