Bir aydan uzun davam edən yorğunluq zamanı həkimə müraciət etmək lazımdır
Uzun müddət davam edən yorğunluq sadəcə yuxusuzluq və ya gündəlik stresslə əlaqəli olmaya bilər. Mütəxəssislər xroniki yorğunluğun bəzi hallarda ciddi xəstəliklərin əlaməti ola biləcəyini bildirirlər.
Aztibb.az "Medvestnik"ə istinadən yazır ki, ekspertlərin sözlərinə görə, yorğunluq bir aydan artıq davam edirsə və istirahətə baxmayaraq aradan qalxmırsa, bu vəziyyət diqqətdən kənarda qalmamalıdır və həkimə müraciət edilməlidir.
Xroniki yorğunluğa səbəb ola bilən əsas amillər arasında qanazlığı (anemiya), şəkərli diabet və onkoloji xəstəliklər xüsusi yer tutur. Bu xəstəliklər zamanı orqanizmdə gedən proseslər insanın davamlı halsızlıq və enerji çatışmazlığı hiss etməsinə səbəb ola bilər.
Anemiya zamanı toxumaların kifayət qədər oksigenlə təmin olunmaması yorğunluq, halsızlıq və fiziki gücün azalması ilə nəticələnə bilər. Şəkərli diabetdə isə qanda qlükozanın səviyyəsinin normadan yüksək və ya aşağı olması enerji mübadiləsinə təsir göstərərək davamlı yorğunluğa səbəb ola bilər.
Bəzi onkoloji xəstəliklər də uzun müddət davam edən və səbəbi izah olunmayan halsızlıqla özünü göstərə bilər. Buna görə də xüsusilə digər simptomlarla müşayiət olunan davamlı yorğunluq zamanı səbəbi müəyyənləşdirmək üçün tibbi müayinədən keçmək vacibdir.
Mütəxəssislər bildirirlər ki, yorğunluğun səbəbini yalnız simptomlara əsasən müəyyən etmək mümkün deyil. Dəqiq səbəbin aşkarlanması üçün həkim müayinəsi və zəruri laborator və instrumental müayinələr aparılmalıdır.

