Hansı əlamətləri hiss etdikdə endokrinoloqa müraciət etmək vacibdir? - Bu əlamətlərə diqqət!
26.08.2026 12:47

Orqanizmdə hormonal dəyişikliklər bəzən uzun müddət özünü müxtəlif və bir-birindən fərqli əlamətlərlə göstərə bilər. Çəki dəyişikliklərindən tutmuş davamlı yorğunluq, ürəkdöyünmə və qan şəkərinin yüksəlməsinə qədər bir sıra simptomlar endokrin sistemdə yaranan problemlərlə əlaqəli ola bilər.

Aztibb.az xəbər verir ki, endokrinoloq Nigar Eminovanın sözlərinə görə, bəzi əlamətlər xüsusilə diqqətli olmağı və mütəxəssis müayinəsinə müraciət etməyi tələb edir.

“Endokrinoloqa müraciət üçün ən vacib xəbərdaredici əlamətlərdən biri səbəbsiz çəki artımı və ya sürətli arıqlamadır. İnsan nə qədər çalışsa da arıqlaya bilmirsə, xüsusilə qarın nahiyəsində piylənmə artırsa, bunun səbəbi araşdırılmalıdır”, – deyə həkim bildirib.

Mütəxəssis qeyd edib ki, həddindən artıq susuzluq və tez-tez sidiyə getmə də diqqətdən kənarda qalmamalıdır. Bu əlamətlər xüsusilə səbəbsiz arıqlama ilə birlikdə müşahidə olunursa, diabet baxımından müayinə aparılması vacibdir.

Daimi yorğunluq, halsızlıq və yuxululuq da endokrin problemlərin əlaməti ola bilər. Bununla yanaşı, ürəkdöyünmə, əllərdə titrəmə və səbəbsiz tərləmə qalxanabənzər vəzin həddindən artıq fəaliyyətinin göstəriciləri ilə əlaqəli ola bilər. Əksinə, tez-tez üşümə, yuxululuq, dəri quruluğu, qəbizlik və çəki artımı qalxanabənzər vəzin fəaliyyətinin zəifləməsi zamanı müşahidə edilə bilər.

Nigar Eminova boyunda şişkinlik və ya yeni yaranmış düyün hiss edildikdə də müayinənin gecikdirilməməsini tövsiyə edib. Saçların güclü tökülməsi, dəri və saçda nəzərəçarpacaq dəyişikliklər, sızanaqların artması və tüklənmənin çoxalması da hormonal pozuntuların araşdırılmasını tələb edə bilər.

Qadınlarda menstruasiya pozğunluğu, menopauza əlamətlərinin kəskinləşməsi və digər nəzərəçarpan hormonal dəyişikliklər də endokrinoloqa müraciət üçün səbəbdir. Eyni zamanda yaraların gec sağalması və təkrarlanan infeksiyalar qan şəkərinin yüksəlməsi ilə əlaqəli ola bilər.

Həkim vurğulayıb ki, yalnız simptomlar deyil, laborator analizlərdə aşkar olunan dəyişikliklər də mühüm göstəricidir. Qan şəkərinin, HbA1c-nin, TSH və digər hormonların normadan kənara çıxması əlavə qiymətləndirmə üçün endokrinoloqa müraciət etməyə əsas verə bilər.

“Əgər ailədə diabet və ya qalxanabənzər vəz xəstəlikləri varsa, şəxsin riskinin qiymətləndirilməsi də vacibdir. Xüsusilə susuzluq, tez-tez sidiyə getmə və səbəbsiz arıqlama birlikdə müşahidə olunursa və ya boyunda yeni yaranmış düyün və şişkinlik hiss edilirsə, həkim müayinəsini gecikdirmək olmaz”, – deyə Nigar Eminova bildirib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub