Göz qapağı törəməsinin dəyərləndirilməsi və cərrahi rekonstruksiyası: klinik hal
31.08.2026 13:29

Göz qapaqları göz almasının mexaniki müdafiəsində, göz yaşı təbəqəsinin göz səthində paylanmasında və normal saxlanılmasında mühüm rol oynayır. Buna görə də göz qapağında rastlaşdığımız törəmələrin müalicəsi yalnız şişin tam xaric edilməsini deyil, eyni zamanda qapağın anatomik mövqeyinin, göz almasına düzgün appozisiyasının və qoruyucu funksiyasının mümkün qədər bərpasını tələb edir.

 

Periokulyar törəmələri vaxtında dəyərləndirmək çox önəmlidir. Çünki bu törəmələr bədxassəli olarsa, o zaman residiv verə və müəyyən hallarda regional yayılma potensialına malik ola bilərlər. Bu səbəbdən şübhəli göz qapağı törəmələrinin  erkən tanınması və histopatoloji dəyərləndirilməsi ilə birlikdə adekvat cərrahi müalicəsi vacibdir. Xüsusilə uzun müddət sağalmayan, residivləşən və ya tədricən dəyişən göz qapağı yarası klinisist üçün neoplastik proses ehtimalını düşündürməlidir. Göz qapağı törəmələrinin cərrahi götürülməsi zamanı mütləq diqqətə alacağımız ikinci məqam əməliyyatdan sonrakı dövrdə göz almasını xüsusilə buynuz qişanı zədələyəcək amillərin yaranmamasıdır. Bu səbəbdən, törəmənin radikal götürülməsindən  sonra yaranan defektin ölçüsü və lokalizasiyası rekonstruksiya üsulunun seçilməsini müəyyən edir. Kiçik defektlər birincili bağlana bildiyi halda, daha geniş defektlərdə lokal fleblər, greftlər və ya kombinə olunmuş rekonstruktiv üsullar tələb oluna bilər.

 

Təqdim etdiyimiz klinik halın məqsədi sağ alt göz qapağının törəməsinin radikal eksiziyasından sonra yaranmış defektin “Mustardé” üsulu ilə rekonstruksiyasının klinik nəticəsini nümayiş etdirməkdir.

 

Xəstə (73 yaş qadın) sağ alt göz qapağında təxminən iki il ərzində sağalmayan yara şikayəti ilə müraciət edib. Klinik müayinə zamanı sağ alt göz qapağında patoloji törəmə sahəsi müəyyən olunub (Şəkil 1).

 

Şəkil 1. Sağ alt göz qapağının törəməsinin əməliyyatdan əvvəlki klinik görünüşü

 

Klinik əlamətlər və prosesin uzunmüddətli davam etməsi nəzərə alınaraq cərrahi müalicəyə qərar verilib.

 

Əməliyyat zamanı sağ alt göz qapağının törəməsi radikal şəkildə götürülüb. Onkoloji rezeksiya nəticəsində yaranan göz qapağı defektinin birincili bağlanmasının funksional və anatomik baxımdan optimal olmadığı nəzərə alınaraq “Mustardé” üsulu ilə rekonstruksiya  tətbiq edilib. Bu üsul əməliyyat zamanı flebin düzgün istiqamətləndirilməsi və gərginliyin azaldılması postoperativ alt qapaq retraksiyası və ektropion riskinin minimuma endirilməsi baxımından çox əhəmiyyətlidir.

Eyni zamanda götürülən material histopatoloji müayinəyə göndərilib. Histopatoloji müayinənin nəticəsi yastı hüceyrəli karsinoma diaqnozunu təsdiq edib.

 

Erkən postoperativ dövrdə rekonstruksiya edilmiş alt göz qapağının anatomik vəziyyəti qənaətbəxş olub (Şəkil 2).

Şəkil 2. Törəmənin Radikal rezeksiyası və yaranmış defektin “Mustardé” üsulu ilə rekonstruksiyasından sonrakı erkən postoperativ görünüş.

 

Alt göz qapağının bədxassəli törəmələrinin cərrahi müalicəsində iki prinsip paralel şəkildə nəzərə alınmalıdır: onkoloji radikallıq və funksional rekonstruksiya.Şiş toxumasının adekvat sərhədlərlə xaric edilməsi residiv riskinin azaldılması baxımından əsas məqsəddir. Lakin geniş eksiziya nəticəsində yaranan defekt göz qapağının normal anatomiyasını poza və göz səthinin müdafiəsini zəiflədə bilər. Buna görə rekonstruksiya sadəcə kosmetik deyil, eyni zamanda funksional xarakter daşıyır. Müasir rekonstruktiv yanaşmalarda flebin kifayət qədər mobilizasiyası, gərginliyin azaldılması və lateral periostal fiksasiya kimi prinsiplər alt göz qapağının vertikal retraksiyasının qarşısının alınmasında əhəmiyyətlidir.

 

 

Qurban İsmayılov

ATU-nun Oftalmologiya kafedrasının dosenti, Tədris Cərrahiyyə klinikasının Oftalmologiya şöbəsinin müdiri

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub