Hər iki əldən eyni dərəcədə istifadə edə bilmək – ambidekstriya adlanır və bu özlüyündə beynə əlavə yük yaratmır, insana zəka, yaddaş və ya məlumatı emal etmə sürətində də avtomatik üstünlük vermir. Bu barədə nevroloq Qalina Çudinskaya bildirib.
Aztibb.az "İzvestiya" nəşrinə istinadən yazır ki, mütəxəssisin sözlərinə görə, ambidekstriya xəstəlik və ya patologiya deyil. Əl üstünlüyü hər insanda fərdi şəkildə formalaşır və beynin inkişaf xüsusiyyətləri, genetika və təcrübə ilə əlaqəlidir.
Həkim qeyd edib ki, ambidekstr insanların tapşırıqlar arasında daha sürətli keçid etdiyi və ya beynin iki yarımkürəsini daim “sinxronlaşdırdığı” fikri elmi cəhətdən təsdiqlənməyib. Araşdırmalar ambidekstriyanın intellekt və məlumat emalı sürətində universal üstünlük yaratdığını göstərmir.
Nevroloq vurğulayıb ki, yorğunluq daha çox görülən işin mürəkkəbliyi və müddəti, yuxunun keyfiyyəti, stress, diqqəti uzun müddət saxlamaq və müxtəlif fəaliyyətlər arasında keçidlə bağlıdır.
Uşaqlarda isə aparıcı əli süni şəkildə dəyişdirmək və ya ambidekstriyanı xüsusi inkişaf etdirməyə çalışmaq tövsiyə edilmir. Uşağın hansı əldən istifadə etməyə üstünlük verdiyini təbii şəkildə formalaşdırmasına imkan vermək lazımdır. Əgər uşaq yazı, oxu, diqqət və ya öyrənmə zamanı ciddi çətinlik çəkirsə, problemi yalnız ambidekstriya ilə əlaqələndirmək deyil, digər mümkün səbəbləri də qiymətləndirmək vacibdir.
Mütəxəssis böyüklərə isə uzunmüddətli iş zamanı fasilələr verməyi, fəaliyyət növlərini növbələşdirməyi, normal yuxu və fiziki aktivliyi qorumağı tövsiyə edib.

