İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin raket atəşinə tutulması nəticəsində ağır xəsarət alan vətəndaşın sağlamlığı məqsədilə növbəti mühüm tibbi mərhələ həyata keçirilib.
Aztibb.az xəbər verir ki, hadisə zamanı sol tərəfli asetabulum (bud-çanaq oynağının çanaq sümüyünə aid hissəsi) sınığı diaqnozu qoyulan pasiyentə ilkin mərhələdə osteosintez əməliyyatı edilmiş, sınıq nahiyəsi metal konstruksiyalarla stabilləşdirilmişdi. Lakin sonrakı dövrdə travmanın ağır nəticəsi kimi xəstədə bud-çanaq oynağının funksiyasını tədricən məhdudlaşdıran posttravmatik koksartroz inkişaf edib.
Azərbaycan Tibb Universitetinin (ATU) Travmatologiya və ortopediya kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının travmatoloq-cərrahı Cəfər Nəsirli bildirib ki, bu patologiya ağır sınıqlardan sonra meydana çıxan ən mürəkkəb fəsadlardan biri hesab olunur:
"Belə ağır klinik hallarda müalicə taktikasına uyğun olaraq iki mərhələli yanaşma tətbiq edilir. Əvvəlcə əvvəlki əməliyyat zamanı yerləşdirilmiş metal implantlar xaric edilir, daha sonra isə deformasiyaya uğramış bud-çanaq oynağının total endoprotezləşdirilməsi həyata keçirilir. Zədələnmiş oynağın süni protezlə əvəzlənməsi pasiyentin hərəkət qabiliyyətinin tam bərpasına və ağrısız həyata qayıtmasına şərait yaradır".
Uğurla icra edilən cərrahi müdaxilədən sonra pasiyentin bərpa və reabilitasiya prosesinə başlanılıb.

